Polad Bülbüloğlu MDB ölkələrinin mədəniyyət festivalında Azərbaycanın zəngin mədəniyyətindən danışıb
2143
09 Dec 2023 | 23:59

Polad Bülbüloğlu MDB ölkələrinin mədəniyyət festivalında Azərbaycanın zəngin mədəniyyətindən danışıb

Moskvada "Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin mədəniyyətlər ulduzu” festivalının açılışı olub.

Festival MDB ölkələri xalqlarının milli mədəni irsinə və adət-ənənələrinə həsr olunub.

Festival çərçivəsində Azərbaycanın və Rusiyanın əməkdar rəssamı Əsgər Məmmədovun əsərlərindən ibarət sərgi keçirilib.

Festivalın proqramına bədii və sənədli filmlər, musiqi konsertləri, milli sənətkarlıq üzrə ustad dərsləri, şeir qiraətləri, rəsm sərgiləri, UNESCO tərəfindən qorunan mədəni irs obyektləri haqqında mühazirə daxildir.

Festival çərçivəsində xüsusi tədbir isə yazıçı Çingiz Aytmatovun 95 illik yubileyinə həsr olunmuş ədəbi-musiqili gecədir.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu festivalın açılışında çıxış edərək qeyd edib ki, Azərbaycan qədim zamanlardan öz zəngin mədəni ənənələri ilə məşhur olub və dünya xalqlarının xəzinəsində layiqli yer tutur.

“Azərbaycan xalqının tarixinin çətin dövrlərində belə öz mədəni özünəməxsusluğunu qoruyub saxlaması, bütövlükdə mədəniyyətə daim qayğı ilə yanaşması ölkəmizin dövlətçiliyinin formalaşmasında və möhkəmlənməsində müstəsna rol oynamışdır. Bu siyasət bu il yüz illiyi qeyd olunan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlət quruculuğu fəlsəfəsinin əsasını təşkil edib”, - deyə səfir bildirib.

Diplomat vurğulayıb ki, bu ənənələr əsasında Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkənin müasir mədəniyyət siyasətinin konseptual bazası yaradılır, mədəni irsin, incəsənətin və ədəbiyyatın qorunması sahəsində dövlət proqramları həyata keçirilir.

"Ölkəmizin işğaldan azad edilmiş ərazilərindəki tarix və mədəniyyət abidələrinin bərpası bağlı proqramlar həyata keçirilir. Bakı mədəniyyətlərarası dialoq platformasına çevrilir, buna misal olaraq Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən "Bakı Prosesi”ni göstərmək olar, hansı ki, onun çərçivəsində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilir. Mədəni dəyərlərin qorunması və təbliği üzrə milli və beynəlxalq layihələrin formalaşdırılması və həyata keçirilməsində Heydər Əliyev Fondunun və Fondun Rusiyada fəaliyyət göstərən nümayəndəliyinin mühüm rolunu qeyd etmək lazımdır”, - deyə P.Bülbüloğlu vurğulayıb.

O xatırladıb ki, Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə mədəni dəyərlərin qorunub saxlanılması və təbliği, mədəni irs abidələrinin bərpası istiqamətində milli və beynəlxalq layihələr həyata keçirilir. Bu layihələt təkcə Azərbaycanda deyil, bir sıra başqa ölkələrdə də həyata keçirilir".

Çıxışının sonunda səfir Polad Bülbüloğlu Səməd Vurğunun “Azərbaycan” şeirini oxuyub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər