Sülh müqaviləsi Qərbdə imzalanacaq? – 2 liderdən Paşinyana xəbərdarlıq: “Pis məsləhətçilərdən qaç!..”
Siyasət
3066
21 Nov 2023 | 14:26

Sülh müqaviləsi Qərbdə imzalanacaq? – 2 liderdən Paşinyana xəbərdarlıq: “Pis məsləhətçilərdən qaç!..”

Dildə “sülh” deyib gerçəkdə sülhü əngəlləmək üçün üç ildir əlindən gələni edən Ermənistan rəhbərliyinin qlobal güc mərkəzləri arasında riskli oyunu davam edir. Axır vaxtlar isə İrəvan aşkarcasına Rusiya orbitindən uzaqlaşmaq kursu götürmüş kimi görünür.

Hə halda, faktdır ki, baş nazir Nikol Paşinyan və komanda üzvləri son bir neçə ay ərzində ard-arda MDB, KTMT və MDB Təhlükəsizlik Şurası katiblərinin toplantılarından imtina ediblər. Hərçənd Ermənistan həmin qurumların, eləcə də Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqının üzvü olaraq qalır. Üstəgəl, rus hərbi bazaları hələ də kapitulyant ölkənin ərazisindədir, onun Türkiyə və İranla sərhədlərini rus əsgərləri qoruyur.

İrəvanın Qərbə artan “platonik” sevgisi və reveranslarında əsas hədəfi şübhəsiz, Azərbaycanla özünə sərfəli sülh müqaviləsinə nail olmaqdır. Bundan ötrü o, özəlliklə Fransa və ABŞ-ın hesabına həm hərbi cəhətcə güclənib danışıq masası arxasında daha güvənli status qazanmağa ümid edir, həm də yenə kollektiv Qərbin vasitəsilə Azərbaycan permanent təzyiqlər edib Bakını zəif duruma salmağa çalışır...

“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi Qərbdə imzalanacaq”.

Belə bir iddianı Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komissiyasının sədr müavini Armen Xaçatryan irəli sürüb.

“Hraparak” qəzetinə müsahibəsində onun bu xüsusda gətirtdiyi “arqument” tipik ermənisayağıdır: “Ermənistan 9 noyabr səhvini (10 noyabr 2020 kapitulyasiya sənədi nəzərdə tutulur – red.) təkrarlamayacaq. Məqsədimiz odur ki, sülh müqaviləsi imzalanandan sonra konkret zəmanətlər olsun ki, hər hansı pozuntu baş verərsə, biz hansı beynəlxalq mexanizmlərdən istifadə edəcəyimizi bilək. Rusiyanın bütün zəmanətləri noyabrın 9-dan sonra yoxa çıxdı. Ermənistan bu səhvi ikinci dəfə təkrar etməyəcək”.

Xaçatryana görə, sülh sazişi bir sıra Qərb ölkələrinin zəmanəti ilə bağlanacaq. “Azərbaycan da bunu yaxşı başa düşdüyü üçün həmin zəmanətlərin qarşısını almaq üçün hər şeyi edir”, - erməni deputat sayıqlayıb.

Problem isə əlbəttə ki, zəmanətlərdə deyil. Azərbaycan üçün sülh müqaviləsinin harda, hansı şəhərdə və ya sarayda imzalanması yox, sənədin məzmunu önəmlidir. Bu bir A 4 formatlı kağıza sığacaq yığcam mətn də ola bilər, yetər ki, iki ölkə arasında düşmənçiliyi qapatmaq gücündə olsun. O da o halda mümkündür ki, müqavilə məhz rəsmi Bakının 5 məlum baza prinsipi əsasında bağlansın və orada Qarabağın “Q”-sı belə olmasın. Yaxud bir “Q” olacaqsa, başqa bir “Q” (Qərbi Zəngəzur) da olacaq...

Əfsus ki, rəsmi İrəvanın xəyalındakı sülh müqaviləsi fərqlidir və bunu Qərbdəki havadarları hesabına Bakıya sırıya biləcəyini zənn edir. Təsadüfi deyil ki, ötən həftə ATƏT PA-nın İrəvan sessiyasındakı çıxışı zamanı Nikol Paşinyan “Bakı və İrəvan sülhlə bağlı fərqli diplomatik dillərdə danışır” söyləyib.

Erməni tərəfin hansı dildə danışdığını bilmirik, ancaq Azərbaycan tərtəmiz beynəlxalq hüququn dilində öz mövqeyini izhar edib və edir. 5 prinsip buna bariz sübutdur. Ona görə də Nikol və komandası zəhmət çəkib Bakının “dili”ni öyrənsin. Nə qədər tez öyrənsə, bir o qədər özü və xalqı uduşda olar. Başqa yol(u) yox. Başqa yol olmayacaq...

Yeri gəlmişkən, dünən Azərbaycan Prezidenti İlham Əliyev kapitulyant tərəfi bir daha xam xəyallar və revanşist arzularla yaşamamağa, Fransa başda olmaqla Qərbdəki “pis məsləhətçilərə” qulaq asmamağa və tarixi şansı düzgün dəyərləndirməyə, eyni zamanda tələsməyə çağırıb.

“Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır. Əslində indi Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər. Bizə heç bir müharibə lazım deyil. Biz öz ərazimizdə vuruşurduq və ədaləti, beynəlxalq hüquqi bərqərar etdik. Lakin Ermənistan hökuməti və siyasi isteblişmenti qisas haqqında düşünür. Fransa hökumətindən gələn yanlış mesajlar Ermənistan hökumətində və ola bilsin ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır... Ermənistan yeni bir müharibəyə başlamaq qərarı versə, bu, ona kömək etməyəcək. Nəticə eyni olacaq. Heç kəs onlara kömək etməyəcək. Üç il bundan əvvəl Fransa onlara kömək etdi? Xeyr. İki ay bundan əvvəl onlara kömək etdi? Xeyr. Onlar burada nə edə bilərlər. Heç nə”, - Prezident xəbərdarlıq edib.

Eyni gündə Türkiyə lideri Ərdoğan da İrəvana səslənib, Paşinyan hökumətini ağıllı olmağa, tarixi fürsəti qaçırmamağa çağırıb.

Sitat: “Qafqazda yeni oyunların arxasından gedənləri görürük. Qərbin bəzi qüvvələri Qarabağ müharibəsi ilə bölgədə artıq yeni bir dövrün başladığını hələ də dərk edə bilmir. İllərlə Ermənistanı təxribata çəkərək bu coğrafiyada yaşayan bütün insanların əziyyətləri, çətinlikləri və qarşıdurmaları üzərindən özlərinə xeyir güdənlər əslində ən böyük zərəri ermənilərə verdilər. Həyata keçirilməsi mümkün olmayan xam xəyalları ortaya atıb erməniləri istismar və istifadə edərək, etibarsızlığa məhkum etdilər. Bu həqiqətləri artıq Ermənistanın da görməsi və qəbul etməsi zəruridir. Erməni xalqı və rəhbərlərinin təhlükəsizliyi minlərlə kilometr uzaqda deyil, qonşuları ilə sülhdə və əməkdaşlıqda axtarması daha doğru olacaq. Qərb ölkələri tərəfindən göndərilən heç bir silah-sursat qalıcı sülh mühitinin gətirəcəyi dincliyin yerini tuta bilməz. Bir daha Ermənistanı azərbaycanlı qardaşlarımızın uzatdığı sülh əlini tutmağa çağırırıq”.

Başqa nə cür, hansı anlaşıqlı dildə deyilməlidir, görəsən.

Əlbəttə, ermənilərin ən böyük bəlası üzləşdikləri faciələrə görə günahı həmişə özgələrdə axtarmalarıdır. Onların xəstə düşüncəsinə əsasən başlarına pis nə gəlirsə, hamı günahkardır, özlərindən savayı! Odur ki, bu toplum nəhayət, özünə qayıtmağı, səhvləri boynuna almağı, gözündəki “tiri” götürməyi bacarmalıdır. Heç vaxt reallaşmayacaq sərsəm iddia və miflərdən, revanşist ovqatdan təcili qurtulmalıdır. Əks təqdirdə sülh müqaviləsi ona yalnız müvəqqəti yardımçı olacaq, bəla-müsibətləri bitməyəcək, adam dilini yox, silah dilini anlayacaqlar... /Musavat.com/

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər