Siyasət
3860
25 Sep 2023 | 20:44

"Azərbaycan dövlət suverenliyini bərpa edib"

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev "Xalq Cəbhəsi.az" saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
 
- Qüdrət bəy, 19-20 sentyabr tarixində Qarabağda keçirilmiş antiterror tədbirindən sonra yaranmış vəziyyət barədə fikirlərinizi bilmək istərdik...
 
- Xalqımız son iki yüz ildə öz tarixinin ən uğurlu dövrlərindən birini yaşayır. Prezident 2023-cü ili Heydər Əliyev ili elan edəndə söyləmişdim ki, onun xatirəsinə ən böyük töhfə Qarabağ üzərində suverenliyimizin bərpası ola bilər. Çox şadam ki, bu baş verdi, təkcə Heydər Əliyevin yox, xalqımızın dünyasını dəyişmiş böyük oğullarının hamısının, şəhidlərimizin ruhu şad oldu. Buna görə Ali Baş Komandana , Azərbaycan Silahlı Qüvvələrinə, Qələbəyə kömək etmiş hər kəsə minnətdarıq. Dünyada vicdanlı, beynəlxalq hüquqa hörmət edən hər kəs başa düşür ki, Azərbyacan öz ərazi bütövlüyünü bərpa etməyə çalışır və buna hörmətlə yanaşır. Təəssüf ki, Qərbin bəzi siyasi liderləri və mediası baş verənlər barədə öz açıqlamaları və şərhləri ilə həmin coğrafiyada islamafobiyanın nə qədər güclü olduğunu nümayiş etdirirlər. Bizə nifrət onlara imkan vermir ki, öz açıqlamaları ilə özlərini necə ifşa etdiklərini başa düşsünlər. Məsələn , Rusiyanı ittiham edirlər ki, o , Ukraynada seperatizmi dəstəkləyir, eyni canfışanlıqla bu dəfə Rusiyanı ona görə tənqid edirlər ki, Qarabağdakı seperatçı silahlı dəstələrin tərksilah olunmasına niyə imkan verib. Onların əsl sifətini xalqımız bir daha görür. Onu da qeyd edim ki, əleyhimizə nə qədər danışsalar da bizimlə əməkdaşlığa məhkumdurlar. Daxilimizdə isə Qərbin "pet"ləri (türkcə - sevimlililəri) qələbəmizə sevinmək əvəzinə kədərə batıblar, Azərbaycanı Rusiyanın "tapşırığı" ilə hərəkət etməkdə suçlayırlar. Bu nadanlar qanmırlar ki, əgər onların dedikləri kimidirsə , kaş ki, onların sahibləri də Azərbaycana - get torpaqlarını azad et , deyərdi. Bu gün Rusiya rəsmilərinin Ermənistanın daxilində gərginlik yaratmağa hesablanan keçmişlə bağlı çıxışları bizi narahat etməməlidir. Məncə "pet"lər bunu yaxşı başa düşür, amma çalışırlar özləri sevinmədikləri kimi insanlarımızı da qorxudub ürəkdən sevinmələrinə imkan verməsinlər.
 
- Bu gün Qərb mediası gecə-gündüz, dayanmadan Qarabağdan köçən bir neçə min erməninin etnik təmizləmə siyasətinə məruz qalmasından yazır , danışır...
 
- Yaxşı olar ki, bizim diplomatlar beynəlxalq hüququn bizim tərəfimizdə olmasını qeyd etdikləri ki, ermənilərin işğalçılıq siyasətindən, bizə münasibətdə soyqırım cinayəti törətməsindən, etnik təmizləmə siyasəti həyata keçirməsindən, on illərlə bir milyon insanımızın yeraltı qazmalarda, vaqonlarda , çadır düşərgələrində,qəzalı yataqxanalarda, müxtəlif binalarda necə acınacaqlı həyat sürməsindən , onların cüzi bir qisminin öz yurdlarına qayıtmasından danışsın. Onların da şəkilləri beynəlxalq tribunalardan nümayiş etdirilsin. Mediamız, xüsusilə televiziyalarımız fasiləsiz olaraq 1980-ci illərin sonu 90-cı illərin əvvələrində Ermənistandan və Qarabağdan soydaşlarımızın necə qovulmasını əks etdirən kadrları nümayiş etdirsin və müqayisə etsin bu gün Qarabağdan Ermənistana köçənlərlə. Biz onlara getmələri üçün necə şərait yaradırıq, amma onlar qarlı, şaxtalı havada bizim insanları necə ayaqyalın qovurdu, öldürürdü, körpəyə, qocaya, qadına aman vermirdi. Bu gün də kütləvi məzarlıqların yerini demirlər, 4 minə qədər insanımızın taleyindən xəbər yoxdur. Biz dünyaya təkcə haqlı olmağımızı yox, həm də düşmənlərimizin nə qədər vəhşi və riyakar olduğunu nümayiş etdirməliyik. Xocalı qurbanlarının xatirəsinə Xocalıda abidə tikməyə başlamalı , növbəti il onların xatirəsini Xocalıda anmağa hazırlaşmalıyıq.
 
- Ermənistanda Paşinyanı devirsələr Rusiyanın münaqişəyə münasibəti dəyişə bilərmi?
 
- Bu ehtimal sıfıra yaxındı. Qatar gedib, Azərbaycan dövlət suverenliyini bərpa edib. Rusiya Azərbaycana münasibətdə ədalətli mövqeni yalnız Paşinyanın hakimiyyətdən devrilməsinə görə sərgiləmir. Ona türk dövlətlərinin təsiri var. Ermənistanın Qarabağda torpaqlarımızı necə işğal etdiyini , işğalda öz günahlarını , bizim haqlı olduğumuzu çox gözəl bilir. Rusiyanın Türkiyə və Azərbaycanla dostluq və əməkdaşlıq etməsi daha sərfəlidir, nəinki işğalı dəstəkləməsi. Əgər Ermənistanda çevriliş baş tutsa , Paşinyan qorxusundan bunu etməsə də, yeni rəhbərlik bizimlə sülh sazişi imzlayacaq , Zəngəzur dəhlizi açılacaq və Ermənistan 3+3 formatında region dövlətləri ilə əməkdaşlıq edəcək."Böyük Ermənistan" arzularının puç olmasının i günahını isə Paşinyanın boynuna qoyacaqlar, vəssəlam!Dəyişiklik o olacaq ki, Ermənistan yenidən Rusiyanın orbitinə qayıdacaq.
Link kopyalandı!
Son xəbərlər