3290
25 Sep 2023 | 18:02

"Fransa Qarabağdakı antiterror tədbirlərini həzm edə bilmir" - RƏY

“Azərbaycanın Qarabağda antiterror tədbirləri həyata keçirməsi və bunun nəticəsində bütün qanunsuz erməni hərbi birləşmələrin təslim olması dünyadakı ermənipərəst dairələri narahat edir. Onlar dövlətimizin Qarabağ üzərində suverenliyini təmin etməsini həzm edə bilmir. Xüsusilə, Fransa daha çox “narahatdır”.

Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, son proseslər zamanı Fransa Xarici İşlər Nazirliyinin bəyanatı, eləcə də bu ölkənin BMT Təhlükəsizlik Şurasının iclasını çağırması da buna sübutdur: "Bu günlərdə isə Fransa Prezidenti Emmanuel Makron yerli televiziyalara müsahibəsində Azərbaycana qarşı əsassız iddialar səsləndirərək növbəti dəfə “erməni sevgisi” nümayiş etdirib. Makronun dövlətimizin 44 günlük müharibədə öz torpaqlarını erməni işğalından azad etməsini “Azərbaycanın 2020-ci ilin payız-qışında dəhşətli şərtlər altında ələ keçirdiyi region”, “azlıqların, xüsusilə də orada yaşayan xristianların, bu torpaqda yaşayan erməni mənşəli əhalinin hüquqları tamamilə pozulub” kimi fikirləri tamamilə qəbulolunmazdır".

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın 20 faiz ərazisinin ermənilər tərəfindən işğal edilməsi BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə təsdiqlənib. Dövlətimiz 44 günlük müharibədə məhz beynəlxalq müstəvidə tanınan ərazilərini BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq azad edib. Belə olan halda, Fransa Prezidenti hansı əsasla bu fikirləri səsləndirir? Bu, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə hörmətsizlikdir. ATƏT-in Minsk qrupunun həmsədri olmuş Fransa qurumun fəaliyyəti dövründə davamlı şəkildə ermənipərəst mövqeyi ilə, həmsədr ölkə mandatının prinsiplərini pozaraq işğalçı Ermənistana hərtərəfli dəstək verib.

Fatma Yıldırım qeyd edib ki, Vətən müharibəsi zamanı Fransa Prezidenti Emmanuel Makron hərbi əməliyyatların dayandırılması, Azərbaycana qarşı mənfi beynəlxalq rəy formalaşdırılması və cəza tədbirləri həyata keçirilməsi məqsədilə ciddi “səylər” göstərib. Təbii ki, Fransanın anti-Azərbaycan və Ermənistanı müdafiə etmək mövqeyi heç bir nəticə vermədi. Azərbaycan işğal altında olan torpaqları azad edərək heç bir qüvvənin tarixi ədalətin bərpa olunmasına maneə törətmək gücündə olmadığını bütün dünyaya göstərdi. Fransa Türkiyənin Azərbaycana olan siyasi dəstəyini də həzm edə bilmir və bu qardaşlığın, dostluğun səyləri nəticəsində əldə etdiyimiz qələbə, eyni zamanda, Türkiyənin bölgədə nüfuzunun artması təbii olaraq onu ciddi narahat edir.

“Fransa Prezidenti müsahibəsində Qarabağ ermənilərinin guya humanitar böhranla üzləşdiyini, Ermənistanın ərazi bütövlüyü üçün “təhlükə” yarandığını iddia edir. Əslində isə Makron bu cür mövqeyi ilə Fransanın regionumuza müdaxilə etməsinə çalışır ki, bu da yolverilməzdir. Artıq Qarabağda qayda-qanun yaradılması prosesi gedir, dövlətimiz erməni sakinlərin Azərbaycan qanunları çərçivəsində bütün hüquqlarla təmin olunacağını bəyan edib. Həmçinin, ölkəmiz Cənubi Qafqazda sülh və əməkdaşlığın yaradılması təşəbbüsləri ilə çıxış edir. Fransa kimi ölkələr isə öz maraqları naminə bölgədə gərginliyin davam etməsinə çalışır. Bütün bunların fonunda Makronun Azərbaycana qarşı iddialarının heç bir əsası yoxdur”, - deyə millət vəkili vurğulayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər