Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının yeni müdafiə naziri ordu generalı Yaşar Gülərə təbrik məktubu göndərib.
Azərbaycanın Müdafiə Nazirliyindən verilən məlumata görə, məktubda deyilir:
"Cənab Yaşar Gülər, Sizi qardaş Türkiyə Respublikasının milli müdafiə naziri təyin edilməyiniz münasibəti ilə öz adımdan və Azərbaycan Ordusunun şəxsi heyəti adından səmimi qəlbdən təbrik edirəm.
Siz Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olarkən də Azərbaycan Ordusunun təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsinə dəstəyinizi əsirgəməmisiniz.
Əminəm ki, Türkiyə Respublikasının milli müdafiə naziri olduğunuz müddətdə də birgə fəaliyyətimiz yüksək səviyyədə davam edəcək.
Azərbaycan və Türkiyə orduları arasında əməkdaşlığın daha da inkişafına və güclənməsi istiqamətində atılan addımlara böyük töhfələr verəcəksiniz.
Sizi bir daha öz adımdan və Azərbaycan Ordusunun şəxsi heyəti adından səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətinizdə böyük uğurlar arzulayıram".