Türkiyə 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Ermənistanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. Ermənistanın müstəqilliyinin ilk dövrlərində Türkiyə Qars və Gümrü arasında dəmir yolunu açıb və hər iki ölkənin hökumətləri arasında diplomatik münasibətlərin qurulması üçün qeyri-rəsmi təmaslar baş tutub. Lakin 1993-cü ildə Azərbaycanın Kəlbəcər rayonunun işğalından sonra Ermənistanın təcavüzkar siyasətinə etiraz edən Türkiyə bu ölkə ilə birtərəfli qaydada dövlət sərhədlərini bağlayıb.
Azərbaycanın 2020-ci ilin 44 günlük Vətən müharibəsindəki tarixi qələbəsindən sonra regionda yaratdığı yeni reallıqlar fonunda Türkiyə və Ermənistan arasında sərhədlərin açılması və münasibətlərin normallaşması mövzusu gündəmə gətirilib. Bu məqsədlə Türkiyə və Ermənistan tərəfindən xüsusi nümayəndələr təyin olunub. Ölkə rəsmiləri danışıqların birinci raundunu 2022-ci ilin yanvarında Moskvada, daha sonra Vyanada keçirdiblər. Hər iki tərəf nəqliyyat əlaqələrinin iqtisadi dividentlər və daha çox sabitlik gətirəcəyi gözlənilən regional inteqrasiyaya yol açacaq normallaşmada maraqlı olduqlarını bəyan ediblər.
Son olaraq rəsmi İrəvanın Kahramanmaraş zəlzələsində çətin günlər yaşayan Türkiyəyə “dostluq əlini” uzatması, humanitar yardım üçün 30 ildir bağlı qalan sərhədlərin müvəqqəti açılması iki ölkə arasında münasibətlərin normallaşmasının sürətlənəcəyinə ümidləri artırıb. Lakin Türkiyədə zəlzələ fəlakətinin nəticələrinin aradan qaldırılması prosesi və qarşıdan gələn prezident seçkiləri səbəbindən sərhədlərin açılması hələlik aktual deyil. Çox güman ki, Ermənistan və Türkiyə arasında danışqıların növbəti raundu 14 may seçkilərindən sonra baş tutacaq. Əlbəttə, seçkini hansı namizədin qazanması da bu işdə böyük rol oynayacaq. Yeni iqtidar komandasının Ermənistana münasibətdə hansı mövqedən çıxış edəcəyi sual altındadır. Bununla belə, normallaşma prosesinin davam etdiriləcəyi istisna olunmur.
Maraqlıdır, seçkidən sonra Ermənistan-Türkiyə sərhədləri açılacaqmı, yoxsa mövcud durğunluq hələ uzun müddət davam edəcək?
Türkiyə Böyük Millət Məclisinin (BMTT) AKP-dən olan deputatı Şamil Ayrım bildirib ki, Türkiyə tərəfi normallaşma prosesi çərçivəsində keçirilən görüşlərdə Azərbaycanla razılaşdırılmış addımlar atıb.
“Bildirim ki, Azərbaycan və Ermənistan arasında sərhəd problemləri həll olunmadan normallaşma məqsədilə keçirilən görüşlər nəticə verməyəcək.Amerikadakı keçmiş səfirimiz Sərdar Kılıç çox təcrübəli diplomatdır, onların görüşlərində iş sərhədlərin açılmasına qədər gəlmişdi. Amma Azərbaycan və Ermənistan arasında sülh razılaşması olmadığı təqdirdə proses davam etməyəcək. 2010-cı ildə Ermənistan və Türkiyə arasında normallaşma prosesində Azərbaycan məyus olmuşdu. Amma Azərbaycanın yenidən məyus olmasını istəmirik, Prezidentin də təlimatı bu istiqamətdədir. Türkiyənin əsas tələbləri Zəngəzur dəhlizi və sülh müqaviləsidir. Ermənistan bunları qəbul etdikdən sonra Türkiyə hər hansı addım ata bilər. Azərbaycanı çətin vəziyyətdə qoyacaq addım atmarıq”, - deyə AKP təmsilçisi ölkəsinin Ermənistanla bağlı mövqeyini açıqlayıb.(modern.az)