Azərbaycanın qələbəsini həzm edə bilmir.İran Azərbaycan torpaqlarını 30 il işğalda saxlayan, minlərlə vətəndaşını qətl edən, soyqırım cinayətləri törədən, tarixi, milli, mədəni abidələrini dağıdan, məscidlərində donuz saxlayan Ermənistana qucaq açır, amma İsraildə səfirlik açmağımıza görə narahat olur. Özünü İslam aləminin “qoruyucusu”, hüquqları pozulan müsəlmanların “xilaskarı” kimi təqdim etməyə çalışır. Azərbaycanın İsraildə səfirlik açmasını İslam dünyasının mənafeyinə zidd hərəkət kimi təqdim edərək, bəyanat verir. Bütün bunlar da onun ikiüzlülyünü göstərir.
Bu fikirləri Ana Vətən Partiyası sədrinin müavini, politoloq Yalçın Hacızadə söyləyib.
Politoloqun fikrincə, Azərbaycan müstəqil dövlətdir, hansı ölkədə səfirlik açmasını özü qərar verir. Belə məsələlər dövlət daxili qanunvericilik və 1961-ci il Vyana razılaşmasına görə tənzimlənir. İran Azərbaycanın tarixi torpağı olan Zəngəzurda yarıtikili binada özünə konsulluq açaraq, Ermənistana dəstəyini göstərir. Amma Azərbaycan İsraildə səfirlik açanda İranın yadına İslam həmrəyliyi düşür. İranin bu hərəkəti beynəlxalq hüquqi baxımdan da pozuntudur, çünki başqa bir dövlətin daxili işlərinə müdaxilədir.
Azərbaycan İsraillə müttəfikdir və bir çox sahələr üzrə yüksək səviyyəli əlaqələrimiz var. Çox əvvəldən orda səfirlik açmaq imkanlarımız varkən, İsrail İran gərginliyində, İranla olan qonşuluq münasibətlərimizi üstün tutaraq bu addımı atmamışıq. Amma İran bütün münasibətləri pozaraq, regionda yaranmış yeni vəziyyəti qəbul etməyəcəyini açıq aydın bildirərək Ermənistanı bizə qarşı təxribata sövq edir. Bütün bunların fonunda da Azərbaycan öz müttəfiki olan İsraillə münasibətlərini daha da inkişaf etdirmək istəməsi çox normal haldı. İran özü Azərbaycanla gərginlik yolunu seçib. Bilməlidir ki, Azərbaycanın əlində daha çox ona qarşı təsir etmək imkanları var.
Ermənistan regionun kiçik və zəif ölkəsidi. İran Ermənistana dəstək verməklə Azərbaycana təsir etmək istəyir. Halbuki, İranın rəqibləri dünyanın supergücü ABŞ, hərbi və ya digər sahələrdə yüksək texnologiyaya malik olan İsraildi. Həmin ölkələr Azərbaycanla əlaqələrin inkişafında maraqlıdırlar. İran anlamalıdır ki, o Ermənistanla əlaqələrini inkişaf etdirməyə çalışdığı kimi Azərbaycan da ABŞ və İsraillə əlaqələrini daha da üst səviyyə çıxara bilər.
Y. Hacızadə əlavə edib ki, İran parlamentinin bəyanatının heç bir hüquqi əsası və təsiri olmayacaq. Səfirliyin açılmasının Fələstin xalqının hüquqlarının və mənafeyinin pozulması, İslam dünyasına xəyanət kimi təqdim etməsi absurt yanaşmadır. İsrail Azərbaycan münasibətləri yüksək səviyyədə olsa da, rəsmi Bakı Fələstin xalqına da dəstəyini hər zaman nümayiş etdirib. Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısı 2018-ci ildə Bakıda keçirilib. Həmin toplantıda Prezident İlham Əliyev qeyd edib ki, “ Azərbaycan Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirir, dəstəyini əsirgəmir. Bu toplantıya Azərbaycanın ev sahibliyi etməsi bunun bariz nümunəsidir”. Eyni zamanda 2017-ci ilin dekabr ayında İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısında da Prezident İlham Əliyev iştirak etmişdi. Dövlət başçısının iştirakı Azərbaycanın Fələstinə göstərdiyi dəstək və İslam həmrəyliyinə sadiqlikdir. Bu iştirak Fələstin Dövlətinin rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilmişdi. Keçən ildə Azərbaycan Fələstin diplomatik münasibətlərinin qurulmasının 30 illiyi qeyd olunub və Azərbaycan Respublikasının Fələstin Dövlətində Təmsilçilik Ofisinin təsis edilməsi haqqında Qanun qəbul edilib. “Yəni bütün bunlar onu göstərir ki, Azərbaycan İsrail münasibətlərinin inkişaf etməsi İranın göstərməyə çalışdığı kimi Fələstinə qarşı deyil. Bizim Fələstinlə də münasibətlərimiz yüksəlir” –deyə politoloq Y. Hacızadə vurğulayıb.