Kremlin “desantı” xəstəlik adı ilə “dabanına tüpürüb” Qarabağdan aradan çıxıb; inteqrasiyanın alternativi qalmadı!
Aprelin 5-də Laçın yolunda yaşanan insident, azərbaycanlı həkimlərin halı pisləşmiş Qarabağ ermənilərinə heç bir tərəddüd eləmədən, hətta Xankəndiyə kimi gedərək tibbi yardımı davam etdirməsi maraqlı bir detalı üzə çıxardı: bunu Şuşa modul tipli xəstəxanasının həkimi Vilad Əliyevin dilindən eşitdik - həkim demişdi ki, ermənilərlə Azərbaycan dilində danışıb.
O, Xankəndinə daxil olanda sevinc hissi keçirdiklərini, özlərinə qarşı heç bir aqressiv davranış görmədiklərini də söyləyib.
Bu fakt bir daha radikal separatçı ünsürlərin, erməni faşistlərin Qarabağdakı ermənilərin Azərbaycana inteqrasiyasının, ümumiyyətlə iki xalqın birgə yaşayışının qeyri-mümkünlüyü barədə irqçi və ksenofobik iddiasını puça çıxarır. Yeri gəlmişkən, hazırda erməni icmasında radikalların mövqeyi əvvəlkitək güclü deyil. Erməni oliqarx-dələduz Ruben Vardanyan özünün son müsahibələrinin birində bunu etiraf edir.
“Mənim üçün çətin suallardan biri artsax elitasının niyə özünüqoruma instinktinin olmamasıdır. Çünki həqiqətən də belə ağır böhran şəraitində uğur üçün yeganə şans bütün xırda çəkişmələri, daxildəki bütün inciklikləri və ziddiyyətləri unudub xarici düşmənə qarşı vahid güc olmaq üçün birləşməkdir. Təəssüf ki, bu, burada işləmir”, - deyə o, məyusluqla bildirib. “Bəlkə ona görə belədir ki, bu, 35 ildir davam edir və insanlarda vərdiş, yorğunluq yaranıb. Bəlkə də ona görə ki, hər kəs öz-özünə fikirləşir ki, məsələni birtəhər özü yoluna qoymaq imkanına malikdir. Hansı ki, illüziyadır. Mən dərindən əminəm ki, bu, bizim hamımızın ağır böhrandan yalnız birlikdə çıxa biləcəyimizi dərk etmək üçün olan bir çağırışdır”, - Kremlin “tulası” vurğulayıb.
Maraqlıdır ki, məhz bu müsahibədən az sonra Vardanyanın Qarabağdan qaçdığı bildirilir. Bu barədə erməni bloger Roman Baqdasaryan məlumat yayıb.
“Vardanyan Qarabağ xalqını toplayıb və toplaşanlara deyib ki, guya səhhətində ölümcül problemlər var və Qarabağı tərk etməlidir. Vida gecəsinin ertəsi günü isə Vardanyan Qarabağı tərk etdi. Bu, həmin Ruben Vardanyandır ki, son aylar Qarabağ uğrunda ölməyə belə hazır olduğunu daim təkrarlayırdı. Və göz qabağındadır ki, Vardanyanın səhhətində yaranan problemə görə getməsinin səbəbləri sadəcə kiçik bir hiylədir. O, hansısa yolla özünə haqq qazandırmağa çalışmalı idi”, - bloqqer öz Facebook səhifəsində yazıb.
Bu qaçış gözlənilən idi. Çünki artıq Qarabağda vardanyanların görəcəyi bir iş qalmayıb. İndi meydan dialoq, barışıq tərəfdarlarına verilməlidir.
Bundan sonrakı proseslər necə təsəvvür edilir, Bakının dialoq təkliflərinə nəhayət, adekvat münasibət olacaqmı? Vardanyan qaçdı, meydan kimə qalır? Rubendən sonra sıra kimdə?
Bu arada “Hraparak” erməni qəzeti “Xankəndinin Azərbaycana təhvil verilməsi prosesinin başladığını” yazıb. Nəşr Azərbaycanın təcili tibbi yardım maşınının Xankəndiyə daxil olması, erməni xəstələrin azərbaycanlı həkimlər tərəfindən şəhərə aparılması hadisəsini məhz belə qiymətləndirib.
“Artıq Xankəndidə şəhərin Azərbaycana təhvil verilməsi haqda danışırlar. Qarabağdakı ermənilər şəhərin küçələrində Rusiya sülhməramlılarının müşayiəti ilə Azərbaycanın təcili yardım maşınını görür və bu, onun psixoloji olaraq vəziyyəti qəbul etməsi ilə nəticələnir. Onlar düşünürlər ki, hətta ruslar da onları müdafiə etmir, Ermənistan müdafiə etmir, Qərb ölkələri də onlara əhəmiyyət vermir. Buna görə də Azərbaycanın qarşısında heç nə edə bilməyəcəklər. Bu o deməkdir ki, inteqrasiya prosesi başlayıb və Rusiya da bu prosesdə Azərbaycandan yanadır”, - qəzet qeyd edib. Məqalədə həmçinin bildirilir ki, Qarabağdakı ermənilər Xankəndi küçələrində Azərbaycan nömrəli avtomobilləri görməyə “öyrəşdirilir”: “İstisna deyil ki, bu, inteqrasiya prosesinin bir hissəsidir: mərhələ-mərhələ, addım addım irəliləyirlər”.(müsavat.com)