Azərbaycan və Qazaxıstan arasında hər bir sahədə münasibətlərin yüksək səviyyədə olması və əlaqələrin müsbət dinamikası həm Orta Asiya, həmçinin Cənubi Qafqaz regionunun maraqlarına cavab verir.
Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev Azərbaycan-Qazaxıstan münasibətlərinə həsr olunmuş dəyirmi masa zamanı çıxışında deyib.
"Şübhəsiz ki, Qazaxıstan dünyanın iqtisadi səhnəsində özünəməxsus rolu olan bir ölkədir və bu səbəbdən də ölkələrimiz arasındakı münasibətlərin inkişafı hər iki dövlətin maraqlarına cavab verir. Azərbaycan və Qazaxıstan arasında tranzit sahəsində əlaqələrə toxunmaq istəyirəm. Bu əlaqələrin inkişaf etdirilməsi Asiya ilə Avropa arasında körpü rolu oynayır. Şübhəsiz ki, həm Azərbaycan, həm də Qazaxıstan liderlərinin qarşılıqlı səfərləri ikitərəfli münasibətlərin inkişafına böyük dəstək və təkan verir", - Fərid Şəfiyev bildirib.
O, Azərbaycan və Qazaxıstanın bir-birinə dəstək verdiyini bildirib.
"Biz hər zaman qazax qardaşlarımızı ölkəmizdə görməyə şadıq. Mərkəzi Asiyada həyata keçirilən layihələrdə qardaş Qazaxıstanın yanındayıq. Həmçinin onu da qeyd edim ki, Qazaxıstanın müxtəlif qurumları tərəfindən ölkəmizə göstərilən dəstəyi görürük. Dövlətimiz və xalqımız bunu yüksək qiymətləndirir. Hər iki ölkənin böyük enerji potensialı var. Şübhəsiz ki, ölkələrimizin bu sahədə əməkdaşlığı da dünyanın iqtisadi xəritəsində böyük əhəmiyyətə malikdir. Bu səbəbdən də Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişaf etdirilməsi, həmçinin yerləşdiyimiz regionların inkişafında öz sözünü deyir", - BMTM rəhbəri vurğulayıb.