9 oktyabr Prezident seçkilərində YAP Gəncə şəhər Təşkilatı tərəfindən müəyyənləşdirilmiş, şəhərdə fəaliyyət göstərən 4 seçki dairəsi və 107 seçki məntəqəsi üzrə müşahidəçilərlə növbəti treninq keçirildi. Tədbirdə YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, şəhər Təşkilatının sədr müavinləri-AMEA-nın Gəncə Bölməsinin direktoru, akademik Fuad Əliyev, ADAU-nun rektoru, professor İbrahim Cəfərov, hüquqşünas Abdulla İsgəndərov iştirak etmişlər.
Şəhər Təşkilatının sədri Naqif Həmzəyev çıxış edərək bildirmişdir ki, ölkəmizdə, eləcə də qədim mədəniyyət mərkəzi Gəncə şəhərində Prezident seçkiləri ərəfəsi mövcud vəziyyət çox yüksək əhval-ruhiyyə ilə müşahidə olunur. Ölkə başçısı cənab İlham Əliyevin sərəncamları ilə respublika əhalisinin bütün təbəqələrinin sosial müdafiəsini gücləndirmək üçün əməkhaqlarının, təqaüdlərin, müavinətlərin artırılması hər birimizin daha firavan həyatımızı şərtləndirmiş, parlaq gələcəyimizə böyük inam yaratmışdır. Bir neçə gün bundan əvvəl şəhərimizdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 41-ci Komitə iclasının keçirilməsi, MDB Parlamentlərarası Assambleyası Şurası ekspert qrupunun Gəncəyə gəlməsi, onların seçki dairələrində, seçki məntəqələrində, YAP Gəncə şəhər Təşkilatında, bir sıra siyasi partiyaların seçki qərargahlarında olması, seçkilərin şəffaf və demokratik şəkildə keçirilməsi üçün hazırlıq işləri ilə yaxından tanış olmaları şəhərimizin tarixində əlamətdar hadisələrdən olmuşdur. Gəncənin dünya miqyasında cəlbedici məkana çevrilməsi hər birimiz üçün son dərəcə qürurverici məqam olmaqla, məsuliyyətimizi qat-qat artırır.
Şəhər Təşkilatının sədri diqqətə çatdırdı ki, mühüm siyasi kampaniya olan 9 oktyabr 2013-cü il Prezident seçkilərində ulu öndər Heydər Əliyevin bizə əmanət qoyub getdiyi və onun siyasi kursunun cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi müstəqil Azərbaycanın müqəddəratı həll olunur. Bu baxımdan bütün seçicilərin oktyabrın 9-da Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, seçki məntəqələrinə gələrək səs verməsi vacibdir.
Gəncə şəhərində fəaliyyət göstərən seçki dairələrində, seçki məntəqələrində seçkilərin şəffaf və demokratik şəkildə keçirilməsini şəhər Təşkilatı tərəfindən müəyyənləşdirilmiş, 107 müşahidəçi izləyəcəkdir. Müşahidəçiləri müəyyənləşdirərkən seçki təcrübəsi olan və xarici dil bilən gənclərə üstünlük verilmişdir. Məqsədimiz bu seçki ilə yanaşı gələcəkdə də keçiriləcək seçkilər üçün müşahidəçilik institutunun formalaşdırmaq və gəncləşdirməkdir. Əminik ki, indiyədək keçirilən bütün seçkiləri qələbə ilə başa vuran Yeni Azərbaycan Partiyası hər bir üzvünün fəallığı sayəsində 9 oktyabr 2013-cü ildə keçiriləcək Prezident seçkilərində də uğur qazanacaqdır.
Şəhər Təşkilatının sədr müavinləri Fuad Əliyev, İbrahim Cəfərov, hüquqşünas Abdulla İsgəndərov Azərbaycan Respublikasında keçirilən seçkilərdə yerli müşahidənin aparılması qaydaları, müşahidəçilərin hüquq və vəzifələri haqqında ətraflı məlumat vermişlər.
Qeyd olunmuşdur ki, Prezident seçkilərinə hazırlıqla əlaqədar olaraq bu cür treninqlər davam etdiriləcəkdir. Geniş diskussiya şəraitində keçən treninqdə müşahidəçilər onları maraqlandıran məsələləri birgə müzakirə etmişlər.
Sonda müşahidəçilərə müvafiq sənədlər təqdim olunmuşdur.
Moderator.az