Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Suriya böhranı ilə bağlı yaydığı müraciət böyük ictimai marağa səbəb oldu. Belə ki, əksər müşahidəçilər QMİ sədri Hacı Allahşükür Paşazadənin Suriya ilə bağlı mövqeyinin mövqeyi ilə üst-üstə düşdüyünü və rəsmi Bakının bu məsələdəki mövqeyinə zidd olduğunu bildirirlər.
Milli Məclisin Müdafiə və Təhlükəsizlik Məsələləri Komitəsinin üzvü Zahid Oruc qəzetimizə açıqlamasında bildirib ki, Hacı Allahşükür Paşazadənin mövqeyi nəinki İranın, yaxud hansısa ölkənin dini dairələri ilə, hətta başqa dövlətlərin siyasi və ictimai qüvvələrinin baxışları ilə oxşar görünə bilər: “Burada qəribə bir şey yoxdur. Çünki Suriyada başlayacaq genişmiqyaslı hərbi əməliyyatların böyük dağıntılara səbəb olacağı, iqtisadi və humanitar fəlakət gətirəcəyini söyləmək üçün peşəkar diplomat olmağa bir ehtiyac yoxdur. Hətta ən qatı Əsəd əleyhdarları da regionu post-müharibə dövründən sonra bərpa etməyə on illər lazım gələcəyini deyirlər. Biz hələ nöqtəvi zərbələrdən və kaset bombaların altında qırılacaq on minlərlə mülki insandan danışmırıq. Hər halda İraq səhnəsi ortadadır. Əsədin malik olduğu silah arsenalı onunla fərqli dildə danışmağı tələb edir. Ona görə bizim dəqiq siyasi xəttimiz var. Heç kəs Azərbaycanı dini idarəni Şeyxə verməkdə və bununla da siyasi xəttini gizlətməkdə qınaya bilməz. Şeyx səlahiyyətlərini aşmayıb və dövlət maraqlarını zədələməyib. Yaxın Şərqdəki durum bizdən ikinci dünya müharibəsində İngiltərənin və ya Türkiyənin tutduğu mövqeni tələb edir. Qlobal savaşda əzilməmək üçün diqqətli və ehtiyatlı olmalıyıq”.
Pərviz