Bərdədən Moderator.az-a narazılıq dolu məktub daxil olub. Şikayətçilər taxıl biçinin qızğın vaxtı olsa da rayonda kombayn çatışmazlığı üzündən çox ciddi problem yaşandığını, min bir zəhmət və xərclə yetişdirdikləri məhsulun zəmilərdə məhv olduğunu bildirirlər. Şikayətçilər iddia edir ki, rayonda kombayn çatışmazlığı azmış kimi Qərb bölgəsindən, xüsusən də Şəmkir, Qazax, Tovuz rayonundan olan və Rusiyada yaşayan varlı sahibkarlar Bərdədəki işlək kombaynları hər hektarın biçilməsinə görə artıq pul ödəməyə hazır olduqları adıyla aparmağa nail olublar.
Moderator.az saytı Bərdədən olan deputat Zahid Orucla əlaqə saxlayaraq yerli fermerlərin narahatlıqlarını çatdırıb. Millət vəkili də məsələdən xəbərdar olduğunu, doğrudan da ona da çoxsaylı müraciətlər edildiyini bildirib. Zahid Oruc problemlə bağlı Kənd Təsərrüfatı Nazirliyiylə əlaqə saxladığını bildirib. Nazirlikdən də deputata fermerlərin problemindən hali olduqlarını bildiriblər, gerçəkdən də Bərdədə ciddi kombayn çatışmazlığı olduğu etiraf edilib.
Maraqlıdır, görəsən, hökumətin nəzərlərində Regionların İnkişafı Dövlət Proqramı dedikdə yalnız rayon mərkəzlərinin abadlaşdırılması, binaların fasadlarının, yol kənarlarının görkəminin dəyişdirilməsi başa düşülür? Bir halda ki, kənd əhalisinin gözünü dikdiyi son ümid yeri olan məhsulu zəmilərdə qalırsa, sonradan onu münasib qiymətə sataraq ehtiyaclarını ödəməyə, aldığı borcları qaytarmağa çətinlik çəkirsə, regionların inkişafından danışmağa dəyərmi? Mİlyarder ölkə kombayn qıtlığı çəkərmi? Düşünürük ki, Kənd Təsərrüfatı Nazirliyi problemi hökumət qarşısında ciddi şəkildə qaldıraraq heç olmasa növbəti mövsümdə fermerləri əsasız qayğılardan xilas edə biləcək.