6666
19 Aug 2018 | 14:11

"Xalqımızın mövqeyi Rusiyaya bəlli olsa da, şimal ayısı tutduğunu buraxmaq istəmir"

Yenə KTMT! Ancaq bu dəfəki təqdimatın qəribəliyi cəmiyyətin böyük bir bölümünün səbrini daşırdı. Ölkə daxilində baş qaldıran içtimai rezonans və həyacanlı müzakirələr göstərdi ki, bu hərbi-siyasi bloka Azərbaycanın qoşulması mümkün deyil. İşğalçı Ermənistanla eyni hərbi blokda təmsil olunmaq umumiyyətlə,  yolverilməzdir.  Azərbaycan xalqının mövqeyi  Rusiyaya bəlli olsa da, şimal ayısı tutduğunu buraxmaq istəmir. Maraqlıdır ki, Rusiya məxsus planın gerçəkləşməsinə xidmət edən cağırışların səsi bu dəfə Azərbaycanın öz içindən eşidilməyə başladı. Təhlükəlisi bax burasıdır. Məsuliyyət yükü ağır olan bu cür bəyanatın birdən-birə ortaya atılmasının ciddi səbəbləri olmamış deyil. Göründüyü kimi, bu gün 
 KTMT- nin möhkəmlənməsi,  böyüməsi və onun güc mərkəzinə çevrilməsi Rusiya üçün əhəmiyyətli dərəcədə strateji anlam daşıyır. Ona görə də Azərbaycanın KTMT-də təmsilçiliyi Rusiyaya hava-su kimi lazımdır.
   
SSRİ-nin süqutundan sonra vaxtı itirmək Kremlə qətiyyən sərf etmirdi. Baltikyanı ölkələrin  əldən çıxması Rusiyanı digər müstəqil dövlətlər üzərində nəzarəti gücləndirməyə sövq edirdi.
 İmperialist siyasəti heç cür zəiflətmək olmazdı. Odur ki, yeni birlikləri hərəkətə gətirməklə müstəqil dövlətləri özünə yaxınlaşdırmaq yox, daha çox özünə bağlamaq siyasəti  yürüdülməyə  başlanıldı. KTMT-nin, eləcə də Avrasiya İttifaqının yaradılması ideyası da məhz  uzağı hədəfləyən bu strateji siyasətin real nəticəsi kimi anlaşılmalıdır.  Digər yandan Gürcüstan hadisələrinin tarixi dərsləri, təkrar olunma təhlükəsi Moskvanın Cənubi Qafqaz siyasətində  prioritetliyini xeyli artırdı.  
    
Müttəfiqlərin Qərbə meyillənə biləcək şübhəsi Rusiyanı həmişə qorxu içərisində saxlayıb. Yuxuya haram qatmaqdansa "dostlar" arasında etibar qazanmağa çalışılmalı idi. Əvəzində daxili siyasi təkəbbür, böyük qardaşlıq istəyi Rusiyanı müalicəsi çətin olan "xəstəliyə"  yuvarlatdı. Belə vəziyyətdə tərəfdaşlardan hansısa  biri ilə ən xırda məsələləri  bölüşmək ehtiyacı özünə yer aldı. Rusiya Qazaxıstan üzərində dayandı.
     
Şəxsi müşahidələrimə görə, Rusiyanın regional siyasi-iqtisadi maraqlarının və niyyətlərinin qorunmasında Qazaxıstanın dəstəyi ilk təşəbbüsçülər sırasında dayanır. Təbii ki, digər müstəqil dövlətlərin strateji əməkdaşlıq planlarına verdikləri töhfələri də istisna edə bilmərik. Ancaq proseslərə dərindən baxdıqda KTMT və Avrasiya İttifaqı kimi qurumlarının təşkili işindən tutmuş digər zəruri məsələlərin müzakirəsinədək hər iki ölkənin - Rusiyanın və Qazaxıstanın başlanğıc nöqtədən birgə fəaliyyəti, bərabər addımlaması daha qabarıq nəzərə çarpmışdır. Region dövlətlərinin bir sıra önəmli toplantılarının Qazaxıstan paytaxtında keçirilməsinə pərdəarxası dayaq verən ölkələr sırasında Rusiyanın dayandığını hiss etmək üçün böyük fərasət tələb olunmur. Bu məsələlərdə təsaduflər rol oynamır. Başqa bir fakt. Səhv etmirəmsə, 2012-ci ilin payızında Ermənistan silahlı qüvvərinin atəşkəs rejimini pozması nəticəsində bütün cəbhəboyu təmas xəttində gərgin vəziyyət yaranmısdı. Ordumuzun cavabı  sərt oldu. Düşmən ağır itkilər verərək geri çəkildi. KTMT-nin indiki baş katibi general Xaçaturov həmin vaxt Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi idi. Azərbaycanın əleyhinə ilk açıqlama da Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının o zamankı baş katibi tərəfindən gəldi. Açıqlamada kəskin notlar az deyildi. Baş katib Bordjua Azərbaycana xatırladırdı ki,  üzv ölkələrdən birinə müdaxilə edildiyi halda təşkilatın onu mufafiə etmək öhdəliyi vardır. Bu, açıqdan-açığa hədə idi. Lakin üzv ölkələrdən biri demədi ki, günah Azərbaycanda deyil, atəşkəsi pozan Ermənistandı. Bu yaxınlarda Mingəçevir su elektrik anbarını partlatmaq bəyanatı ilə çıxış edən sərsəm generalın KTMT-yə heç dəxli yox imiş?! Təşkilatın səsini eşitmədik. Susdular.Yoxsa uzv dövlətlər başqa ölkələri təhdid etməkdə azad hesab olunurlar? Azərbaycanı hara sürükləyirik? MDB-ki birliyin Dağlıq Qarabağ problemin həllinə "bəxş etdiyi töhfələr" göz qabağındadır. KTMT-nın hansısa dəyişiklik edəcəyinə yalnız sadəlövhləri inandırmaq mümkündür.

Eldar Sabiroğlu, 
Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəhbəri, 
ehtiyyatda olan polkovnik
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər