Qışın gəlişi ilə qripə yoluxma sayı artmağa başlayır. Xüsusilə qızdırma, boğaz ağrısı, öskürək, halsızlıq kimi şikayətlərlə insanların səhiyyə müəssisələrinə müraciətləri çoxalır. Bəs, bu infeksiyalardan qorunmaq üçün hansı tədbirlər görülməlidir?
Moderator.az xəbər verir ki, tənəffüs yolu infeksiyaları ən çox payız və qış mövsümlərində baş verir.
Mərmərə Universiteti Pendik Təhsil və Araşdırma Xəstəxanasının həkimi Zeynəb Mərcancı bildirib ki, bunun səbəblərindən biri burun selikli qişasının rütubətlə quruması və insanın yuxarı tənəffüs yolu infeksiyalarına səbəb olan viruslara daha həssas olmasıdır.
Bundan əlavə, havalar soyuduqca qapalı məkanlarda daha çox vaxt keçirilir, bu da virusların daha asan yayılmasına imkanlar yaradır.
Üst tənəffüs yolu infeksiyalarına səbəb olan virusların əlamətləri oxşar olsa da, bəzi yollarla fərqləndirilə biləcəyini söyləyən Doktor Mərcancı:
“Qrip yüksək hərarət, şiddətli əzələ ağrıları, halsızlıq, baş ağrısı və quru öskürəklə özünü göstərir. Bu simptomlar adətən birdən başlayır. Xüsusilə şiddətli yorğunluq hissi qrip üçün olduqca xarakterikdir”.
Mərcancı qeyd edib ki, boğazda qaşınma və ya udma çətinliyi yuxarı tənəffüs yolu infeksiyalarında ən çox görülən şikayətlərdən biridir.
Xəstəliyə yoluxanlar sırasında yaşlılar çoxluq təşkil edir. Bunun səbəbi immun sisteminin nisbətən zəif olmasıdır. Azyaşlı uşaqlar da risk qrupları arasındadır. Uşaqların immunitet sistemi inkişaf etmədiyi üçün infeksiyalara daha həssasdırlar.
Zeynəb Mercancı digər risk qruplarına da toxunub:
“Asma, ürək xəstəliyi, şəkərli diabet, böyrək çatışmazlığı və ağciyər xəstəlikləri kimi xroniki xəstəlikləri olan insanlar, hamilə qadınlar, xərçəng müalicəsi alanlar kimi immun sistemi zəif olanlar və orqan transplantasiyası xəstələri də infeksiyaya yoluxma riski altındadır”.
İnfeksiyalardan qorunmaq mümkündürmü?
Zeynəb Mərcancı bu dövrdə infeksiya riskinin azaldılması üçün şəxsi gigiyena tədbirlərinə diqqət yetirməyin, sıxlıq olan yerlərdən mümkün qədər uzaq durmağın və peyvənd kimi qoruyucu üsulların tətbiqinin vacib olduğunu vurğulayıb:
“Xüsusilə mövsümi qripə qarşı peyvənd olunmaq, gigiyena qaydalarına uyğun olaraq əlləri tez-tez yumaq, insanların sıx olduğu yerlərdə maskadan istifadə etmək, yaxın təmasdan qaçmaq, yaxşı yemək, kifayət qədər dincəlmək çox vacibdir". /Teleqraf.com/