Uşaqlar niyə şəkərə tutulur - genetika, yoxsa...
Sağlamlıq
1115
04 Dec 2024 | 10:10

Uşaqlar niyə şəkərə tutulur - genetika, yoxsa...

Həkimlər izah edir: “Çəkisi artıq olan hər uşaqda diabet olacaq demək yanlışdır”
 
Son vaxtlar statistik göstəricilərinin dünyada ciddi narahatlıq doğurduğu xəstəliklərdən biri də şəkərli diabetdir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda bu xəstəlikdən əziyyət çəkənlərin sayı 900 milyona çatıb.
 
Azərbaycan Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ildə şəkər xəstələrinin sayı 415 679 nəfərə çatıb. Təkcə bu il 29645 nəfərdə şəkər diaqnozu qoyulub. Qeyd edək ki, 2010-cu ildə Azərbaycanda şəkər xəstələrinin ümumi sayı 120 min nəfər olub. Göründüyü kimi, son 14 ildə bu göstərici 3 dəfəyə yaxın artıb.
 
Təəssüf ki, şəkərli diabetdən əziyyət çəkənlər sırasında uşaqlar da var. Bakı şəhəri üzrə 1300-ə yaxın uşaq diabet xəstəliyi səbəbindən Respublika Endokrinoloji Mərkəzində qeydiyyata alınıb. Respublika Endokrinoloji Mərkəzin direktoru Nərmin İsmayılova media nümayəndələrinə verdiyi açıqlamada qeyd edib ki, ümumi ölkə üzrə 2 min 500 uşaq şəkərli diabetdən əziyyət çəkir: “Qeydiyyatda olan uşaqlara hər gün insulin inyeksiya edilir. Bu il TƏBİB-in və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə uşaqlar davamlı qlükoza monitorinq cihazı ilə təmin olunub”.
 
Maraqlıdır, bu xəstəlikdən niyə böyüklərlə yanaşı, uşaqlar da əziyyət çəkir?
 
Bakı şəhəri üzrə 1300-ə yaxın uşaq diabet xəstəliyi səbəbindən Respublika Endokrinoloji Mərkəzində qeydiyyata alınıb. Respublika Endokrinoloji Mərkəzin direktoru Nərmin İsmayılova media nümayəndələrinə verdiyi açıqlamada qeyd edib ki, ümumi ölkə üzrə 2 min 500 uşaq şəkərli diabetdən əziyyət çəkir: “Qeydiyyatda olan uşaqlara hər gün insulin inyeksiya edilir. Bu il TƏBİB-in və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə uşaqlar davamlı qlükoza monitorinq cihazı ilə təmin olunub”.
 
 
Tibb Universitetinin əməkdaşı, uşaq endokrinoloqu Ləman Sultanova mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Uşaqlarda olan şəkərli diabet 1-ci tip diabetdir. 1-ci tip diabetin yaranmasında genetik meyllilik rol oynayır, yəni müəyyən genlərin həssaslığı rol oynayır. Amma bu heç də o demək deyil ki, yalnız ata-anada diabet olan uşaqlarda bu xəstəlik olur. Bəzi uşaqlarda meyllilik olur, müəyyən bir provokativ faktorlardan sonra bu xəstəlik özünü büruzə verir”. 
 
Həkim qeyd edir ki, 1-ci tip şəkərli diabetin yaranması birbaşa qidalanma ilə əlaqəli deyil: “2-ci tip diabet isə qidalanma, artıq çəki ilə əlaqədar ola bilər. İnsulin dirənci formalaşır. Ümumilikdə isə şəkərli diabetin patonegezində qidalanmanın rolu yoxdur”. 
 
Müsahibimiz “valideynlər nələrə diqqət etməlidir” sualına belə cavab verib: “Valideynlər uşaqların yuxu rejimi, qidalanmasına diqqət etməlidirlər. Amma onlar bunu heç zaman təyin edə bilmir ki, "uşağımda diabet olacaq, bunun qarşısını alım". Söhbət 1-ci tip diabetdən gedir, 1-ci tip diabet insulindən asılıdır. 1-ci tip diabetdə bəzi gen qrupları var ki, həmin genlər uşaqlarda olur. Bu uşaqlarda diabetə meyllilik olur. Müəyyən provokativ faktorlardan sonra bu uşaqlarda diabet formalaşa bilər. Autoimmun xəstəlikdir. Bunun fonunda bəzi antikorlar meydana çıxa bilər. Həmin antikorlar mədəaltı vəzini zədələyir. Zədələnmiş mədəaltı vəzi artıq insulin ifraz edə bilmir. Bu uşaqlarda hər hansı stress faktordan sonra da meydana çıxa bilər. Ailələr çox vaxt deyir ki, uşaq qorxdu, meydana gəldi. Amma bu o demək deyil ki, hər qorxan uşaqda diabet olacaq. Qısaca, uşaqlarda bir genetik meyllilik olur, yəni o demək deyil ki, ata-anada var. Sadəcə, uşaqların genlərində bu meyllilik olur və bu formada müəyyən müddətdən sonra diabet formalaşa bilir".  
 
Xarici mütəxəssislərin də mövzu ilə bağlı fikirləri diqqət çəkir. Qeyd edilir ki, uşaqlar arasında şəkərli diabetin (diabet mellitus) yaranmasının səbəbləri çoxşaxəlidir və əsasən genetik və ətraf mühit faktorlarının təsiri ilə bağlıdır. 1-ci tip şəkərli diabetə daha çox uşaqlarda və gənclərdə rast gəlinir. Onun yaranmasına aşağıdakı amillər təsir edir: genetik faktorlar; valideynlərdən və ya yaxın qohumlardan keçə bilən genetik meyillilik; xüsusilə HLA (human leukocyte antigen) genlərində müəyyən variasiyalar diabet riskini artırır.
 
Autoimmun proseslər: 1-ci tip şəkərli diabetdə uşağın immun sistemi səhvən mədəaltı vəzinin insulin ifraz edən beta hüceyrələrinə hücum edir. Bu, autoimmun xəstəlikdir və genetik olaraq meylli uşaqlarda daha çox baş verir. Ətraf mühit faktorları: Virus infeksiyaları (məsələn, qızılca, rotavirus, ya da Coxsackie virusları) immun sistemin aktivləşməsinə səbəb olaraq diabet riskini artıra bilər.
 
Qısa müddətli ana südü ilə bəslənmə və ya süni qidaların erkən istifadəsi də bəzi hallarda risk faktoru ola bilər.
 
2-ci tip şəkərli diabet isə əvvəllər daha çox böyüklərdə rast gəlinirdi, lakin uşaqlar arasında piylənmə artdıqca bu tip də yayılmağa başlayıb. Genetik faktorlar: Əgər valideynlərdən birində və ya hər ikisində 2-ci tip diabet varsa, uşağın da bu xəstəliyə tutulma ehtimalı artır. Etnik mənsubiyyət də rol oynayır (məsələn, Asiya, Afrika və ya ispan mənşəli insanlar arasında risk daha yüksəkdir).
 
Həyat tərzi faktorları böyük rol oynayır. Piylənmə: Çoxlu yağ toxuması bədənin insulinə olan həssaslığını azaldır. Fiziki aktivliyin azlığı- oturaq həyat tərzi uşaqlarda insulin müqavimətinə səbəb ola bilər. Qidalanma- şəkər və yüksək kalorili qidaların çox istifadəsi risk faktoru yaradır.
 
Stress- xroniki stress bədənin hormon balansını pozaraq diabetə şərait yarada bilər.
 
Eyni zamanda  əgər ana hamiləlik zamanı diabetdən əziyyət çəkibsə, uşağın da risk altında olma ehtimalı artır. Bəzi hallarda, steroidlərin uzunmüddətli istifadəsi də diabetə səbəb ola bilər.
 
Nəticə etibarilə demək olar ki, uşaqlarda şəkərli diabetin yaranmasına həm genetik, həm də mühit və həyat tərzi faktorları təsir edir. 1-ci tip diabet daha çox genetik və autoimmun proseslərdən qaynaqlanır, 2-ci tip isə ətraf mühit faktorları ilə sıx əlaqəlidir. Buna görə də, uşaqların sağlam qidalanması, fiziki aktivliyinin təmin olunması və risk faktorlarının idarə olunması böyük əhəmiyyət daşıyır. Uşaqlarda hər hansı diabet əlamətləri (tez-tez sidiyə çıxma, susuzluq, arıqlama, halsızlıq) müşahidə edilərsə, dərhal həkimə müraciət edilməlidir.
Link kopyalandı!
Son xəbərlər