Azərbaycanda həkim çatışmazlığı - xaricə üz tutanlar niyə çoxalıb?
2072
29 Jul 2023 | 14:28

Azərbaycanda həkim çatışmazlığı - xaricə üz tutanlar niyə çoxalıb?

Zülfüqar Yusifov: “Həkimlərimizin xarici ölkələrdə çalışması yaxşı haldır, lakin... ”

 

Azərbaycanda həkim-epidemioloq ştatlarının yarısının vakant olduğu üzə çıxıb. Bu, Hesablama Palatasının 2023-cü il üçün İş Planına əsasən Azərbaycan Respublikasında uşaqların yoluxucu xəstəliklərə qarşı immunoprofilaktikası sahəsində həyata keçirilən fəaliyyətin auditi zamanı üzə çıxıb.

Qeyd edilib ki, Bakı şəhərinin rayonları və ölkə üzrə immunoprofilaktika fəaliyyətinə cəlb edilən tibb müəssisələri və sahə həkim-pediatrlarının sayı əhali sayına qeyri-mütənasib paylanıb, “Pediatriya” və “Yoluxucu xəstəliklər” ixtisasları üzrə kadr təyinatları əsasən Bakı şəhərinin müəssisələri üzrə həyata keçirilib. Eləcə də, ölkə üzrə 74 Gigiyena və Epidemiologiya Mərkəzində (GEM) ştat cədvəli üzrə 144 həkim-epidemioloq ştatından təxminən yarısı vakant olub. Aparılan sorğularda bu meylin həm də əmək haqqı səviyyəsi ilə əlaqəli olmasının qeyd edilməsini də diqqətə alsaq, ştat sayına yenidən baxılması və ya bu vakant yerlərin tutulması məqsədilə zəruri tədbirlərin həyata keçirilməsi vacibliyini qeyd etmək imkanı verir.

Qeyd edək ki, digər sahələr üzrə də xüsusilə bölgələrdə həkim çatışmazlığı var.

Bunun fonunda xeyli azərbaycanlı həkimin xarici ölkələrdə işləməyə getməsinə dair də statistika artır. Bu yaxınlarda bəlli olmuşdu ki, son illər ərzində 1500-dən çox həkim çalışmaq üçün Avropaya yollanıb. Hansı ki, onların əksəri çox savadlı doktorlardır.

Azərbaycanda həkim qıtlığı yaranırmı? Səbəb nədir? Onları xaricə aparan səbəblər nədir?

“Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:

“Əvvəla qeyd edim ki, həkim çatışmazlığı məsələsi bütün ölkələrdə özünü göstərir və bununla bağlı müxtəlif administrativ tədbirlər həyata keçirilir. Məsələn, qardaş Türkiyədə universiteti bitirib, ixtisas aldıqdan sonra həkimlər məcburi olaraq, bir neçə il perefiriyaya işləməyə göndərilir. Bu da perefiriyada həm həkim çatışmazlığını aradan qaldırır, həm də həkimlərin bir qismi sonradan oradakı həyata alışır, ailə qurur elə orada işlərinə davam edirlər.

O ki qaldı həkimlərimizin xaricə getməsinə, hesab edirəm ki, prinsipcə burada qeyri-adi bir şey yoxdur. Çünki həmişə tibdə həm həkim, həm pasiyent yanaşmalarında mərkəzə qaçma var. İnsanlar adətən kənddən rayon mərkəzinə, rayondan şəhərə, şəhərdən digər ölkələrə müalicəyə getməyə meyilli olurlar, o cümlədən də həkimlər də daha nüfuzlu universitetlərdə, yerlərdə, iqtisadi təmin olunmuş böyük ölkələrdə işləməyə meyilli ola bilərlər. Həmçinin, həkimlərimizin gedib Avropa, Amerikanın bir sıra şəhərlərində çalışa bilməsi ölkəmizin adına müsbət imic gətirən məqamlardandır. Çünki həm diasporun inkişafı, həm ölkənin tanınması baxımından, elm adamlarının orada olması yaxşı haldır".

Medicina.az - Zülfüqar Yusifov - MD, FİPP, CİPS, TTT, İnvaziv ağrı  mütəxəssisi, fleboloq

Zülfüqar Yusifov

Zülfüqar Yusifov qeyd edib ki, Azərbaycan Tibb Universitetinin məzunu olmuş çox sayda həkimlər var ki, dünyada olduqca şöhrətli, nüfuzlu statusa malikdir:

“Məsələn, Amerikada Neyrocərrahlar Cəmiyyətinin çox fəal üzvü var ki, azərbaycanlı həkimdir. Həmçinin Avropada Baş ağrı Cəmiyyətinin sədri azərbaycanlı həkimdir. Hadvardda tanınmış azərbaycanlı nevroloqlar çalışır və sairə. Qeyd etdiyim kimi, bunlar çox xoş məqamlardır.

Lakin burada bir məsələ var, əgər ölkədə və yaxud pereferiyada həkim çatışmazlığı varsa, deməli adekvat addımlar atılmalıdır. Belə ki, birinci növbədə perefiriyaya göndərişlərin təşkil olunması məsələsinə baxılmalı və bununla bağlı müvafiq qaydalar, təlimatlar qəbul olunmalıdır".

Baş həkim qeyd edib ki, xüsusən əmək haqqının və əmək şəraitinin də işçinin istəklərinə uyğun formalaşması olduqca vacibdir:

“Qeyd olunan ixtisaslar üzrə çatışmazlıqlar isə əksərən birbaşa olaraq əmək haqqının adekvat olmaması ilə bağlıdır. Təbii ki, mütəxəssisin yetişməsi olduqca ciddi əmək tələb edir, lakin onun işdə saxlanılması, müvafiq işlərə cəlb olunması, orada inkişafına yaranan şərait də əmək, müxtəlif yanaşmalar tələb edir.

Xaricə üz tutan həkimlərimizin bir qisminin orada ixtisasını artırıb və yaxud daha da təkmilləşdirib, ölkəmizə dönəcəyi məsələsi də gözləniləndir. Bu o deməkdir ki, 1500 həkimimizdən 1000 nəfəri xaricdə qalarsa, 500 nəfəri ixtisasını artırmış şəkildə ölkəmizə dönərsə, bu da üstün cəhətlərdən biri olar.

Lakin hazırda ən başlıca məsələ ölkədə tibbi təhsilin optillaşdırılmasıdır. Belə ki, tibb universitetini bitirmiş həkimlərimiz bu günki beynəlxalq standartlarına uyğun çalışmağa hazır olmalıdırlar. Bunun üçün həm tədris bazasını, həm digər praktik qabiliyyətlərin oturuşması üçün lazım olan şəraitin adekvat hala gəlməsi lazımdır.

Həmçinin kadr potensialı ciddi şəkildə nəzarətdən keçirilməlidir, çünki kadrlar olmadıqda bu fundamental dəyişiklikləri lazımi səviyyəyə çatdırmaq mümkün olmaz.

Yəni bu sahəyə yönəlik ciddi, proqramlı yanaşmaya ehtiyac var. Hesab edirəm ki, bugünkü durumda müəyyən proseslər gedir, sadəcə bu prosesin mümkün qədər sürəti artırılmalıdır". /Musavat.com/

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər