Ağ qarın isti mənzərəsi – “Şahdağ” Turizm Mərkəzindən REPORTAJ
Reportaj
369
13:20, Bu gün

Ağ qarın isti mənzərəsi – “Şahdağ” Turizm Mərkəzindən REPORTAJ

Burada ağ örtüyü ilə təbiət sanki duvaqlı gəlinə bənzəyir. Gözlərimiz qarşısında təsvirə gəlməz gözəl mənzərə canlanır. Günəş öz nurundan hər tərəfə pay ələsə də, gecədən səhərə kimi yağan qar yolda avtomobillərin gediş-gəlişini bir qədər çətinləşdirib. Bu səbəbdən bizi aparan maşının da sürəti mənzil başına yaxınlaşdıqca get-gedə azalır. Tez-tez yanımdakı jurnalistlərdən biri mobil telefonunda “Şahdağ” Turizm Mərkəzinə çatacağımız vaxta baxır: “Hə, deməli artıq 13 dəqiqəyə çatırıq”. Sözünü tamamlamamış maşınımız dayanır. Bakıdan 212 kilometr məsafədə yerləşən “Şahdağ”ın bir addımlığında sürücü ehtiyatlanaraq maşını dəyişməyimizi tövsiyə edir. Çünki qarşıdakı avtobusun sürüşüb yoldan çıxması onu da haradasa “qorxudub”...

Burada olarkən bir daha anlayırıq ki, Azərbaycanın yay turizmi üçün əlverişli məkan olması barədə fikirlər artıq köhnəlib. Çünki yayda istirahətə vaxt tapmayanlar Azərbaycana qışda üz tuturlar. Artıq neçə illərdir ki, Qusarda Şahdağın ətəyində müasir dağ-xizək kompleksi qış istirahətinə üstünlük verənlərin ixtiyarındadır.

Azərbaycanda qış turizm mövsümü açılıb

Hər il olduğu kimi, yenə də Azərbaycanda qış turizm mövsümünün başlanması ilə əlaqədar Dövlət Turizm Agentliyinin (DTA) və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə 2024-cü ilin turizm yekunlarına və qış mövsümünün açılışına dair mediatur təşkil edilib.

Mediatur Azərbaycanın qış turizm imkanlarını tanıtmaq, mövcud və yeni məhsulları nümayiş etdirmək, daxili turizmə olan marağı artırmaq, insanları qış turizminə təşviq etmək, turizm sənayesinin inkişafı sahəsində ən son yenilikləri nümayiş etdirmək, o cümlədən “Şahdağ” Turizm Mərkəzinin qış mövsümünə hazırlığı barədə ictimaiyyəti məlumatlandırmaq məqsədi daşıyıb.

Çoxdan kəşf edilmiş gözəllik

Qafqazı “bəşəriyyətin beşiyi” adlandıran böyük fransız ədibi Aleksandr Düma “Qafqaz əsəri”ndə Azərbaycanın, onun təbiəti və insanlarının ürəyində dərin iz buraxdığını açıq şəkildə vurğulayaraq “Nə olaydı, mənə bir də bu yerlərə gəlmək qismət olaydı!” deyib. Onun Azərbaycana gəldiyi vaxtdan bizi əsr yarımdan artıq bir dövr ayırsa da, avropalılar bu gün də ölkəmiz haqqında öz sələfləri kimi ürəkdolusu danışırlar. Ona görə ki, Şərq və Qərb sivilizasiyalarını bir araya gətirən Azərbaycan insanlarının səmimiliyi və qonaqpərvərliyi, tarixi-mədəni abidələri, gözəl təbiəti, min bir dərdin dərmanı olan mineral bulaqları, milli xörəkləri, musiqisi və bir çox digər sərvətləri ilə hər zaman məşhur olub və olacaq.

Faktların dili ilə...

Hər zaman faktın aliliyi, deyilən sözün kəsərinə bələdçi olub, sanbalını müəyyən edib. Dediyin və sadaladığın fikirlər özünü konkret faktlarda doğrultmursa, onda dediyin sözünün çəkisi olmaz, hədəfdən yan keçər. Gəlin, bu prizmadan yanaşaraq, ölkəmizdə turizmin vəziyyətinə nəzər salaq.

Qış turizm mövsümü açılışına həsr olunmuş mətbuat konfransında Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana səfər edən əcnəbilərin ümumi sayının 2 milyon 412 min nəfər təşkil etdiyini və bunun 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz artım olduğunu bildirib. Kənan Quluzadə 2024-cü ildə Azərbaycana səfər edən xarici vətəndaşların sayının 3 milyona, müvafiq artım templərinə əsasən 2028-ci ilə qədər isə illik olaraq 4 milyona çatması üzrə proqnozların olduğunu qeyd edib.

DTA sədrinin müşaviri Qusarda Daşaltıda Turizm İnformasiya Mərkəzinin yaradılması barədə də məlumat verib. Onun sözlərinə görə, Daşaltıda turizm infrastrukturunun yaradılması işləri sürətlə davam edir və artıq layihənin 60 faizi tamamlanıb. Bu layihə turistlərin daha rahat məlumat əldə etməsini və Qarabağ bölgənin turizm potensialının daha geniş şəkildə tanıdılmasını təmin edəcək.

“Şahdağ” Turizm Mərkəzini 280 mindən artıq qonaq ziyarət edib

“Şahdağ” Turizm Mərkəzi Qapalı Səhmdar Cəmiyyətinin sədri Rüstəm Nəcəfov deyib ki, 2024-cü ilin yanvar ayından dekabrın 14-dək “Şahdağ” Turizm Mərkəzində hotellərdə gecələyənlərin sayı 101.939 nəfər, mərkəzin xizəkçi və piyada kimi xidmətlərindən istifadə edən qonaqlarının sayı isə 266.579 nəfər olub. Ümumilikdə isə bu ilin 11 ayında “Şahdağ” Turizm Mərkəzini 280 mindən artıq qonaq ziyarət edib.

2025-ci ildə “Şahdağ”ın beynəlxalq idman yarışlarına və tədbirlərə ev sahibliyi edəcəyini deyən Rüstəm Nəcəfov mövsümqabağı yeni infrastruktur layihələrinin həyata keçirildiyini, modernləşdirilmə işlərinin aparıldığını, həm kompleksin ərazisində olan hotellərin, həm də kanat xətlərinin, eləcə də qonaqlara təqdim olunan müxtəlif qış əyləncələrinin və attraksionlarının tam hazır vəziyyətə gətirildiyini bildirib. O, son illər beynəlxalq bazarlarda aparılan uğurlu təşviqat işlərinin nəticəsində kompleksə səfər edənlərin sayında müsbət dinamikanın olduğunu, həm də ölkələrin coğrafiyasının genişləndiyini qeyd edib.

“2351” zirvəsinə səfər

Mətbuat konfransından dərhal sonra “2351” zirvəsinə səfərə yollanırıq. Şahdağın ən yaddaqalan yerlərindən biri 2351 metr yüksəkliyidir. Ora yalnız qondolalarla qalxıb quş uçuşu hündürlüyündən ərazini seyr etmək olar.

Yuxarı qalxdıqca soyuq hava insanın iliyinə işləyir. Buna baxmayaraq, nə mən, nə də həmkarlarım burdakı mənzərələri görməkdən vaz keçmək niyyətində deyil. Bizdən fərqli olaraq ekstremal xizəkçiliklə məşğul olanlar məhz bu yolu seçir, dağdan xizəklə üzüaşağı sürüşürlər. Adrenalin o qədər yüksək olur ki, günəş dağların arxasında gizlənənədək xizəkçilər təkrar-təkrar bu yolun dadını çıxarmaq istəyirlər.

Dağın zirvəsində qızınmaq üçün kafedə çay və ya kofe içib bir az özümüzə gəlirik. Bizdən aşağıda olan buludları seyr etdikcə insan oğlunun nələrə qadir olduğunu bir daha düşünməmək mümkünsüzdür.

17 kanat yolu, 32 yamac və 5 hotel

Ümumilikdə “Şahdağ” Turizm Mərkəzində 17 kanat yolu, müxtəlif çətinlik dərəcəsində olan 32 yamac var. Yamacların ümumi uzunluğu 35 kilometrdir. Ərazidə quraşdırılmış 538 qar generatoru fasiləsiz olaraq çalışır.

Bundan əlavə “Şahdağ” Turizm Mərkəzində 5 hotel, qonaqların asudə vaxtlarını xoş və maraqlı keçirmələri üçün istər açıq, istərsə də qapalı məkanlarda müxtəlif əyləncə növləri - zip-line, kvadrosikldə gəzinti, iki və dörd nəfərlik kanatlar, peşəkar və yeni öyrənənlər üçün xizək yolları, oyun avtomatları, boulinq zalı, kinoteatr, eləcə də musiqili proqramların keçirilməsi üçün məkanlar mövcuddur.

Burada, həmçinin xizək mağazası da fəaliyyət göstərir ki, xizək həvəskarları nəinki xizək kirayələyə, həm də münasib qiymətə ala bilər. İdmanın bu növü ilə məşğul olmaq istəyənlər üçün təlim kursları da mövcuddur.

1435 - 2552 metr yüksəklik diapazonu olan Şahdağ xizək həvəskarları üçün ideal qış meydançasıdır. Bu qış kompleksi saatda 25.000 xizəkçinin sərnişin daşıma qabiliyyətinə malikdir. 17 qaldırıcı lift yamaclara sürətli və asan çıxışı təmin edərək Qafqaz dağlarının heyrətamiz mənzərəsində həyəcan axtaran səyahətçilər üçün Şahdağı cəlbedici məkana çevirir.

“Shahdag Coaster” - Cənubi Qafqazda analoqu olmayan attraksion

Mediaturun ən maraqlı gəzintilərindən biri də “Shahdag Coaster”dir. İlk dəfə olaraq Azərbaycanda “Şahdağ” Turizm Mərkəzində quraşdırılan “Shahdag Coaster” Cənubi Qafqazda analoqu olmayan attraksiondur.

Burada ziyarətçilər üçün 2 xətdən ibarət, uzunluğu 1250 metr olan yeni zip-line xəttindən də ilk dəfə media nümayəndələri istifadə etdi. Yeri gəlmişkən, onu da qeyd edək ki, Mərkəzdə kros motosikl turlarının, müxtəlif yaş kateqoriyalarında olan uşaqlar üçün avtodrom, tyubing və go kart əyləncələrinin istifadəyə veriləcəyi nəzərdə tutulur.

Bununla yanaşı, Turizm Mərkəzinin ərazisində 5-ci faza üzrə tikinti işlərinə də start verilib. İlkin tikinti mərhələsinin 2025-ci ildə tamamlanacağı, həmin ərazidə FIS standartlarına uyğun inşa edilən yeni xizək stadionunun, yamacın, gondola tipli kanat stansiyasının və yeni parkinq ərazisinin salınacağı da görüləcək işlər sırasındadır.

Biz getməyə hazırlaşsaq da, özünün özəllik və gözəllikləri ilə hər kəsi məftun edən Şahdağda ağ qarın isti mənzərəsini seyr etməyə gələnlərin ardı-arası kəsilmir. Hər yeri dümağ, parıldayan ipəyə oxşayan bu mənzərəni seyr edənlər arasında əcnəbilər daha çox üstünlük təşkil edir. Dini, dili, irqi fərqli bu insanları bura bir istək, arzu, sevgi gətirir - “Şahdağ” Turizm Mərkəzini görmək. Demək, istək olanda məsafələr də yaxınlaşır və soyuq, buz kimi qar da adamları doğma, yaxın edir. Elə Şahdağdakı kimi...(Azərtac)

Link kopyalandı!
Son xəbərlər