Daşları hissiyyatla
Reportaj
2583
29 May 2024 | 16:00

Daşları hissiyyatla "oxumaq": İnsan dühası və 3D ilə yeni sirləri açılan Qobustan - REPORTAJ + FOTO

Qobustanda qoruq əməkdaşlarından ibarət xüsusi qrup tərəfindən aparılan son tədqiqatlar zamanı yeni təsvirlər aşkar edilib. Eyni zamanda, qayaların 3D modelinin hazırlanması prosesi davam edir.
 
Moderator.az xəbər verir ki, proseslə əyani tanış olmaq üçün Oxu.Az-ın əməkdaşları Qobustan Dövlət Tarixi-Bədii Qoruğunu ziyarət ediblər.
 
Bizi qoruğun əməkdaşları qarşılayırlar. Öncə muzeyin binasına baş çəkirik. Muzeyin açılışı 2011-ci ildə olub. İki mərtəbədən ibarət olan muzeydə artıq təsvirlərin elektron variantları da yerləşdirilib. Xüsusi sensorlara toxunmaqla təsvirlər haqqında məlumat almaq mümkündür.

Eksponatlar arasında özünü zaman maşınından eramızdan minilliklər öncəyə düşmüş kimi hiss edirsən. Əcnəbi dillərdə danışıqlar eşidirik: xarici turistlərdir. Qayalıqlar üzərindəki rəsmlərin fotolarına, bəzək əşyalarına, digər eksponatlara diqqətlə baxıb, müzakirə aparırlar.

Muzey uşaqların ziyarəti üçün də çox əlverişlidir. Ekranlara yerləşdirilmiş məlumatlarda ibtidai insanların yaşadıqları məkanlar, həyat tərzi, qidaları və s. fotolar vasitəsilə indiki dövrlə qarşılaşdırılır, müqayisə edilir.

Açıq səma altındakı muzeyi görməyə tələsirik.

Qayalıqlarla muzey binası arasında xeyli məsafə var. Böyükdaş dağında qayaların 3D hazırlanması ilə bağlı tədqiqatlar aparıldığından birinci oraya yollanırıq. Dağın yuxarı hissəsindəki, divarlarını əcdadlarımızın sənət əsərinə çevirdikləri, yarıaçıq yaşayış, sığınacaq yeri olan Ana zağa mağarasına daxil oluruq. Burada 2022-ci ilin avqustunda Mezolit dövründən əvvələ aid olan beş-altı yaşlı uşağın ayaq sümüyü, həmçinin çaxmaqdaşından hazırlanmış 600-dən çox kiçikölçülü nüvə tapılıb.

Qobustan qoruğunun əməkdaşı Elgün Pirverdiyev 3D modelinin hazırlanma prosesindən danışır:

"2016-cı ildə ilk dəfə qayaların 3D modelinin hazırlanmasına başlanılıb. Kifayət qədər uğurlu alınıb. Xeyli sayda təsvir tapılıb. İlk dəfə 3D modelləşdirməni Cingirdağ ərazisində başlamışıq. 1939-cu ildə bizim alimlərimiz də ilk dəfə orada tədqiqata başlayıblar. Cingirdağın yazılı təpə hissəsində ilk təsvirlər tapılıb.

Çünki qayaüstü təsvirlər təbii təsirlərə məruz qalır. Aşınır, məhv olur və deformasiyaya uğrayır. Qobustan çox böyükdür. Hər qayada təsvir var. Mühafizəsi çox çətindir. Biz 3D modeli yaradırıq ki, gələcək nəsillərə ötürə bilək".

E.Pirverdiyev təsvirli qayaların 3D modelinin hazırlanması üçün əvvəlcə onların fotosunun çəkildiyini qeyd edir:

"Şəkilləri müxtəlif proqramlara yükləyirik və qayanın modeli əyani çıxarılır. Daha sonra digər proqram vasitəsilə süni işıqla kölgə yaradırıq. Sxematik təsvir varsa, süni işığı fırladan zaman modeli formalaşdırır.

Qayaüstü təsvirləri 1960-70-ci illərdə görüb çəkiblər. Köhnə cihazlar yeni təsvirlər çıxarmağa imkan vermir. Müasir cihazlar isə bir qayadan yeni-yeni təsvirlər aşkar edir. Elə qaya var ki, "n" qədər təsvir aşkarlamışıq".

Qoruq əməkdaşı təsvirləri hiss etdiklərini bildirir:

"3D vasitəsilə Paleolit dövrünə aid təsvirlər üzə çıxıb. Proses bitəndən sonra təsvirlərin eskizi çəkilir və müqayisə olunur. Əvvəl qayada beş təsvir var idisə, üç təsvir də aşkarlanıbsa, üzərinə əlavə edilir. Çünki bu, tariximizdir, qorunub-saxlanılmalıdır. Hər biri toplanılır və qeydə alınır.

Hissiyyat məsələsi də əsasdır. Məsələn, bəlkə də, siz görmürsünüz, amma burada mən hazırda yeni təsvirlər görürəm. O da işimizlə əlaqədardır. Bir qayada yeni təsvirin çıxacağını ehtimal ediriksə, yanılmırıq. Demək olar ki, hər zaman yeni təsvir aşkarlanır. 300-400 daş üzərində tədqiqat aparmışıq".

Elgün Pirverdiyev yeni texnologiyalara daim ehtiyac olduğunu vurğulayır:

"Bunu ediriksə, daha yaxşılarını da bacararıq. Yaşadığımız dövr də imkan verir. Çünki təsvirlər aşınmaya məruz qalır, hava faktoru da təsir edir. Yeni proqramlar vasitəsilə görünməyənləri görə bilərik. Düzdür, bir daşın 3D modelinin hazırlanması günlərlə vaxt apara bilər. Relyefimiz mürəkkəbdir, enişli-yoxuşludur, ancaq işimizə maraq güclü olduğundan, maneə deyil, artıq bu, bizim həyat tərzimizə çevrilib".

Qoruğun əməkdaşı Günay Verdiyeva Cingirdağda 500-dən çox yeni təsvirin aşkarlandığını söyləyir:

"Cingirdağda ümumi qayaüstü təsvirlərin elektron məlumat bazası hazırdır. Biz artıq Böyükdaşda tədqiqatların ikinci mərhələsindəyik. Müasir texnologiyadan istifadə etdiyimizdən əvvəlki dövrlərdə qeydə alına bilməyənlər proqramlar vasitəsilə daha aydın görünür".

G.Verdiyeva təsvirlərin tarixindən bəhs edir:

"Ümumi olaraq Qobustanda 7 000-dən çox qayaüstü rəsm aşkar olunub. Təsvirlərin tarixi üst Paleolitin sonundan orta əsrlərə qədər davam edir. Böyük xronoloji eranı əhatə edir.

Xarici əməkdaşlıqlar da mövcuddur və getdikcə artırılır. Keçən ilin avqustunda İspaniya və İtaliyada yerli mütəxəssislərlə layihəni bölüşdük. Əldə etdiyimiz təsvirlər müxtəlif seminarlarda nümayiş olunur, təbliğat aparılır. Qobustan bəşəriyyətə məxsus mədəniyyət abidəsidir".

Qobustan qoruğuna gəlib, qavaldaşa toxunmamış getmək günah olar. Əhəng daşından ibarət bu qaya parçasının içində böyük qovuqlar olduğundan başqa bir daşla toxunanda cingiltili səs çıxır. Onun hələ Neolit dövründə musiqi alət kimi istifadə olunduğunu müvafiq qayaüstü təsvirlər də sübut edir. Qobustanda iki ədəd qavaldaş qorunur. İlk baxışdan digər daşlardan fərqləndirmək mümkün deyil, ancaq toxunmaqla bilmək olur.

Bu zaman muzey binasında rastlaşdığımız əcnəbi turistlər də qavaldaşın ətrafına toplaşır, daşdan səs çıxarmağa cəhd edirlər. Ancaq alındıra bilmirlər, demək ki, özəlliyi var imiş, o da yerlə təmasda olmamasıdır...

Qobustan qayalıqları sanki ayrı bir dünyadır. Sirlərlə dolu keçmişə açılan bir pəncərədir. Bu pəncərədən hər kəs bir dəfə də olsa baxmalıdır...

Link kopyalandı!
Son xəbərlər