Peşə məktəblərinə niyə maraq azdır? – Ekspertlər səbəbləri açıqladı
Digər
1359
05 Oct 2024 | 14:50

Peşə məktəblərinə niyə maraq azdır? – Ekspertlər səbəbləri açıqladı

“Uzun illər ərzində peşə məktəbləri “aşağı səviyyəli” və “az imkanlı” təhsil ocağı kimi qəbul olunub. Cəmiyyətin, xüsusən də valideynlərin, peşə məktəblərinə qarşı bu düşüncəsi təhsil sahəsində arzuolunan inkişafın qarşısını alır. Valideynlər düşünür ki, övladları ali təhsil almasa, cəmiyyətdə yaxşı yer tuta bilməz, bu səbəbdən, övladlarını peşə məktəbinə yönəltməkdən çəkinirlər”.
 
Bunu Moderator.az-a təhsil eksperti Kamran Əsədov deyib.
 
Peşə məktəblərinə marağın az olmasını  və bu sahədə inkişafın zəif olmasını deyən təhsil eksperti  qeyd edib ki, bu bir neçə faktordan qaynaqlanır və çoxşaxəli problemlərlə əhatə olunub:
 
“İlk növbədə, peşə təhsilinə qarşı cəmiyyətdə mövcud olan mənfi münasibət bunun əsas səbəblərindən biridir. Peşə təhsilinə qarşı cəmiyyətdəki bu mənfi münasibət yalnız valideynlərə deyil, həm də işəgötürənlərə və dövlət qurumlarına aiddir. İşəgötürənlər peşə məktəbini bitirənləri işə götürməkdə çətinlik çəkir, çünki həmin şəxslərin praktiki biliklərinin zəif olduğunu düşünürlər. Bu isə, öz növbəsində, peşə məktəblərinin işçi qüvvəsinə uyğun tədris proqramlarının olmaması ilə bağlıdır. Tədris planlarının çox vaxt real iş mühitinə uyğun olmaması, tələbələrin öyrəndikləri bilik və bacarıqları iş yerində tətbiq etməkdə çətinlik çəkməsinə səbəb olur. Peşə məktəblərində tədris proqramlarının, avadanlıqların və təcrübə imkanlarının günümüzün tələblərinə uyğun olmaması da bu problemi daha da dərinləşdirir. Peşə məktəblərinin əksəriyyətində istifadə olunan texnologiyalar köhnəldiyindən tələbələr müasir iş bazarına hazır olmurlar. Nəticədə, məktəbi bitirənlər yalnız diplom əldə edir, lakin ixtisasın dərinliyini və incəliklərini tam öyrənmədən məzun olurlar”.
 
K. Əsədov vurğulayır ki, bu problemlər peşə məktəblərinə qarşı maarifləndirmənin də az olması ilə birləşərək ciddi bir maneəyə çevrilir:
 
“Peşə təhsilinin üstünlükləri, ixtisaslaşmanın faydaları və iş bazarındakı tələb-təklif haqqında yetərli məlumatın olmaması valideynləri və gəncləri ali təhsilə yönəltməyə vadar edir. Hər kəs ali təhsil alıb akademik biliklərə yiyələnməyə çalışır, halbuki iqtisadiyyatda böyük ehtiyac duyulan müxtəlif peşə sahələrinə maraq azalır. Halbuki inkişaf etmiş ölkələrdə peşə təhsili sektoru iqtisadi inkişaf üçün əhəmiyyətli rol oynayır. Məsələn, Almaniyada peşə təhsili çox sayda tələbəni real iş bazarına uyğun təhsil ilə təmin edir. Bu cür model Azərbaycanda da tətbiq olunarsa, peşə təhsili ilə bağlı stereotiplərin də dəyişməsi mümkündür".
 
Təhsil eksperti hesab edir ki, peşə məktəblərinə marağın az olmasının bir başqa səbəbi isə bu sahədə təlimçilərin və müəllimlərin də ixtisaslaşma dərəcələrinin və praktik biliklərinin kifayət qədər olmamasıdır:
 
 “Təcrübəli və peşəkar mütəxəssislərdən ibarət tədris heyətinin olmaması təhsilin keyfiyyətini azaldır və tələbələrdə praktiki biliklərdən çox nəzəri biliklərin üstünlük təşkil etməsinə səbəb olur. Təcrübəli mütəxəssislərin cəlb olunması üçün isə əmək şəraitinin və maaşların yaxşılaşdırılması, eyni zamanda peşə təhsilinə dövlət dəstəyinin artırılması tələb olunur. Həmçinin, peşə təhsilinin prestijinin artırılması üçün media vasitəsilə bu təhsil formasının cəmiyyətdə dəyərli olduğu vurğulanmalıdır. Televiziya proqramları, sosial media kampaniyaları və maarifləndirici tədbirlər vasitəsilə peşə təhsilinin üstünlükləri haqqında geniş məlumat verilə bilər. Bu isə təkcə tələbələrin deyil, həm də onların valideynlərinin düşüncəsini dəyişə bilər. Peşə məktəblərinin rəqabət qabiliyyətini artırmaq üçün dövlət və özəl sektorun əməkdaşlığına da ehtiyac var. Özəl sektor tərəfindən peşə təhsilinə sərmayə qoyulması və peşə təhsili alan tələbələr üçün işəgötürmə proqramlarının inkişaf etdirilməsi gənclərin bu sahəyə marağını artırar”.
 
Azərbaycanda peşə təhsilinin inkişafı üçün hərtərəfli tədbirlərə ehtiyac olduğunu deyən ekspert qeyd edir ki, peşə məktəblərinin cəmiyyətdə nüfuzunun artırılması, tədris proqramlarının müasir tələblərə uyğunlaşdırılması, praktiki biliklərin inkişaf etdirilməsi, peşəkar müəllim heyətinin hazırlanması və peşə təhsili sahəsində maarifləndirici işlərin görülməsi tələb olunur. Ancaq bu yolla peşə təhsilinə cəmiyyətin münasibəti dəyişə və peşə məktəblərinə maraq arta bilər.
 
Moderator.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi deyir ki, təəssüf ki, cəmiyyət olaraq peşə təhsilinə bir o qədər maraqlı deyilik:
 
“Bunun başlıca səbəbi hər kəsin ali təhsil almaq istəyi və yaxud  da ali təhsil alınmasa belə koleclərdə təhsil almaq istəyidir. Şəxs nə ali təhsil, nə də kollecdə təhsil alınmadığı halda sonuncu çıxış yolu kimi peşə təhsili istiqamətinə yönəlir”.
 
Ekspertin sözlərinə görə,  son illər peşə təhsil müəssələrinə bir qədər fərqli yanaşma var. Ölkəmizdə fəaliyyət göstərən peşə təhsil müəssisələri Peşə Təhsili  üzrə Dövlət Agentliyi yaradılandan sonra artıq işlərinə əvvəlki dövrlə müqayisədə daha ciddi yanaşırlar:
 
“Buna da səbəb kimi Agentliyin yaranandan sonra bəzi müsbət qərarlar alması, qərarlardan biri də bəzi yüksək texniki peşələrə subbakalavr dərəcəsinin verilməsidir. Hansı ki, həmin dərəcəni alan şəxslər müvafiq olaraq ali təhsil müəssisələrinin müsabiqəsində imtahan vermədən, yəni müsabiqədə iştirak edə bilərlər. Bu isə artıq bəzi şəxslərin məhz peşə təhsil istiqamətində təhsil almalarını hardasa maraqlı edə bilir. O nöqteyi nəzərdən düşünürəm ki,  bu yalnız yüksək texniki ixtisaslar deyil, digər ixtisaslara da tətbiq edilsə, o zaman peşə təhsili istiqamətində təhsil almaq istəyən gənclərin sayına da  müsbət təsir etmiş olar. Əlbəttə,bu sualların  formalaşmaması üçün düşünürəm ki, istər Peşə Təhsili üzrə  Dövlət Agentliyi, istərsə də təhsil müəssisələri öz məzunlarının gələcəkdə əmək fəaliyyətinə başlaması ilə bağlı müvafiq qurumlarla əməkdaşlıq etməlidirlər.  Yəni məzunlarının təcrübə keçmək və yaxud  işə başlamaq imkanlarını mütləq diqqətdə saxlamalıdırlar. Belə olan halda, əlbəttə ki, peşə təhsili istiqamətinə maraq yarana bilər”.
 
Mehin Mehmanqızı
 
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusunda hazırlanıb.
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər