Azərbaycanda vəzifəli şəxslər məsuliyyətə cəlb edildi
Kriminal
1602
01 Nov 2024 | 13:38

Azərbaycanda vəzifəli şəxslər məsuliyyətə cəlb edildi

Xəbər verildiyi kimi xarici iqtisadi fəaliyyətlə məşğul olan bəzi sahibkarlıq subyektləri tərəfindən müvafiq valyutada olan pul vəsaitlərinin Azərbaycan Respublikasına qaytarılmamasına dair Dövlət Gömrük Komitəsindən daxil olmuş materiallar əsasında Azərbaycan Respublikasının prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.
 
Moderator.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir.
 
Bildirilib ki, istintaq tədbirləri ilə Azərbaycan Respublikasında qeydə alınan hüquqi şəxslərlə xarici ölkələrdəki şirkətlər arasında kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müxtəlif vaxtlarda müqavilələrin bağlanması və həmin fəaliyyət nəticəsində əldə olunan külli miqdarda gəlirlərin ölkəmizdə müvəkkil edilmiş bank hesablarına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən bir sıra vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.
 
Belə ki, Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri ilə başlanmış cinayət işi üzrə "Foresta", "Gold Plant", "Alyans Aqro" və "Shemkir Fruit" MMC tərəfindən ümumilikdə 31 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 52 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Qurbanov Rüstəm Bayram oğlu və Rüstəmov Elçin Ənvər oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddələrlə ona ittiham elan edilib və Rüstəm Qurbanovun barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı, Elçin Rüstəmovun barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
 
Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 və digər maddələri ilə başlanmış cinayət işi üzrə "Critical Fruit" MMC, "Local Garden" MMC tərəfindən ümumilikdə 33.5 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 57 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Xalıqov Fuad Elşad oğlu, Abbaszadə Elnur Hidayət oğlu, Əsgərov Kahin Muxtar oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddələrlə onlara ittiham elan edilib, Elnur Abbaszadə və Fuad Xalıqov barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib, Kahin Əsgərov isə cinayət təqibini həyata keçirən orqandan gizləndiyi üçün barəsində axtarış elan edilib.
 
Bundan başqa, Bakı şəhəri Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 və 308.2-ci maddələri ilə başlanmış cinayət işi üzrə "Paradise Fruits" MMC tərəfindən ümumilikdə 14 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 23 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Hüseynov İlkin Elmik oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddələrlə ona ittiham elan edilib və barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.
 
Bundan başqa, Bakı şəhəri Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 və 308.2-ci maddələri ilə başlanmış cinayət işi üzrə vətəndaş Qəbilov Saleh Rza oğlunun ümumilikdə 22 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 38 milyon manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən o, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddələrlə ona ittiham elan edilib və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
 
Bakı şəhəri Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 və 308.2-ci maddələri ilə başlanmış cinayət işi üzrə "Aqroinnova" MMC tərəfindən ümumilikdə 1,6 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 2,7 milyon manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Cəbrayılov Mehman Caylı oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddələrlə ona ittiham elan edilib və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
 
Hazırda Dövlət Gömrük Komitəsindən daxil olmuş digər bu kateqoriya materiallar üzrə, yəni mal və məhsul ixrac etməklə əldə edilən pul vəsaitini Azərbaycan Respublikasının müvəkkil bank hesablarına qaytarmamış şəxslər barəsində prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır və zəruri tədbirlər icra olunur.
 
Link kopyalandı!
Son xəbərlər