Son günlər mediada Hindistanın Ermənistana qırıcı təyyarələr sata biləcəyi ilə bağlı məlumatlar yer almaqdadır.
Maraqlıdır, Ermənistanın sürətlə silahlanması prosesi regionun gələcəyinə nə vəd edir? Azərbaycan bu prosesi hansısa şəkildə əngəlləyə bilərmi?
Moderator.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu Ermənistanın öz siyasətində ciddi korrektələr etməli olduğunu bildirib:
“Bu prosesin qarşısını almağın yeganə yolu Azərbaycanın da silahlanması, hərbi qüdrətini artırmasıdır. Dövlətimiz də məhz bu siyasəti yürüdür. Ermənistanın Fransa və Hindistandan silah aldığı bir zamanda Azərbaycan da öz hərbi sənaye kompleksini inkişaf etdirir, həmçinin, əvvəllər olduğu kimi dost və tərəfdaş dövlətlərdən hərbi texnikalar alır.
Bununla yanaşı, hesab edirəm ki, Azərbaycan Hindistanla da məsələyə aydınlıq gətirməlidir. Hindistanla Azərbaycanın iqtisadi münasibətləri var. İki dövlət arasıdna ticarət əlaqələri artır. Hər iki dövlət Qoşulmama Hərəkatında bir yerdədir. Biz bu məsələni Hindistanla da aydınlaşdırmalıyıq ki, niyə onlar Ermənistana uzaqmənzilli raketlər satır.
Ermənistan sülh istəyirsə, öz siyasətini korrektə etməlidir. Paşinyan bir yandan sülh müqaviləsinin qısa zamanda imzalanması istəyindən danışır, digər tərəfdən, uzaqmənzilli raketlər alır.
Ermənistan sürətli silahlanmadan imtina etməsə sülh müqaviləsinin imzalanması da təhlükə altına düşə, regionda qarşıdurma ehtimalı arta bilər”.
Seymur ƏLİYEV