Bizi sosial şəbəkələrdən izləyin:
Baku TV-də "COP-BAKU" media layihəsinin növbəti buraxılışı yayımlanıb.
Budəfəki buraxılışda Laçının Zabux kəndində "yaşıl enerji"nin önəmindən və "Zabux" Kiçik Su Elektrik Stansiyasından bəhs olunub.
Gücü 2,8 meqavat olan "Zabux" KSES Həkəri çayının sağ qolu olan Zabux çayının üzərində tikilib. Burada istehsal edilən elektrik enerjisi Zabuxla yanaşı, Laçın rayonunun digər ərazilərini də işıqla təmin edir. Artıq qalan enerji isə ölkənin ümumi enerji sisteminə ötürülür.
Bütün suyu Azərbaycan ərazisində formalaşan Zabux çayı bolsulu və iti axan dağ çayıdır. Bu isə hətta azsulu mövsümlərdə də stansiyanın lazımi elektrik istehsalını icra etməyə mane olmur.
Onu da qeyd edək ki, təkcə Zabux yox, azad olunan bütün ərazilərin işığı "yaşıl enerji" hesabına ödənəcək. Çünki Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları ölkənin enerji xəritəsində "yaşıl enerji" zonalarıdır.
"AzərEnerji" ASC-nin İctimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayev bildirib ki, bu günə qədər 32 yerdə su elektrik stansiyaları tikilib və yenidən qurulub:
"Sözügedən su elektrik stansiyalarının ümumi gücü 270 meqavatdır. Hazırda Kəlbəcər, Laçın, Ağdərə və daha 6 yerdə su elektrik stansiyalarının tikintisinə başlanılıb. Qarabağ və Şərqi Zəngəzur ərazisi Azərbaycanın ən bolsulu ərazisidir. Demək olar ki, Azərbaycan suyunun 20-25 faizi burada formalaşır. Ən əsası da bu çaylar ölkəmizin ərazisində formalaşır. Yəni Araz, Kür çayları kimi başqa ölkələrin ərazisindən daxil olmur. Həmçinin burada 39 yerdə su elektrik stansiyalarının tikilməsi mümkündür".
COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Ermənistanın Azərbaycanda keçiriləcək COP29-da iştirak edib etməyəcəyi barədə danışarkən qeyd edib ki, Azərbaycan prosesin əvvəlində bunun ən inklüziv COP-lardan olacağını elan edib:
"Yəni heç bir ölkəyə və ya təşkilata istisna edilməyəcək. Belə də oldu. Dəvətlər bütün ölkələrə göndərildi. Ancaq indiyə qədər Ermənistan tərəfindən hər hansı rəsmi reaksiya gəlməyib".