Ölümündən sonra doğulan oğlu adını daşıyan Vətən Müharibəsi Qəhrəmanı
Hərb
1732
11 Oct 2024 | 18:12

Ölümündən sonra doğulan oğlu adını daşıyan Vətən Müharibəsi Qəhrəmanı

İşğal altında olan torpaqlarımızın azad olunması uğrunda rəşadətlə döyüşərək şəhid olan qəhrəmanlarımızdan biri də baş gizir Şahin Hüseynbala oğlu Allahyarovdur.
 
Şahin Allahyarov  29 yanvar 1993-cü ildə Şamaxı rayonunun Paşalı kəndində anadan olub. Ailəsi yaşayış yerini dəyişdiyindən Şahin Allahyarov 1995-ci ildən Quba rayonunda yaşayıb. 1999–2010-cu illərdə Quba rayonu Zizik kənd Əliyar Rüstəmov adına tam orta məktəbdə təhsil alıb.
 
Şahin Allahyarov orta məktəbi bitirəndən sonra 2011–2012-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmətə başlayıb. Zaqatala Sərhəd Dəstəsində müxtəlif vəzifələrdə xidmət edən Şahin Allahyarov 2019-cu ildən Qazax Əlahiddə Sərhəd Diviziyasında “kəşfiyyatçı” vəzifəsində xidmətini davam etdirib. 
 
Erməni silahlı birləşmələrinin növbəti təxribatının qarşısının alınması üçün 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsinin ilk günlərindən Şahin Allahyarov da döyüşlərə qatılıb. Cəbhənin Füzuli və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib, Hadrut qəsəbəsinin azad olunmasında fərqlənib.
 
Oktyabr ayının 20-də baş gizir Şahin  Allahyarov döyüşçü yoldaşları ilə birlikdə düşmən arxasına sızıb, Zoğalbulaq, Azıx, Böyük Tağlar, Tuğ, Ağdam, Düdükcü kəndlərinin düşməndən azad edilməsi, azad olunmuş yaşayış məntəqələrinin və ətraf ərazilərin düşməndən təmizlənməsində rəşadət göstərib. 
 
Döyüş yoldaşlarının sözlərinə görə Şahin Allahyarov  döyüşlər zamanı sücaəti ilə fərqlənib. Kalaşnikov pulemyotundan yüksək dəqiqliklə, sərrast atəş açaraq bütün hədəfləri məhv edib. İgidliyi, cəsurluğu, sərbəst atış qabiliyyəti və çevikliyi ilə seçilən Şahini hər bir qrup komandiri öz qrupunda görmək istəyib. 
 
Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının işğaldan azad olunmasında fərqlənən Şahin Allahyarov 2020-ci il oktyabrın 31-də Şuşanın azad edilməsi uğrunda döyüşlərdə qəhrəmanlıqla vuruşaraq şəhid olub. 
 
Baş gizir  Şahin Allahyarov Quba rayonunun Zizik kəndində dəfn olunub. Ailəli idi, özündən sonra 2 övladı yadigar qalıb. Ölümündən sonra dünyaya gələn oğluna Şahin adı qoyulub.
 
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunan ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulan döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən  baş gizir Şahin Allahyarova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. 
 
Bundan başqa Şahin Allahyarov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulan  tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
 
Torpaqlarımızın azad edilməsində canından keçən qəhrəmanlarımızın adının əbədiləşdirilməsi üçün addımlar atılıb. 2021-ci ildə Quba rayonu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat məktəbinə Vətən Müharibəsi Qəhrəmanı Şahin Allahyarovun adı verilib.   
 
Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin icra etdiyi “Şərqi Zəngəzur məktəblərində Vətən Müharibəsi Qəhrəmanlarının təbliği” layihəsi çərçivəsində hazırlanıb. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
Link kopyalandı!
Son xəbərlər