Dərmanların qiyməti BELƏ TƏNZİMLƏNİR  - RƏSMİ
Ekskluziv
2187
11 Oct 2024 | 13:20

Dərmanların qiyməti BELƏ TƏNZİMLƏNİR  - RƏSMİ

Aptek satıcıları mütəmadi olaraq bizimlə söhbətində dərmanların qiymətlərinin kəskin şəkildə bahalaşdığını qeyd edirlər. Belə ki, onlar Moderator.az saytına müraciət edərək onlara müraciət edən müştərilərin şikayətçi olduğunu bildirib:
 
“Mütəmadi olaraq bizə yaşlı və orta yaşlı nəslin nümayəndələri müraciət edirlər. Resepti təqdim edib, dərmanların qiymətini soruşurlar. Hesablayıb qiymətləri dedikdə üzlərindəki ifadə kəskin dəyişir. Kimisi pensiya aldığı üçün bunu ödəyə bilməyəcəyini, kimisi də xaricdə bu dərmanların daha ucuz olduğunu qeyd edir. Bir il ərzində dərmanların qiymətində də kəskin bahalaşma var. Səbəbi isə bizdən qaynaqlanmır”.
 
Mövzu ilə Moderator.az saytı İqtisadiyyat Nazirliyinə müraciət etdi. Nazirlik rəsmisindən qiymətlərin nə üçün dəyişməsini soruşduq:
 
“Dərman vasitələrinin qiymətinin tənzimlənməsinə dair məlumat
 
Azərbaycanda dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə edilən metodla həyata keçirilir. Dərman vasitələrinin qiymətinin tənzimləməsi zamanı diqqət yetirilən əsas amillər əhalinin dərman vasitələri ilə etibarlı təchizatı və sahibkarlıq subyektlərinin rentabelliyinə imkan verən minimal qiymətlərin tətbiqidir.
 
Ölkəmizdə dərman vasitələrinin qiymətlərinin yuxarı həddi təsdiq edilir. Yəni dərmanlar təsdiq olunmuş qiymətlərdən aşağı qiymətə satıla bilər. Məsələn, hər hansı bir dərman vasitəsinin qiymətinin yuxarı həddi 5 manat məbləğində təsdiqlənibsə, həmin dərman vasitəsinin maksimum qiyməti 5 manat ola bilər və o, 5 manatdan da aşağı qiymətə satıla bilər.
 
Qiymətlər dərmanların farmasevtik forması, dozası, istehsalçı ölkəsi və qablaşdırma miqdarı nəzərə alınmaqla təyin edilir. Yəni müxtəlif dozalarda olan eyniadlı dərmanın qiyməti fərqli ola bilər. Və ya müxtəlif ölkələrdə istehsal olunan eyni dərmanın qiyməti fərqli ola bilər. Dərman qiymətləri müqayisə edilərkən onun farmasevtik forması, dozası, istehsalçı ölkəsi və qablaşdırma miqdarı nəzərə alınmalıdır. 
 
Diqqət verilməli digər məsələ dərman vasitəsinin Azərbaycanda dövlət qeydiyyatında olmasının dəqiqləşdirilməsidir. Belə ki, dərmanlar dövlət qeydiyyatına alınmadıqda qiymətləri tənzimlənmir və həmin dərman vasitələrinin qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla satışına icazə verilmir. Alıcılar digər ölkələrdən gətirilən və keyfiyyəti şübhə altında olan dövlət qeydiyyatına alınmamış dərman vasitələri ilə rastlaşdıqda aidiyyəti dövlət qurumuna müraciət etməlidirlər.
 
Bəzi hallarda reseptdə Bioloji Fəallığa Malik Qida Əlavələri yazılır. Bu məhsullar dərman vasistəsi deyil və qiyməti dövlət tərəfindən tənzimlənmir. Reseptdə yazıldığı üçün pasiyentlərdə onların dərman olması fikri formalaşır. Bioloji Fəallığa Malik Qida Əlavələrinin qiymətlərinin yüksək, növlərinin çeşidli olması isə ümumilikdə dərman vasitələrinin qiymətlərinin yüksək olması təəssüratı yaradır”.
Link kopyalandı!
Son xəbərlər