Dünən açılışına rəsmi start verilən I Avropa Oyunlarının təhlükəsizliyi ilə bağlı məsələ oyunların başlaması ilə daha da aktuallıq qazanıb. Yarışların keçirildiyi arena və oyun meydançaları etibarlı şəkildə mühafizə edilsə də, bu, terror ehtimalını tam olaraq aradan qaldırmır.
Görünən təhlükəsizlik tədbirləri fonunda narahatlıq doğuran digər bir məsələ hər hansı bir terror olayının idman arenasından kənarda, hansısa yaşayış məskəni və ya ictimai məkanda baş vermə ehtimalı ilə bağlıdır. Maraqlıdır, I Avropa Oyunları zamanı hansısa terror təşkilatının idman arenasında deyil, ondan kənarda həyata keçirəcəyi terror Azərbaycanın imicinə xələl gətirə bilərmi? İdman arenalarından kənarda partladılacaq bir bomba yenə eyni həyəcan və itki doğurmayacaqmı?Doğrudanmı sadəcə idman arenalarının mühafizə edilməsi yetərlidir?
Bununla bağlı Moderator.az-a açıqlama verən Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Terror aktının törədilməsi artıq yaşadığımız dünyada dövlətin imicinə xələl gətirən hal kimi qiymətləndirilmir. Beynəlxalq terrorçuluq o dərəcədə şaxələnib ki, o qədər geniş texniki imkanlara yiyələnib ki, o, istənilən bir ölkədə, istənilən şəraitdə öz çirkin əməlini törədə bilər. Buna görə də terrorun hansısa dövlətin imicinə xələl gətirməsi fikri ilə razı deyiləm.
Terrordan heç kim sığortalanmayıb.
Əslində gücləndirilmiş rejim hər yerdə hiss olunur. Stadionlardan, oyunların keçirildiyi məkanlardan kənarda da hiss olunur. Lakin bunun özü də birmənalı təminat deyil. Terror artıq çox peşəkarlaşıb. Sadəcə, terrorun motivi məsələsi var. Yəni motiv nədir? Terror təşkilatı bunu nə məqsədlə həyata keçirir?
Istənilən terror təşkilatı istənilən ölkədə keçirilən kütləvi tədbiri nəzəri baxımdan hədəf seçə bilər. Ən azından öz gücünü nümayiş etdirmək, imkanlarını bəyan eləmək üçün bunu edə bilər. Odur ki, terror olayının harda ”“ tədbirlərin keçirildiyi məkanlardamı, yoxsa kənar ərazilərdə baş verməsinin effekti eyni olacaq. Belə bir olay onu göstərə bilər ki, bu ölkə terrorun hədəfindədir.
Hər şey təhlükəsizlik tədbirlərinin təşkilindən asılı deyil. Burada terror təşkilatının da qarşısına qoyduğu məqsədlərdən çox şey asılıdır”.
Ə.Oruclu Azərbaycanın digər dövlətlərin təhlükəsizlik orqanlarından yardım almasının vacibliyi ilə bağlı səslənən fikirlərə də münasibət bildirib:
“Təbii ki, kömək vacib şərtdir. Ən azından ona görə ki, Azərbaycanın terror profilaktikası sahəsində o qədər də böyük təcrübəsi yoxdur. Daim terrora məruz qalan böyük və güclü dövlətlərin isə bu sahədə yetərincə təcrübəsi var. Onların anti-terror təcrübəsi də böyükdür, mütəxəssisləri də yüksək səviyyəlidir. Amma mən hələ də bilmirəm ki, Azərbaycan doğrudanmı təhülkəsizlik tədbirlərini təkbaşına həyata keçirir? Şərt deyil ki, bu barədə açıq bəyanat verilsin. Bəlkə də həqiqətən də dəstək alınıb? Bəlkə başqa ölkələrin anti-terror təşkilatları ilə əməkdaşlıq edilir? Mən bunu istisna eləmirəm”.
Seymur Əliyev