"7 oktyabr hadisələri vakuumda yaranmayıb, bunun kökündə İsrailin onilliklər ərzində apardığı işğalçılıq siyasəti və BMT-nin müvafiq qətnamələrini sabotaj etməsi dayanır..."
Dünən axşamdan xeyli keçmiş BMT Təhlükəsizlik Şurasının növbəti iclasında Yaxın Şərqdə vəziyyət müzakirəyə çıxarılıb.
Moderator.az xəbər verir ki, bu barədə "Anadolu Ajansı" agentliyi məlumat yayıb.
İclasda ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild çıxış edib. O, bəyan edib ki, İsrail təcili olaraq mühasirədə olan Qəzza bölgəsində mülki əhalinin fəlakətli vəziyyəti ilə məşğul olmalı və humanitar yardımın çatdırılmasına qoyduğu məhdudiyyətlərlə insanların əzablarına son qoymalıdır. ABŞ nümayəndəsi vurğulayıb ki, Qəzzada fəlakətli şərait dərhal
dəyişməlidir.
Qeyd edək ki, son zamanlar Qəzzada vəziyyət ikinci plana keçib. Amerika və Avropanın rəsmi şəxslərinin gündəliyi Livandakı vəziyyətə və İsrailin İrana oktyabrın 1-də güclü hücumuna cavab olaraq qarşıdakı zərbəsinə həsr edilib.
Lakin dünən ABŞ prezidenti Co Baydenlə İsrail baş naziri Binyamin Netanyahu ilə söhbət zamanı Qəzzada humanitar vəziyyət mövzusu və bölgənin şimalına o cümlədən İordaniyadan dəhlizin dərhal bərpa edilməsi yolu ilə çatdırılmasının zəruriliyi barədə fikirlər səsləndirilib.
BMT-nin Fələstinli qaçqınlara yardım və işlərin təşkili üzrə Agentliyinin (bundan sonra Agentlik-red.) rəhbəri Filip Lazarini öz nitqində məlumat verib ki, israilli girovlar əvvəlkitək əsirlikdədir, Qəzza isə qalıqlar dənizinə, minlərlə insanın məzarlığına çevrilib, onların arasında çoxsaylı uşaqlar var.
O, vurğulayıb ki, uşaqlar məktəbə getmir, dərin travmalar alıb və binaların xarabalıqlarında yaşayır. Ona görə də Agentlik xilasetmə əməliyyatlarından başqa, bölgədə tədris fəaliyyətinin bəzi növlərini bərpa edib və hər gün minlərlə uşağa psixososial xidmətlər göstərir.
Öz növbəsində Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya məsələnin kökünə nəzər salaraq İsraili təşkilatın qətnamələrinin sabotaj edilməsində ittiham edib. O, BMT baş katibi Antoniu Quterrişin bir il öncə, oktyabrın 7-si hadisələrinin vakuumda baş vermədiyi fikri ilə razılaşıb.
"Bu faciə Təhlükəsizlik Şurasının qərarlarının müntəzəm olaraq görməzdən gəlinməsinin, BMT Nizamnaməsinə görə, icrası mütləq olan, demək olar ki, artıq 80 il ərzində İsrail ilə dinc yanaşı yaşayan müstəqil Fələstin dövlətinin yaradılması barədə konsensus qətnamələrinin dolaşığa salınmasının nəticəsidir", - Nebenzya deyib.
O, məlumat verib ki, 1949-cu ildə İsrail dövləti BMT-yə Baş Assambleyanın iki çox mühüm qətnamələrinə riayət edəcəyi şərtilə qəbul edilib. Bunlardan biri 181-ci qətnamədir, söhbət Fələstinin iki dövlətə (ərəb və yəhudi) bölünməsi planından gedir. İkincisi 194-cü qətnamədir, bu qətnamə Fələstinli qaçqınlara yardım və işlərin təşkili üzrə Agentliyinin mandatının əsasını təşkil edir.
Nebenzya bəyan edib ki, hazırda paradoksal vəziyyət yaranır, İsrail tərəfi adıçəkilən qətnamələrin icrasını sabotaj edərək mahiyyət etibarilə şüurlu və məqsədyönlü şəkildə ölkənin BMT-yə daxil olmasına imkan verən qərarları pozur. Daimi nümayəndə vurğulayıb ki, yalnız BMT ölkələrinin prinsipiallığı İsraili bu qətnamələri icra etməyə vadar edə bilər.