“Sülh kəsişməsi” projesi “Spitak kimi” batır
1703
10 Oct 2024 | 02:08

“Sülh kəsişməsi” projesi “Spitak kimi” batır

Çoxsaylı təqdimatlar və Ermənistanın baş nazirinin nikbinliyi nə digər ölkələri, nə də potensial investorları bu layihənin perspektivinə inandıra bildi
Nikol Paşinyanın "Sülh kəsişməsi” adı altında təqdim etdiyi iddialı layihəsindən 1 ildən də çox vaxt keçsə də, onun gerçəkləşəcəyinə nə Ermənistanda, nə də xaricdə inam var. Onun mahiyyəti Ermənistan, Türkiyə, Azərbaycan və İran arasında regional kommunikasiyalardan, avtomobil və dəmir yollarından istifadə etməkdir.
Paşinyan hər əlinə düşən fürsətdə inandırmağa çalışır ki, bu layihə region ölkələri üçün son dərəcə faydalıdır, Ermənistan ərazisindən keçən yol Xəzər dənizini Aralıq dənizi ilə, Fars körfəzini Qara dənizlə birləşdirən ən qısa və ən səmərəli dəmir yolu və avtomobil marşrutuna çevriləcək. Və nəhayət, Paşinyanın əsas arqumenti ondan ibarətdir ki, "Sülh kəsişməsi” ideyası Ermənistan hökumətinin həyata keçirmək niyyətində olduğu regional sülh gündəliyinin tərkib hissəsidir. Bununla belə, çoxsaylı təqdimatlar və Ermənistanın baş nazirinin nikbinliyi nə digər ölkələri, nə də potensial investorları bu layihənin perspektivinə inandırdı. Hətta Ermənistan ictimaiyyəti də bu layihəni "ölü doğulmuş” adlandırır.
Siyasi təhlilçi Sona Əliyeva bu layihənin erməni baş nazirin "başının məhsulu olmadığını” düşünür: "Birmənalı olaraq qeyd etməliyəm ki, Ermənistanın baş naziri Nikol Paşinyanın təqdim etdiyi ”sülh kəsişməsi” layihəsi onun deyil. Həmin sənəd ABŞ Dövlət Departamentində hazırlanıb. Bir çox ekspertlər düşünür ki, bu layihə uzun müddətdir heç kəsin üzünə belə baxmadığı "erməni qovşağı”nın adı dəyişdirilmiş formasıdır. Paşinyan komandası layihənin reallaşa bilmə analizini aparmaqdansa, onun reklamı ilə məşğul olmağı üstün tutub. Amma bu, sadəcə, daxili auditoriya üçün hesablanmış şoudan başqa bir şey deyil. Təsadüfi deyil ki, uzun müddət qoltuğunda xəritə ilə Avropanı gəzən hökumət üzvləri heç bir müsbət rəy və təklif almayıblar. Bu "ölü doğulmuş” layihə indiki halda heç Ermənistanın da dövlət maraqlarına cavab vermir. Üstəlik, Qərb Paşinyanı məcbur edirdi ki, onların cızdığı bu qırmızı xətli "sülh kəsişməsi”ndən kənara çıxmasın. Ona görə də bir neçə aydan sonra kapitulyant baş nazirin nağıl layihəsinin başına üç çürük alma düşdü və özünü doğrultmadı. İndi Ermənistanda ən sadə erməni dığası da anlayır ki, işğalçı ölkə üçün sülh kəsişməsi Zəngəzur dəhlizindən başlayır və onun sonluğunda bitir. Başqa variant nə Azərbaycanın, nə Türkiyənin, nə də Rusiyanın maraqlarına uyğundur. Yəni region ölkələrinin maraqlarına cavab verməyən layihə kağız üzərində də qalacaq. İndi Nikol Paşinyan Qərbi təhdid edir ki, Avropadakı və ABŞ-dakı rəisləri onun üçün daha yaxşı bir layihə hazırlasınlar. Amma bu da mümkün olmayacaq. Ona görə ki, həmin layihələr Bakı ilə cümlə və cümlə razılaşdırılmalıdır. Əksi mümkün görünmür. Bakının diktəsi isə olduqca sadə və qısa həll yolu olan bir yanaşmadır, Zəngəzur dəhlizi açılmalıdır, vəssalam. Yoxsa Ermənistan tarixi fürsəti qaçıracaq və sülh mehi qaynar qazana dönmüş İrəvanın qapısının ağzından geri dönəcək”.
AMİP liderinin köməkçisi, siyasi ekspert Əli Orucov hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın bir çox ideyaları və təşəbbüsləri xülyadan başqa bir şey deyil: "Paşinyan ölkəsini cəlb etmək və maraqlı göstərmək üçün irəli sürdüyü "Sülh kəsişməsi” adlandırdığı proje də bu qəbildəndir. Ermənistan dənizə çıxışı olmayan, əlverişsiz relyefi olan bir ölkədir. Böyük transmilli layihələrin Ermənistan üzərindən keçməsi diqqəti cəlb etmir. Bundan başqa, Ermənistan qeyri-sabit və Rusiyadan asılı olduğundan böyük sərmayəçiləri risk altına salır. Digər tərəfdən, İrəvan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmasa, Bakının və Ankaranın razılığını almasa, heç bir layihədə iştirak edə bilməz. Necə ki, indiyədək təcavüzkar siyasəti nəticəsində böyük neft-qaz və nəqliyyat xətlərindən kənarda saxlanılıb, həm siyasi-iqtisadi, həm də strateji qazancdan özünü məhrum etdi. İndi də Qərbin, xüsusən də Fransanın diktəsi ilə hərəkət edərək təcrid vəziyyətə düşüb. Ona görə də haqlı olaraq Paşinyanın "Sülh kəsişməsi” projesini Ermənistanın özündə ölü doğulmuş proje adlandırırlar. Məncə, belə mənası və perspektivi olmayan ideyalarla çıxış etməkdənsə, Zəngəzur dəhlizinin açılması sürətləndirilməlidir. Ermənistan Zəngəzur dəhlizindən həm təhlükəsizliyinin təminatı üçün, eyni zamanda tranzit ölkə kimi faydalana bilər. Onsuz da Ermənistan iddialı və transmilli layihələrdə heç vaxt önəmli rola malik ola bilməyəcək. Odur ki, Paşinyan ya Ermənistanı düşdüyü dalandan çıxarmaq üçün Türkiyə və Azərbaycanla sülh şəraitində hər iki regional gücün şərtlərini qəbul etməlidir, ya da bəzi dairələrin aləti olaraq qalmalıdır”.
Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı Paşinyanın hiyləsinin göz önündə olduğunu bildirdi: "Nikol Paşinyanın "Sülh kəsişməsi” projesi əslində sülhün baş tutması üçün hazırlanmışdı. Ermənistan bütün imkanı ilə çalışır ki, Azərbaycanla sülh sazişi imzalanmadan Türkiyə, İran və Azərbaycanla kommunikasiya qursun. Bu, Qərbin planıdır. Ermənistan iqtisadiyyatına xidmət edir. Ancaq Azərbaycan sülh sazişi imzalamayan Ermənistanla heç bir əlaqə qurmamalıdır. Çox inanırıq ki, qardaş Türkiyə də Azərbaycanla eyni fikirdədir. Ermənistan zaman qazanır. Xüsusən Rusiyada və bölgədə baş verən hadisələri gözləyirlər. Ümid edirlər ki, Rusiyada Putinin devrilməsi baş verə bilər. Və Rusiyada qərbpərəst şəxs hakimiyyətə gətirilə bilər. Bundan sonra 1992-ci ildə baş vermiş proseslər baş verə və Rusiya Azərbaycan torpaqlarını yenidən işğal edib, ermənilərə verə bilər. Bir məqama da diqqət ayırmaq istəyirəm. Görürsünüz ki, son zamanlar Amerika Azərbaycana təzyiq edir. Qarabağdan getmiş erməniləri Azərbaycana qaytarmaq istəyirlər. Qarabağdan gedən ermənilər Ermənistanda və başqa ölkələrdə məskunlaşır. Vaxt getdikcə onları geri qaytarmaq çətinləşəcək. ABŞ erməniləri beynəlxalq güclərin təminatı altında Qarabağa qaytarmaq və bununla da daim Azərbaycanı təzyiq altında saxlamaq istəyir. Həm də düşünür ki, yaxın gələcəkdə regionda geosiyası vəziyyətin dəyişməsi ilə İran Zəngəzur dəhlizinin açılmasına ya mane olmaz, yaxud da mane ola bilməz. Onlar isə Türk dünyasının quru yollarla bir-birinə bağlanmasına, Avrasiya məkanında türk dövlətlərinin yeni güc mərkəzinin formalaşmasına qarşıdırlar. ABŞ həm də Türkiyəyə ciddi təzyiq göstərir ki, Ermənistanla sərhədləri açsın. Təsadüfən vurğulamadım ki, Türkiyə dəfələrlə bəyan edib ki, Azərbaycanla münasibətləri tənzimləməyənə qədər Ermənistanla sərhədləri açmayacaq. Amerika da noyabrın 5-də keçiriləcək prezident seçkisinə qədər Ermənistanla Azərbaycan arasında kommunikasiya xətlərini açmaq istəyir. Paşinyanın da təklif etdiyi layihənin mahiyyəti buna söykənir. Paşinyanın bu hiyləsini isə çox yaxşı görürük”.
 
Bir sözlə, "Sülh kəsişməsi” projesi "Spitak kimi” batır…(musavat.com)
Link kopyalandı!
Son xəbərlər