Kəlbəcərdən Cəbrayıladək döyüşən Vətən Müharibəsi Qəhrəmanı
Hərb
1534
04 Oct 2024 | 15:46

Kəlbəcərdən Cəbrayıladək döyüşən Vətən Müharibəsi Qəhrəmanı

İşğal altında olan torpaqlarımızın azad olunması uğrunda qəhrəmanlıqla döyüşərək şəhid olan qəhrəmanlarımızdan biri də kapitan Veysəl Yadulla oğlu Musibovdur.
 
Veysəl Musibov 15 fevral 1989-cu ildə Qazaxıstanın Taldı-Kurqan vilayətinin Kirov qəsəbəsində dünyaya gəlib. Həmin vaxt Qazaxıstanda yaşayan ailə sonradan vətənə dönüb. Veysəl də ilk təhsilini Vahid Ələkbərov adına Şahbuz rayon Sələsüz kənd tam orta məktəbində almağa başlayıb. 2004-cü ilə qədər bu məktəbdə təhsil alan Veysəl Musibov daha sonra Naxçıvanda yerləşən Heydər Əliyev adına Hərbi Liseydə təhsilini davam etdirib. 2007-ci ildə hərbi liseyi bitirəndən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2011-ci ildə isə Ali Hərbi Məktəbi bitirərək “N” saylı hərbi hissədə taqım komandiri olaraq xidmətə başlayıb.  Veysəl Musibov 2012-ci ildə Xüsusi Təyinatlı Qüvvələr kursuna yollanıb. Həmin kursu da uğurla başa vuraraq  Xüsusi Əməliyyət qrup komandiri vəzifəsində xidmətə başlayıb. Veysəl Musibov 2012-2016-cı illər ərzində dəfələrlə döyüş tapşırıqlarında  iştrak edib. Eyni zamanda həm ölkə daxilindəki müxtəlif hərbi hissələrdə, həm də ölkə xaricində yarışlarda iştrak edib. 
 
2016-cı il aprel döyüşləri zamanı Veysəl Musibov da döyüşlərə qatılıb. Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətində törədilən təxribata cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri əks hücuma keçib. Elə döyüşün ilk günlərində Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub.  Veysəl Musibovun da iştirak etdiyi həmin döyüşlər zamanı Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun “yenilməz Ohanyan xətti” olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilib. 
 
Aprel döyüşlərindən sonra da xidmətini davam etdirən Veysəl Musibov  2018-ci ildə ordu arasında keçirilən kəşfiyyatçı qrup yarışında I yerə layiq görülüb. Həmçinin “Efes-2018” Xüsusi Təyinatlılar yarışında iştrak edərək 24 ölkə arasında qrup olaraq birincilik əldə edib. 
 
Veysəl Musibov həmin  il Xüsusi Əməliyyat taborunda əməlliyat zabiti olub. 2019-2020-ci illər ərzində isə Xüsusi Əməliyyat taborunun gərargah rəisi vəzifəsində vətənə xidmət edib. 
 
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2019-ci il tarixli Sərəncamına əsasən Veysəl Musibov “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
 
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsinin ilk günlərində kapitan Veysəl Musibov Kəlbəcər rayonunun Murovdağ istiqamətində gedən döyüşlərə qatılıb. Daha sonra Cəbrayıl və Füzuli rayonlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Veysəl Musibov oktyabrın 7-də Füzuli rayonunun azadlığı uğrunda döyüşdə qəhrəmanlıqla vuruşaraq şəhid olub. Xırdalan şəhərində dəfn olunub.
 
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunan ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulan döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən kapitan Veysəl Musibova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. 
 
Bundan başqa Veysəl Musibov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulan  tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”  və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
 
Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin icra etdiyi “Şərqi Zəngəzur məktəblərində Vətən Müharibəsi Qəhrəmanlarının təbliği” layihəsi çərçivəsində hazırlanıb. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
 
 
 
 
 
 
Link kopyalandı!
Son xəbərlər