“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
Cəmiyyət
5130
29 Sep 2024 | 17:46

“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL

Azərbaycanın əsgər və zabit heyəti ön cəbhədə hər zaman qəhrəmanlıqları ilə ad-san qazanıblar. Onların ən ağır döyüşlərdə belə işlətdiyi ifadələr, sərgilədikləri ruh yüksəkliyi dillərə dastan olub. Hətta zaman-zaman mahnı sözlərinə çevrilən qəhrəmanlıqlar da baş verib.
 
Moderator.az hələ İkinci Qarabağ müharibəsindən çox illər əvvəl, 2014-cü ildə “Vur, komandir, vur” videosu ilə məşhurlaşan gizir İlkin Muradovun izinə düşüb.
 
Uzunmüddətli axtarışlardan sonra qəhrəmanımızı tapa bildik. Əslən Neftçala rayonunun Xolqarabucaq kəndindən olan İlkin saytımıza açıqlamasında həmin videonun yaranmasından danışıb. 
 
“Həmin hadisə düz 10 il bundan əvvəl noyabr ayının 12-də olub. Aprel döyüşləri də heç başlamamışdı. O zaman mən müddətdən artıq hərbi qulluqçu kimi N saylı hərbi hissədə qulluq edirdim. Demək olar ki, xidmətə yeni başlamışdım. Bu hadisədən əvvəl onların orada poliqonu gedirdi. Serj Sarkisyanın helikopterini izləyirdik. Gördük ki, Ağdamın Kəngərli kəndi istiqamətində düşmənin iki döyüş helikopteri bizim mövqelərimizin üstündə hərəkət edir. Ordumuzun ayıq-sayıqlığı nəticəsində onun biri məhv edildi. Həmin helikopteri mən məhv etdim. İçində də 3 erməni zabiti var idi. Əsgərlər deyirdi ki, “vur, komandir, vur”. Mən də uca səslə deyirdim ki, “vurdum, vurdum”. O qədər qışqırmışdım ki, 3 gün danışa bilmədim. Danışırdım amma səsim çıxmırdı. Hətta evə zəng etdim ki, deyim helikopteri vurmuşam, kadrlar olacaq, mən o sözü deyə bilmədim. Hazırda müəyyən səbəblərdən hərbi sahədən uzaqlaşmışam. Çünki yaşadığım yer Neftçala idi, özüm isə Ağdamda qulluq edirdim. Amma hər zaman vətənin müdafiəsinə hazıram” deyə o bildirib.
 
İlkin bildirib ki, sözügedən video Aprel döyüşləri ərəfəsində də çox yayılıb. Yenidən İkinci Qarabağ Müharibəsi zamanı da aktuallaşıb, gündəm olub.
“Gözəl xatirələr idi. Helikopteri vurmağım mənə yuxu kimi gəlsə də bunu bacarmışdım. Heyf ki, ikinci helikopteri vura bilməmişdim. Qisas hissi ilə alışıb-yanırdıq. Əlbəttə ki, mənə bu ruh yüksəkliyini də əsgərlər verirdi. O hadisədən sonra adi əsgərdən, çavuş rütbəsinə qalxdım. Bu videodan sonra bizim ordumuzda xidmət edən əsgərlərimizdə ruh yüksəkliyi yarandı. Bildilər ki, həqiqətən də biz ermənini məhv etməyə qadirik. Artıq erməniləri məhv etmişik, bütün torpaqlarımız işğaldan azad olunub. Bu gün Qarabağ torpaqlarında artıq üçrəngli bayrağımız dalğalanır. Ali Baş Komandanımız, cənab prezident İlham Əliyevin tapşırığı əsasında qəhrəman övladlar, şəhidlərimiz, qazilərimiz bizi yenidən torpaqlarımıza qovuşdurdu. Artıq bütün rayonlarımızda, kəndlərimizə tam sürəti ilə quruculuq işləri gedir. Yeni binalar, məktəblər, baxçalar, yaşayış evləri ucaldılır. Düşmənə zərbə endirmək, nəyəsə nail olmaq gözəl hisslərdir” deyə o bildirib.
Link kopyalandı!
Son xəbərlər