"Livanda genişmiqyaslı hərbi əməliyyatın başlanması bütün Yaxın Şərq üçün ən dağıdıcı nəticələrə səbəb olacaq..."
Rusiya Livanda baş verənlərin miqyası və potensialını nəzərə alaraq hadisələrin təhlükəli inkişf etməsindən dərin narahatlıq keçirir.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova IV Avrasiya Qadın Forumunda çıxışı zamanı bəyan edib.
"Sentyabrın 19-da İsrail aviasiyası Livanın cənubundakı bir sıra rayonlara güclü zərbələr endirib. Bundan öncə, iki gün ərzində, 17 və 18 sentyabrda dalbadal Livan misli görünməyən terror aktlarına məruz qalıb, onlar kiberhücum xarakteri daşıyıb", - Zaxarova xatırladıb.
O, vurğulayıb ki, "Livanda peycerlərin kütləvi şəkildə detonasiya etməsi yeni texnologiyalar tətbiq edilməklə terror aktının tamamilə yeni növüdür" və xəbərdarlıq edib ki, "Livanda genişmiqyaslı hərbi əməliyyatın başlanması bütün Yaxın Şərq üçün ən dağıdıcı nəticələrə səbəb olacaq".
Rusiya XİN nümayəndəsi münaqişənin bütün iştirakçılarına təmkinli olmağa və döyüş əməliyyatlarının dayandırılmasına çağırış edib. Zaxarovanın sözlərinə görə, Moskva öz növbəsində vəziyyətin sabitləşməsi üzrə danışıqlar prosesində iştirak etməyə hazırdır.
O, həmçinin məlumat verub ki, Rusiya Livan xalqı ilə həmrəyliyini ifadə edir və həlak olanların doğmalarına başsağlığı verir.
Bundan öncə, sentyabrın 18-də Rusiya Zaxarovanın timsalında Livanda peycerlərin kütləvi detonasiya etməsi faktı üzrə "hərtərəfli tədqiqat aparılmasına" tərəfdar olduğunu bəyan edib.
Bu zaman Kremlin mətbuat katibi Dmitri Peskov deyib ki, Rusiya ərazisində belə halların təkrar olmasını istisna etmək üçün qadjetlərin partlayışı səbəbləri ilə rusiyalı mütəxəssislər məşğul olacaq.
Zaxarova terror aktının miqyaslı və düşünülmüş olduğunu vurğulayıb. O, xatırladıb ki, onlarla insan, o cümlədən uşaqlar bu terror aktının qurbanları olub, minlərlə insan zərər çəkib.
Xatırladaq ki, sentyabrın 17-də Beyrutda peycerlərin kütləvi partlayış dalğası baş verib. Üç minədək adam müxtəlif dərəcəli yara və travmalar alıb. 12 nəfərin həlak olduğu deyilir.
Ertəsi gün partlayışların ikinci dalğası olub. Bu dəfə digər rabitə vasitələri detonasiya edib. 26 nəfər həlak olub, 600 nəfərdən çox adam yaralanıb.
Livan hökuməti baş verənlərə görə məsuliyyəti İsrailin üzərinə qoyub və bunu "cinayətkar təcavüz" adlandırıb. "Hizbullah" hərəkatı İsrailə sərt cavab veriləcəyini bəyan edib.