“Azərbaycan və dünya jurnalistlərinin ermənilərin Qarabağı könüllü tərk etmələri ilə bağlı çəkdikləri videolara baxdıqda, hiss olunur ki, ev-eşiklərini tərk edən ermənilər heç təəssüf hissi belə, keçirmirlər. Maraqlı psixoloji səhnələrdir. Elə bil, onlarda gələcəyə qeyri-adi inam var, Qarabağı qoyub getdikləri üçün sevinirlər...”
“Qarabağı ermənilərin tərk etməsi Rusiyanın oradan əlini üzdü. Əlbəttə ki, 19 sentyabr 2023–cü ildə ermənilərin heç bir təzyiq olmadan Qarabağı tərk etmələri Rusiyanın “FSB”-nin yox, Qərbin xüsusi idarələrinin təşkil etdikləri çox ciddi hazırlanmış oyun idi. İlk anlarda bəzi analitiklərə elə gəlirdi ki, bu köçü elə Rusiya “FSB”-si təşkil edib. Məqsəd Qarabağdakı erməniləri İrəvana köçürtmək, Qarabağ klanının sosial bazasını artırmaq və onları hakimiyyət uğrunda mübarizəyə yönəltmək ola bilərdi. Çünki burada məntiq var idi. Evsiz-eşiksiz qalmış Qarabağ erməniləri özlərinin kütləvi köçünü Paşinyanın üstünə atıb, onu hakimiyyətdən uzaqlaşdıra bilərdilər. Ancaq vəziyyət heç də belə deyildi. Çünki Nikol Paşinyan bu köçləri yerləşdirmək üçün əvvəlcədən İrəvan ətrafında 40 min qaçqın üçün göydələnlər tikdirirdi. Elə Qərb ölkələrinin pullarıyla... Və bu hal Rusiyanın Qarabağ qaçqınlarına arxalanmaq planının üstündən xətt çəkirdi”.
Bu fikirləri Moderator.az-a açıqlamasında siyasi analitik Tahir Cəfərli 19 sentyabr 2023-cü ildə Azərbaycan ordusunun keçirdiyi 23 saatlıq lokal əməliyyatdan sonra Qarabağdakı erməni əhalinin kütləvi şəkildə Ermənistana köçməsindən bəhs edərkən ifadə edib.
“Azərbaycan və dünya jurnalistlərinin ermənilərin Qarabağı könüllü tərk etmələri ilə bağlı çəkdikləri videolara baxdıqda, hiss olunur ki, ev-eşiklərini tərk edən ermənilər heç təəssüf hissi belə, keçirmirlər. Maraqlı psixoloji səhnələrdir. Elə bil, onlarda gələcəyə qeyri-adi inam var, Qarabağı qoyub getdikləri üçün sevinirlər. Rusiya kanalları isə onları Ermənistanda çox acınacaqlı həyat gözləməsindən dəm vururdu. Aydındır ki, Kremldəkilər ermənilərin Qarabağdan çıxmağını istəmirdilər. Çünki ermənilər orada qalsaydı, Rusiya sülhməramlıları da o torpaqlarda qalacaqdı. Onların köçmələri Rusiyanın bu planlarını da pozdu. İndi aydın olur ki, Qərb xüsusi xidmət orqanlarının məharətlə hazırladıqları köç planının məqsədi Rusiyanı asta-asta Cənubi Qafqazdan çıxarmaq olub. Bu, Qarabağdan başladı, çünki ruslar Qarabağda qalsaydılar, oranı Rusiyanın hərbi bazasına çevirə bilərdilər və bunun qarşısını isə heç kim ala bilməzdi. Çünki ruslar 1997-ci ildə Milli Məclisin ratifikasiya etdiyi Rusiya-Azərbaycan dostluq və əməkdaşlıq sazişini əsas götürüb, öz qoşun kontingentini burada saxlaya bilərdi. Bu sazişə 12 oktyabr 1992-ci ildə AXC liderləri Moskvada qol çəkdiklərindən ABŞ Azərbaycana qarşı 907-ci düzəlişi qəbul etmişdi”, – deyə davamında həmsöhbətimiz bildirib.
“Ermənilərin Azərbaycan torpaqlarından köçməsi Rusiyanın Qarabağda qalma planının üstündən xətt çəkdi. İndi isə Rusiyanın ümidi 10 noyabr 2020-ci il üçtərəfli razılaşmasınadır. Orada açıq şəkildə deyilir ki, Ermənistan Azərbaycana Zəngəzurdan dəhliz verməlidir və bu dəhlizi Rusiya “FSB”-nin sərhəd qoşunları qorumalıdırlar. Ümumiyyətlə, Azərbaycan-Ermənistan Sülh sazişinin 10 noyabr 2020-ci il razılaşması əsasında bağlanması Rusiyanın hərbi və iqtisadi marağındadır və hər vəchlə istər Ermənistan, istərsə də Azərbaycandan bu müstəvidə Sülh sazişi bağlanmasının tələb edir. Bütün hallarda belə saziş Azərbaycanın xeyrinə olsa da, Zəngəzur dəhlizinin Qərb və İran Rusiyanın nəzarətində qalmasına qarşı çıxış edir. Azərbaycanın 10 noyabr 2020-ci il Razılaşmasını əsas tutub Zəngəzura girməsinin qarşısını alan elə İranın ciddi təzyiqləridir. Sözün həqiqi mənasında belə olduqda İran Azərbaycana qarşı hərbi əməliyyata keçə bilər. Yadınıza 44 günlük müharibəni salın. Onda İran Ermənistana qarşı Vətən müharibəsi aparan Azərbaycan ordusunu qarşısında Zəngilan tərəfdən sərhədimizi pozub, ərazimizə girmiş İran ordusu durmuşdu. Toqquşma labüd idi... Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin ciddi diplomatik səyləri nəticəsində toqquşma baş tutmadı, İran ordusu Azərbaycan ərazilərini tərk etdi. İndi Zəngəzurla bağlı İran tərəfi köhnə əməllərindən əl çəkməyə bilməz. Maraqlıdır bu məsələlərdə İranla Qərbin maraqları da üst-üstə düşür. Azərbaycan diplomatları Qərbin və İranın Zəngəzurla bağlı çağırışlarının nəzərə alaraq Ermənistanla Sülh müqaviləsindən Zəngəzurla bağlı maddələri çıxarıblar. Beləliklə faktiki olaraq, Rusiyanın marağında olan Zəngəzur koridorunun üstündən xətt çəkiblər. Əlbəttə ki, qeyri-iradi belə bir sual ortaya çıxır: Bəs Rusiya? Şoyqunun İrana gedib, Bakıya gəlməsi və bu günlərdə yenidən Tehrana getməsi hər halda Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Çünki Zəngəzur dəhlizinin açılması ancaq İranın loyallıq göstərdiyi halda mümkündür. V.Putinin Azərbaycana səfərinin məqsədlərindən biri də elə Zəngəzurun açılması ilə bağlı məsələlərin həlli ilə bağlı olması haqda da iddialar yayılıb. Rusiya bu dəhlizi işlətməklə Türkiyəyə, oradan dünyaya tranzit mallarını daşımaq üçün yol açır. Odur ki, Zəngəzur dəhlizinin işləməsi ilk növbədə Rusiyanın iqtisadi və siyasi marağındadır. Azərbaycan müharibə yolu ilə Zəngəzuru açmayacaq. Bunu Rusiya etməlidir. Bir ayı kimi onun min oyunu var bu “armud”un üstündə və əvvəl-axır onu yeməlidir”, - deyə analitik yekunlaşdırıb.