"Rusiyanın məğlubedilməzliyi barədə bəyanat mifdir...Yaxşı olar ki, Tokayev öz ölkəsinin Rusiya tərəfindən ilhaqı təhlükəsi üzərində düşünsün..."
Qazaxıstan prezidenti Qasım-Jomərt Tokayev sentyabrın 16-da Astanada Mərkəzi Asiya ölkələrinə üç günlük səfərə yollanan Almaniya kansleri Olaf Şoltsla görüşüb.
Moderator.az xəbər verir ki, bu barədə "svoboda.org" nəşri məlumat yayıb.
Danışıqların gedişində Tokayev "qonağın xahişi ilə" Rusiyanın Ukraynaya qarşı müharibəsinin nizamlanması barədə fikir söyləyib.
"Fakt ondan ibarətdir ki, Rusiya hərbi cəhətdən məğlubedilməzdir. Müharibənin bundan sonra da eskalasiyası bütün bəşəriyyət üçün və ilk növbədə Rusiya-Ukrayna münaqişəsinə cəlb edilənlər üçün fəlakətli nəticələrə səbəb olacaq", - o, deyib.
Tokayev bəyan edib ki, Qazaxıstanda "Ukrayna xalqına "böyük simpatiya" bəslənilir, iki dövlət arasında heç vaxt ixtilaflar olmayıb, o, İstanbul razılaşmalarını xatırladıb, təcavüzkar Rusiya dəfələrlə bu razılaşmalara dönmək barədə deyib.
"Təəssüf ki, heç olmasa atəşkəsə nail olmaq şansı İstanbulda saziş bağlamaqdan imtina ilə əldən verilib. Lakin sülhə nail olmaq imkanı əvvəlkitək mövcuddur. Müxtəlif dövlətlərin bütün sülh təşəbbüslərini diqqətlə nəzərdən keçirmək və hərbi əməliyyatları dayandırmaq, bundan sonra ərazi məsələlərinin müzakirəsinə keçmək lazımdır. Zənnimizcə, Çin və Braziliyanın sülh planı dəstəyə layiqdir", - o, bəyan edib.
Şoltsun Tokayevin sözlərinə münasibəti barədə məlumat verilmir. Deyilir ki, Almaniya kansleri Mərkəzi Asiyanın artan əhəmiyyətindən və iki ölkə arasında iqtisadi əməkdaşlıqdan danışıb.
O, müharibənin dinc nizamlanması imkanlarının öyrənilməsi zərurətindən, İsveçrədə keçirilən Sülh Sammitindən danışıb və vuğulayıb: "Məhz Rusiya müharibəni başlayıb və davam etdirir və istənilən zaman bu müharibəyə, öz təcavüzünə son qoya bilər".
Ukrayna Ali Radası xarici siyasət üzrə komitəsinin sədri Aleksandr Merejko Tokayevin bəyanatını şərh edib. "Rusiyanın məğlubedilməzliyi barədə bəyanat mifdir. Ukrayna Rusiyanı artıq Kiyev, Xarkov, Xersonda bir sıra məğlubiyyətlərə məruz qoyub", - xalq deputatı vurğulayıb.
Ö, əlavə edib ki, "İstanbul sazişi" barədə deyilənlər də mifdir, çünki danışıqlar prosesində heç bir saziş və ya razılaşma imzalanmayıb. Ukraynalı deputat Tokayevə öz ölkəsinin təhlükəsizliyi barədə düşünməyi məsləhət görüb.
"Rusiya Qazaxıstanın şimalını və ya bütöv ölkəni "rusdilli əhalinin müdafiəsi" adı altında ilhaq etməyə cəhd göstərə bilər. Rusiyada Qazaxıstan ərazilərinin ilhaqına çağırışlar çoxdandır, hələ Soljenitsın dönəmindən səsləndirilir", - Merejko əlavə edib.