Vurulan təyyarəni düşmən üzərinə çırparaq şəhid olan polkovnik...
Ekskluziv
1883
14 Sep 2024 | 18:10

Vurulan təyyarəni düşmən üzərinə çırparaq şəhid olan polkovnik...

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunan ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulan döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilən şəxslərdən biri də Zaur İsmayıl oğlu Nudirəliyevdir.
Zaur Nudirəliyev torpaqlarımızın işğaldan azad edilməsində, 44 günlük tarixi qələbənin qazanılmasında böyük şücaət göstərərək canını Vətən yolunda qurban verən igidlərimizdəndir. 
 
1978-ci il sentyabrın 1-də Bakı şəhərində anadan olan Zaur Nudirəliyev 1995-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseydən məzun olub.  Həmin Liseyi bitirdikdən sonra Zaur Nudirəliyev Türkiyə Ali Hərbi Hava Qüvvələri Məktəbinə qəbul olub. Zaur Nudirəliyev 2000-ci ildə həmin təhsil ocağını “təyyarəçi” ixtisası üzrə bitirib. Zaur Nudirəliyev 2011-2013-cü illərdə Almaniyada General-Admirallar üçün Hərbi Liseydə təhsil alıb.
Zaur Nudirəliyev 2000-ci ilin fevral ayından 2004-cü ilin iyul ayına qədər “N” saylı hərbi hissədə 3-cü aviasiya eskadrilyası aviasiya manqasının təyyarəçisi, 2004-cü ilin iyul ayından 2004-cü ilin dekabr ayına qədər isə “N” saylı hərbi hissədə 3-cü aviasiya eskadrilyası aviasiya manqasının baş təyyarəçisi olub.
2004-cü ilin dekabr ayından 2007-ci ilin mart ayına qədər “N” saylı hərbi hissədə 1-ci aviasiya eskadrilyası aviasiya manqasının baş təyyarəçisi, 2007-ci ilin mart ayından 2009-cu ilin dekabr ayına qədər “N” saylı hərbi hissənin 1-ci aviasiya eskadrilyasının manqa komandiri olan Zaur Nudirəliyev, 2009-cu ilin dekabr ayından 2011-ci ilin may ayına qədər “N” saylı hərbi hissənin 1-ci aviasiya eskadrilyası komandirinin müavini-şturman vəzifəsində xidmət edib.
Zaur Nudirəliyev 2011-ci ilin may ayından 2013-cü ilin noyabr ayına qədər “N” saylı hərbi hissənin 1-ci aviasiya eskadrilyasının qərargah rəisi, 2013-cü ilin noyabr ayından 2015-ci ilin avqust ayına qədər isə “N” saylı hərbi hissənin 1-ci aviasiya eskadrilyasının komandiri olub.
Zaur Nudirəliyev 2015-ci ilin avqust ayından “N” saylı hərbi hissə komandirinin uçuş hazırlığı üzrə müavini və uçuşların planlaşdırılma bölməsinin rəisi vəzifəsində xidmət edib.
 
Zaur Nudirəliyev 20 il davam edən hərbi xidməti ərzində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müxtəlif medallarla təltif edilib. 
Vətən Müharibəsi zamanı Hərbi Hava Qüvvələri tərəfindən Cəbrayıl-Füzuli və Ağdərə istiqamətlərində endirilən zərbələr nəticəsində Ermənistan Silahlı Qüvvələrinin dayaq məntəqələri, canlı qüvvələri, cəmləşmə yerləri məhv edilib, nəticədə Azərbaycan Ordusunun qurudan ciddi üstünlüyə sahib olması təmin olunub.
“Su-25” hücum təyyarəsi olaraq aşağı hündürlükdə istifadə üçün təyin olunub. Bu  təyyarə aşağı və orta hündürlükdə uçarsa, hava hücumundan müdafiə vasitələri tərəfindən vurulması ehtimalı çoxdur. Zaur Nudirəliyevin araşdırmaları nəticəsində “Su-25” hücum təyyarəsinin sahib olduğu göstəricilərdən məharətlə istifadə olunaraq yeni bir döyüş üsulu ərsəyə gətirilib. “Su-25” hücum təyyarəsindən bomba atışının tam dəqiq olması üçün birinci dəfə olaraq aşağı və ya orta hündürlükdən yox, məhz yuxarı hündürlükdən istifadə olunub. Bu üsul təcrübədə uğurlu alındığı üçün 44 günlük Vətən Müharibəsi zamanı geniş istifadə olunub. 
Zaur Nudirəliyev “Su-25” hücum təyyarəsindən lazer güdümlü bombalar atılması sahəsində də  bir ilkə imza atıb. 
Azərbaycan Hərbi Hava Qüvvələrinin “Qarabağ” ordenli zabiti Elçin Məmmədov Zaur Nudirəliyevin son anda özünü xilas etmək yox düşməni məhv etməyi düşündüyünü qeyd edib: “Sonuncu dəfə Zaur Nudirəliyevin idarə etdiyi “Su-25” hücum təyyarəsi verilən döyüş tapşırığının yerinə yetirilməsi üçün Cəbrayıl istiqamətində uçuşa yollandı. Kəşfiyyat məlumatına əsasən həmin ərazidə Ermənistan Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının (HHMQ) vasitələri olmamalı idi. Amma Zaur Nudirəliyevin idarə etdiyi təyyarə həmin ərazidə təyin olunan hədəfə yaxınlaşan zaman idarəetmə məntəqəsinə Ermənistan Hava Hücumundan Müdafiə Qoşunlarının müdafiə vasitələrinin hazır vəziyyətə gətirilməsi barədə operativ məlumat daxil oldu. Buna görə də dərhal onlara geri qayıtmaq tapşırığı verilib. Həmin dəqiqədən sonra Zaur Nudirəliyevlə əlaqə dayandı və o, çağırışa cavab vermədi. Təyyarənin vurulmaq ehtimalı olsa da, Katapult oturacağı zədələmədiyi üçün pilot xilas ola bilərdi. Həmin günlərdə Cəbrayıl şəhəri və onun ətraf yaşayış məntəqələri istiqamətində şiddətli döyüşlər getdiyi üçün onun paraşütlə eniş edəcəyi halda erməni hərbi birləşmələrinin nəzarəti altında olan ərazilərə düşüb, qarşı tərəfə əsir düşmə ehtimalı da var idi. Buna görə də Zaur Nudirəliyev “Atəş ramı” etməyi qərara alır və “Su-25” hücum təyyarəsini bütün sürəti ilə Ermənistan Ordusunun bir qrup canlı qüvvəsinin cəmləşdiyi yerdə, zirehli nəqliyyat vasitəsinə çırpıb. Nəticədə Ermənistan Silahlı Qüvvələrinin dayaq məntəqələrinə və canlı qüvvələrinə ağır zərbələr endirilib”. 
Vətən Müharibəsi zamanı 7 gün ərzində 12 uçuşu uğurla başa vuran Zaur Nudirəliyev, oktyabrın 4-də Cəbrayıl rayonu istiqamətində 13-cü uçuşunu reallaşdıran zaman ağır yaralanır. Amma Zaur Nudirəliyev təyyarəni düşmənin canlı qüvvəsinin cəmləşdiyi hərbi bazaya çırpır. Çoxlu sayda düşməni məhv edən Zaur Nudrəliyev özü də qəhrəmancasına şəhid olur.
 
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Zaur Nudrəliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
Zaur Nudirəliyev II Fəxri Xiyabanda dəfn olunub. Ailəli idi, iki övladı yadigar qalıb.
 
Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin icra etdiyi “Şərqi Zəngəzur məktəblərində Vətən Müharibəsi Qəhrəmanlarının təbliği” layihəsi çərçivəsində hazırlanıb. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
 
Link kopyalandı!
Son xəbərlər