"Biz hətta təbliğat mətbuatına da hörmət edirik, lakin xüsusi xidmət orqanlarına işləyən mediaya dözə bilmərik..."
Amerikanın Rusiya KİV-lərinə qarşı yeni sanksiyaları azad sözə və jurnalist peşəsinə olan hücumdur.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən BRIKS birliyinin sammitində bəyan edib. Məlumatı "rbc.ru" nəşri yayıb.
"ABŞ-ın rusiyalı jurnalistlərə qarşı sanksiyaları informasiya terroru aktıdır. Rusiyalı jurnalistlər həm korporasiya olaraq, həm də şəxsi mənada əsl informasiya terroru hücumuna məruz qalıb", - Zaxarova bəyan edib.
"Bu gün Qərbin rusiyalı jurnalistlərə etdiyi hücum sabah istər korporasiya rəhbəri, istər baş redaktor, istərsə də xaricdə sıravi müxbir olun, hər birinizə qarşı edilə bilər. Burada susmaq yolverilməzdir", - Zaxarova görüş iştirakçılarına müraciətlə deyib.
Xatırladaq ki, dünən, sentyabrın 13-də ABŞ Rusiya mediaqrupunun ("Russia Today") baş direktoru, təbliğatçı Dmitri Kiselyova qarşı sanksiyalar tətbiq edib və mediaqrupun özünə və eyniadlı telekanala qarşı məhdudiyyətləri genişləndirib.
ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken bu kanalı Rusiyanın hərb maşınının bir hissəsi adlandırıb.
Vaşinqtonun məlumatına görə, bir ildən çox bundan öncə Rusiya hökuməti RT-də kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olan ayrıca bölmə yaradıb, telekanalın rəhbərliyinin də bundan xəbəri olub.
Blinkenin sözlərinə görə, kanalın əməkdaşları Rusiyanın xüsusi xidmət orqanlarının əməliyyatlarında iştirak edir. "Biz hətta təbliğat mətbuatının azadığına hörmət edirik. Lakin biz xüsusi xidmət orqanlarına işələyən mediaya dözə bilmərik", - o, deyib.
Dövlət katibi elan edib ki, bununla bağlı ABŞ, Böyük Britaniya və Kanada RT-yə qarşı "diplomatik kampaniyaya" başlayaraq dünya ölkələrini bu kanala, sadəcə, təbliğat orqanı kimi deyil, həm də Rusiya kəşfiyyatının aləti kimi yanaşmağa inandırmağa çalişacaq.
Bundan öncə, sentyabrın 4-də, ABŞ Maliyyə Nazirliyi RT baş redaktoru Marqarita Simonyan və kanalın bir neçə top-menecerinə qarşı sanksiyalar tətbiq edib. Buna əsas olaraq "Moskvanın prezident seçkilərinə müdaxilə etmək cəhdləri" olub.