"Son illərdə Ermənistanın Azərbaycana qarşı apardığı təxribat siyasətinə qarşı biz həm də elmi şəkildə fəal olmalı və cavab verməliyik".
Moderator.az bildirir ki, bunu Oxu.Az-a açıqlamasında Türkiyənin Erciyes Universitetinin ermənişünaslıq bölümünün rəhbəri, Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri Qafar Çaxmaqlı deyib.
Onun sözlərinə görə, bu cavablar ermənilərin yazdıqları və ya dediklərinə adi deyil, fundamental şəkildə hazırlanmalıdır:
"Bunun üçün də erməni dilini bilmək zəruridir. Çünki erməni dilini bilmədən bu məsələlərə tutarlı şəkildə yanaşmaq çox çətindir. Ona görə də mən belə düşünürəm ki, Azərbaycanda da, Türkiyədə də erməni dilini öyrənən mütəxəssislərin sayı çoxalmalıdır".
"Biz Türkiyədə konkret bu işlə məşğuluq. Azərbaycanda da bəzi universitetlərdə erməni dili öyrədilir. Lakin mən düşünürəm ki, bu, kafedra şəklində olmalıdır. Digər fakültələrə qəbul necədirsə, eynisi olmalıdır ki, tələbələr erməni dilini ixtisas kimi öyrənsinlər. Bununla yanaşı, həm də Ermənistanın tarixi öyrənilməlidir. Çünki bizim əlimizdə ermənicə çox ciddi qaynaqlar var. Erməni dilini bilmədən həmin mənbələrdən necə istifadə etmək olar? Bu əsərlər müəyyən bir tarixi dövr ərzində yazılıb. Ən çox da 19-cu əsrin sonlarından başlayaraq bu günə qədər yazılan əsərlər var ki, bu yazılarda bizim lehimizə olan çoxsaylı faktlar var. Məsələn, Ermənistanın 1920-ci ildə müdafiə və daxili işlər naziri olan Ruben Ter Minasyan xatirələrində yazır ki, ermənilərin Qafqazda dövlət qurmaq planı olmayıb. Çünki bu ərazini ermənilərə aid hesab etmirdilər. Elə onların siyasi təşkilatı olan Daşnaksütyun partiyası və digər siyasi qurumları da Qafqazda yox, Şərqi Anadolda erməni dövləti qurmaq istəyirdilər. Biz bu faktları ortaya qoymalıyıq ki, ermənilərin bu regiona iddialarının əsassız olduğunu öz dilləri ilə özlərinə sübut edək", - deyə müsahibimiz vurğulayıb.
O, ermənilərin süni şəkildə dövlət qurduğunu deyib: "Elə buna görə də bu dövlət ermənilərin özləri tərəfindən müvəqqəti hesab olunub. 9 min kvadrat kilometrdə elan olunan dövləti onlar yaşatmaq üçün heç mübarizə də aparmayıblar. 1918-ci il də Batum anlaşmasında Ermənistanın ərazisi 9 min kvadrat kilometr idi. İndi isə bu rəqəm 29.8 min kvadrat kilometrə qədər genişlənib. Nəyin hesabına? Azərbaycan torpaqlarının. Bu, bir daha sübut edir ki, indiki Ermənistan Azərbaycan torpaqlarıdır və bunu ermənilər öz qaynaqlarında öz dillərindən etiraf edirlər ki, bu ərazilər onlara aid deyil. Ona görə biz bu mənbələrə istinad etməliyik".
Q.Çaxmaqlı bütün bunların fonunda Qərbi Azərbaycan ideyasının cəlbedici olduğunu əlavə edib: "Ona görə də bu ideyanı yaşatmaq lazımdır. Düzdür, indiki şəraitdə Ermənistan əraziləri beynəlxalq hüquqla tanınan bir dövlətdir. Amma sabah elə bir şərait yarana bilər ki, biz dünyanın buraxdığı tarixi səhvi bir daha təkrarlamarıq".