Ekskluziv
1741
14 Sep 2024 | 14:24

"Bu, təhlükəli oyundur": NATO Ukraynaya qoşun yeritmək istəyir?..

 
"Rusiya və Çin bərabətlik və qarşılıqlı hörmətə əsaslanan ədalətli, çoxqütblü dünya düzəninin yaradılmasına dəstək verir..."
 
Rusiya NATO-nu Ukraynaya qoşun yeritmək planlarında ittiham edib
 
Rusiya bəyan edib ki, NATO, guya, Ukraynaya qoşun yeritməyi planlaşdırır. Bundan başqa, rusiyalılar ABŞ-ın yeni təhlükəsizlik blokları yaratmaqla "Asiyada müharibəyə hazırlaşdığına" inandırmaq istəyir.
 
Moderator.az xəbər verir ki, bu barədə illik Syanşan forumunda Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin bəyan edib. Məlumatı "Reuters" nəşri yayıb.
 
"Rusiya və Çin bərabərlik və qarşılıqlı hörmətə əsaslanan ədalətli, çoxqütblü dünya düzəninin yaradılmasına dəstək verir. Rusiyanı Kiyevin düsturları ilə danışıqlara məcbur etmək üçün NATO ölkələri Ukraynaya qoşun yeritməyi planlaşdırır. Bu, nüvə dövlətlərinin birbaşa münaqişəsinə gətirib çıxara biləcək təhlükəli oyundur", - Fomin bəyan edib.
 
Bununla belə, NATO dəfələrlə bəyan edib ki, Ukraynaya qoşun göndərməyi planlaşdırmır.
 
Eyni zamanda, Çin müdafiə naziri Donq Tszyun forumda bəyan edib ki, ÇXR öz qonşuları ilə, o cümlədən inkişaf etməkdə olan ölkələrlə hərbi əlaqələrini gücləndirəcək.
 
"Böyük ölkələr qlobal təhlükəsizliyin müdafiəsində öz üzərinə aparıcı rolu götürməli, "sıfır cəm" prinsipindən imtina etməli və kiçik və zəifləri qorxutmaqdan çəkinməlidir", - Donq Birləşmiş Ştatları  üstüörtülü tənqid edib.
 
"Çoxqütblü" dünyada heç kim autsayder və ya müşahidəçi olmağı özünə rəva bilməməlidir", o, əlavə edib.
 
"Böyük və ya kiçikliyindən, inkişaf etmiş və ya inkişaf etməkdə olmasından asılı olmayaraq, ölkələr beynəlxalq işlərdə iştirak etmək, öz ehtiyaclarını ifadə etmək üçün bərabər hüquqlara malik olmalı, habelə öz qanuni hüquqları və maraqlarını qorumalıdır", - Donq deyib.
 
Donqun bəyanatı Cənubi Çin dənizi, Tayvanla bağlı gərginliyin artmasına və Vaşinqtonun Ukraynaya hərbi müdaxiləsi fonunda Pekinin Rusiya ilə sıx əlaqələrindən narahatlığına rəğmən, ABŞ və Çin orduları arasında əlaqənin yüngülləşdiyi zaman səsləndirilib. 
 
O, deyib ki, regional gərginlik məsələsini həll etmək üçün region ölkələri "birlik vasitəsilə qüvvələr axtarmalı və öz dünyası naminə özlərinə güvənməlidir".
 
Qərb qoşunlarının Ukraynaya göndərilməsi - son xəbərlər
 
Fransa Milli Assambleyasının sədri Yael Bron-Pive Ukraynaya qoşun yeridilməsini istisna etməyib. Onun sözlərinə görə, Emmanuel Makron əvvəlki çıxışlarında bəyan edib ki, o, "heç nəyi istisna etmir".
 
"Fransanın indiyədək sərgilədiyi və Ukraynanın qələbəsinədək sərgiləyəcəyi mövqedə heç nə istisna olunmur. Mən prezidentin sözlərinə əlavə heç nə deməyəcəyəm, bu mövqe kifayət qədər aydındır", - o, deyib.
 
Eyni zamanda, ABŞ müdafiə nazirinin NATO və Avropa siyasəti məsələləri üzrə köməkçisinin müavini Cim Taunsend qeyd edib ki, Makronun Ukraynaya qoşun göndərilməsi barədə bəyanatı kifayət qədər ikimənalı təsir bağışlayıb və buna bənzər bəyanat ilk dəfə səsləndirilib.
Link kopyalandı!
Son xəbərlər