“Azərbaycan bununla Türkiyənin gələcək inkişafına böyük töhfə verir...”
Elm və Təhsil
1884
14 Sep 2024 | 13:53

“Azərbaycan bununla Türkiyənin gələcək inkişafına böyük töhfə verir...”

“Həmin layihələrin həyata keçirilməsi ölkənin qaz təchizatının artırılmasıyla yanaşı, Türkiyənin Avropanın enerji təminatında aparıcı dövlətlərdən birinə çevrilməsinə gətirib çıxarıb...”
 
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Namiq Məmmədovun bu yaxınlarda işıq üzü görmüş “Müasir Türkiyənin neft problemi” adlı kitabında Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığı kontekstində qardaş ölkənin neft probleminin həlli perspektivlərindən də danışılır. Bəs görəsən, hazırda bu istiqamətdə hər iki dövlətin müvafiq qurumları hansı işləri davam etdirir?..
Moderator.az-a açıqlamasında sözügedən kitabın müəllifi mövzu ilə bağlı bunları söyləyib: 
 
“Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığı kontekstində qardaş ölkənin neft probleminin həlli perspektivlərindən danışarkən söhbət yalnız konkret olaraq neft məhsullarından yox, iki ölkə arasında həm də qaz, ümumiyyətlə, karbohidrogen ehtiyatlarıyla bağlı əməkdaşlıqdan gedir. Azərbaycanın təkcə Abşeron yatağındakı aşkar olunmuş karbohidrogen  ehtiyatı 1 trilyon kubmetrdən artıqdır. Bundan əvvəl “Şahdəniz” yatağında 2 trilyon kubmetrdən çox qaz ehtiyatının olduğu aşkar edilmişdi... 
 
Bilirik ki, Türkiyənin neft-qaz məhsullarına böyük ehtiyacı var, çünki Türkiyə karbohidrogen ehtiyatları cəhətdən xarici ölkələrdən asılı olan bir dövlətdir.  Azərbaycanla bu istiqamətdə əməkdaşlıq əsasən Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə həyata keçirilir.  Və eyni zamanda Bakı-Tbilisi-Ərzurum qaz kəməri  və ona alternativ digər bir kəmərin çəkilməsi, həmçinin 2018-ci ildən Trans Anadolu(TANAP və Trans Adriatik(TAP) boru kəmərləri layihələrinin həyata keçirilməsi ölkənin qaz təchizatının artırılmasıyla yanaşı, Türkiyənin Avropanın enerji təminatında aparıcı dövlətlərdən birinə çevrilməsinə gətirib çıxarıb. Bu da Türkiyənin gələcək inkişafına böyük töhfə verir. Bundan əlavə, “Star” neft zavodunun tikilməsi də həm Türkiyə iqtisadiyyatınının inkişafına, həm də Azərbaycanın xaricə maliyyə yatırmasına gətirib çıxarmışdır. Bu da qarşılıqlı münasibətlərin yüksək səviyyədə tərəqqi etməsinə, eyni zamanda Türkiyənin neft-qaz problemlərinin etibarlı şəkildə həllinə təkan verən amillərdəndir.  Və hər iki ölkə bundan qarşılıqlı şəkildə faydalanırlar...”
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər