Moderator.az “Yuxu kimi” serialındakı Cövdət obrazı ilə məşhurlaşmış aktyor Niyaz İlyasoğlunun Teleqraf.com-a müsahibəsini təqdim edir.
- Niyaz bəy, siz “Yuxu kimi” serialından əvvəl “Pərvanələrin rəqsi” serialında oynamısız. Amma, deyəsən, o qədər diqqət cəlb etməmisiniz. Bu nə ilə bağlı idi?
- "Pərvanələrin rəqsi"ndə mən kiçik bir obraz oynamışam. Bundan başqa, ANS-in iki serialında epizodik rolda çəkilmişəm. İlk böyük obrazım "Sonuncu fəsil" serialında olub. Deməzdim ki, diqqət cəlb etmədim. O dövr üçün kifayət qədər maraqlı, effektli serial idi, "Yuxu kimi" qədər populyar olmasa da.
Sadəcə, bu serial bir mövsüm efirdə oldu. Ondan sonra xeyli durğunluq yaşadım. Heç yerdə çəkilə bilmədim. Ara-sıra xırda-para epizodlarda oynadım.
- Bu "qara zolağa" neçə düşmüşdüz?
- Bilmirəm nə ilə bağlı idi. Amma mən "İmtahan" serialında epizoda çəkiləndən sonra dedilər ki, bilsəydik, səni daha böyük rola çağırardıq. Səbəbi kəşf olunmamaq idi...
- Yeddi filmdə çəkiləndən sonra nəhayət “Yuxu kimi”də böyük uğur qazandınız. Yəqin ki, gözləməyə dəyərdi. Ümidinizi üzməmişdiniz ki?
- Gözləməyə dəyərdi, əlbəttə. Ümidimi üzməmişdim. Mən həyat yoldaşıma da deyirdim, elə bir rol istəyirəm ki, özümü göstərə bilim, özümü təsdiq edim, məncə, ondan sonra yaxşı olacaq. Və o rol gəlib çıxdı. "Yuxu kimi"dəki Cövdət obrazı...
- Həyatda kifayət qədər mehriban insansız. Niyə Cövdət rolunu sizə verdilər? Bəlkə insanlara bəlli olmayan qaranlıq tərəfləriniz var?
- Hər kəsin insanlara bəlli olmayan qaranlıq tərəfləri var, bu aydındır. Amma onu deyə bilərəm ki, Cövdət neçə görünübsə, o, Niyazdan dolayı elə görünüb. Yəni Cövdətin əsəbi, qaranlıq tərəfləri Niyaza məxsusdur. Tanıyanlar bilir ki, mehribanam, danışıb-gülənəm, düzdür, əsəbiləşməyim də olur. Mənfi enerjimi mən Cövdət üçün saxlamışdım, onun üçün istifadə edirdim.
Sizə deyim ki, Rövşən İsaxın rejissor komandası məni əslində "Yuxu kimi"yə Aqşin obrazı üçün dəvət etmişdi. Hətta demişdilər ki, o rol sənin üçün yazılır. Ssenari hazır oldu, məni Aqşin kimi dəvət etdilər. Tərəf-müqabillərimlə müəyyən səhnələri məşq edərkən, rejissorların baxışlarından sezirdim ki, deyəsən, Aqşin rolu məndə alınmayacaq. Həmin baxışlar deyirdi ki, hər şeyi düz edirsən, amma bizim istədiyimiz bu deyil.
Eyni zamanda Cövdət obrazının - mənfi qəhrəmanın seçimləri gedirdi. Aktyorlar gəlirdi, gedirdi, yoxlayırdılar, uyğun aktyor tapa bilmirdilər. Birdən Rövşən müəllimin fikrindən keçdi ki, gəl səni Cövdət kimi yoxlayaq. Cövdət obrazını sınaqdan keçirdik və məlum oldu ki, mənim obrazım elə Cövdət olacaq.
- Beləcə, Niyaz İlyasoğlu pis oğlan imici qazandı...
- Məndə elə bir kompleks yoxdur. Düzdür, istəyirəm müsbət obraz oynayım. Hazırda "Xəyanət" serialında ikinci mövsümdən bir obrazda oynayıram. Əvvəl demişdilər ki, mənfi obrazdır, oynadıqca görürəm ki, yox, mənfi deyil, mən istəyən kimidir. Cövdət qədər ağır və çətin deyil. Eyni zamanda, ürəyimə yatan obrazdır.
-“Yuxu kimi” serialında sizin obrazınız elə populyar oldu ki, hətta baş rol ifaçılarını sıxışdırıb çıxardı. Adətən mənfi rol ifaçılarını baş rola keçirmirlər. Bu sizin uğurunuz idi?
- Cövdətin baş obrazların yerinə keçməyi və onlara yaxınlaşması, məncə, bu səbəbdən oldu: Cövdət nə qədər mənfi olsa belə, həm də pozitiv obraz idi. Anasıyla, atasıyla danışmağı, öz təbirincə zarafat eləməyi, ironik yanaşmaları camaatda nə qədər qıcıq doğururdusa, bir o qədər də simpatiya yaradırdı.
Beş il davam edən serialın sonunda gördüm ki, tamaşaçılar onu olduğu kimi qəbul ediblər. Yəni, bildik, pis oğlansan, hərdən aldadırsan, oğurluq edirsən, badalaq gəlirsən, kələk qurursan, hiylə işlədirsən, ancaq biz səni artıq belə qəbul etmişik. Və inandırım sizi, Cövdət adaya düşəndə elə tamaşaçılar vardı ki, ağlaya-ağlaya yazırdılar, səs göndərirdilər ki, axı bu niyə belə oldu...
Halbuki o, layiqli cəzasını aldı. Və "layiqli cəzanı aldı" deyənlər də həddindən artıq çox idi. Amma Cövdətin adaya düşməyinə mən özüm də pis olmuşdum. İçimdə qəribə hisslər vardı. Elə o sonuncu çəkiliş günündə də adada Cövdətlə vidalaşdım. Onu o adada buraxdım, gəldim.
- Darıxmırsız ki?
- Yox, darıxmıram Cövdət üçün. Onunla yenidən görüşmək fikrim də yoxdur. Mən başqa bir obraz yaratmaq üçün onunla vidalaşmalıydım.
- Niyaz bəy, müsbət rolu oynamaq asandır, yoxsa mənfi rolu?
- Tamaşaçılar məni yolda, küçədə, ya mağazada görəndə deyirlər ki, müsbət rol oynamaq çətindir, ona görə əlavə təşəkkür edirik sizə. Mənim özümə qalanda, məncə, ancaq vəziyyəti oynamaq çətindir. Yəni düşdüyün situasiyada ancaq doğru oyun göstərmək, doğru oynamaq çətindir. Düzünə qalsa, mənfini oynamaq doğrudan da bir balaca çətindir.
- Serialın qazancı necədir?
- Serialın qazancı yoxdur. Bəzən elə düşünürlər ki, əgər seriala düşdünsə, on minlər, yüz minlər qazanacaqsan. Hər halda Azərbaycanda belə deyil. Bildiyim və bilmədiyim səbəblərdən...
- Bəlkə uyğun reklam bazarı yoxdur?..
- Ola bilər. Hər halda daha yaxşı ola bilər və olmalıdır.
- Bəs serialın sonu necə, daha yaxşı ola bilərdimi? Düzü, bir az gözlənilməz oldu, mücərrəd bitdi. Adadan qurtula bildinizmi, yoxsa ömrünüzü kimsəsiz adada Robinzon kimi başa vurdunuz, bəlkə qurda-quşa yem oldunuz?
- Serialın sonuyla bağlı çox etirazlar oldu, bir az "mücərrəd", bir az "mənasız" deyənlər də oldu. Amma realllıq onda idi ki, serial bitməliydi. Ssenaristlər, rejissorlar belə qərar verdilər.
Bəzi tamaşaçılar yazır ki, Cövdət özüylə telefon götürüb iki-üç gündən sonra zəng edə bilərdi. Amma iki-üç gündən sonra adadan xilas olmaqdan söhbət getmir. Şərtim ondan ibarət idi ki, sən o adada qalmalısan. Əgər 15 gündən sonra birtəhər xilas olub qayıdıb gəlsəydim, yenə şərt pozulurdu.
Sonra polis, məhkəmə... Ona görə Cövdət istəsə belə ordan çıxa bilmir artıq. Deməzdim Cövdət qurda- quşa yem oldu, baş çıxardacaq ordan. Yəni ordadır Cövdət, cəzasını çəkir.
- Sizcə, indi seriallarda niyə müsbət obrazlar azdır?
- Deməzdim, seriallarda müsbət obrazlar azalıb. Hər serialda müsbət də var, mənfi də, bu da dramaturgiyanın qanunudur. Qarşı-qarşıya durmuş qütblər, tərəflər olmalıdır. Amma mənfi obrazlar baxılır, bu reallıqdır. Və onu gözəl oynayanda, xüsusilə baxılır.
- Serialda xanımınıza qarşı kobud davranışınızla seçilirdiniz. Həyatda qadınlara qarşı necəsiz?
- Serialda bəli, Ləman xanıma qarşı kobud idim, nifrətin kökü də ordan doğurdu. Həyatda xeyr, əsla elə deyiləm. Hərdən qışqırıb-bağırmağım var, amma əl qaldırmaq mənlik deyil. Buna ehtiyac da yoxdur, bir şeyi danışıb həll etmək olar. Şükür, mənim xanımım da anlayışlıdır.
- Düzdür ki, ən böyük sevgilər nifrətdən yaranır?
- Nə bilim, vallah, elə deyirlər. Amma bizim məhəbbət nifrətdən yaranmayıb. Bir az başqa cür olub.
- Həyat yoldaşınızın sözlərinə görə, əvvəlcə sizdən xoşu gəlməyib, tədricən sevib. Sizin kimi üzügülər, pozitiv insan niyə sevilməkdə gecikib ki?
- Həyat yoldaşım mənim haqqımda düşünüb ki, özündənrazıdır, yekəxanadır, ona görə ilkin təəssürat başqa cür olub.
Adətən, az danışan adamam, çox danışmağı xoşlamıram, ona görə adamlara sirli gəlir ki, bu adam kimdi, nəçidi. Pozitiv olmağım adaptasiyadan sonra başlayır.
- Həyat yoldaşınız Könül Şahbazova da sizinlə serialı paylaşdı. Birlikdə serialda oynamağın daha çox yaxşı tərəfləri var, ya əksinə? Məsələn, bir-birinizin nöqsanlarını görürsüz, tənqid edirsiz və sair.
- Birlikdə serialda rol almağın yaxşı tərəfləri də var, yaxşı olmayan tərəfləri də var. Əlbəttə, bir-birimizin fikrini soruşanda tənqidlər də olurdu. Bəzən hansısa fikirlərimi deyirdim, çünki serialın içində bişmişdim artıq. Amma Könül xanım da rolunu yaxşı ifa etdi.
- Təcrübədə görürük ki, bir-biri ilə evli sənət adamları bir-birinin uğurunu qısqanırlar. Sizin üçün belə təhlükə yoxdur ki?
- Niyə qısqanaq ki? Nəticədə qazandığımız hər şey ailənin büdcəsinə gəlir. Bu maddi tərəfi. Sənət tərəfindən məsələyə baxanda isə, əgər daha da yüksəlirsənsə, niyə də qısqanasan ki? Siz dediyiniz o halda ola bilər ki, biri çox məşhurdur, biri heç məşhur deyil. Biz ikimiz də az-çox tanınırıq. Həm teatr, həm DƏ film sahəsində.
- İki övladınız var. Övladlarınızın incəsənət aləmində olmasını istərdinizmi?
- Bəli, iki övladımız var. İndiki vəziyyətdə incəsənətə o qədər də böyük qayğı görmürəm. Əgər belə davam edəcəksə, incəsənət sahəsində olmalarını istəmirəm. Amma düşünürəm ki, mən onları heç vaxt məcburiyyət qarşısında qoymaram. Yəni təkid eləmərəm ki, incəsənət sahəsində olmalısız, gəlin, mən də sizə kömək edəcəyəm. Öz həyatlarıdır, qoy öz seçimləri olsun: sənət seçimi, ailə seçimi. Təki doğru seçim olsun.
- Deyəsən yoqa ilə məşğul olursuz?
- Yox, yoqa ilə məşğul olmuram. Elə bir şəklim var, sadəcə meditasiya edirəm.
- Bəs boş vaxtlarınızda nə edirsiz?
- Boş vaxtlarım o qədər çox olmur. Olanda doyunca yatıram. Vaxtım olanda kitab oxuyuram, mümkün qədər stress atmağa çalışıram; sənətdən, işdən, heç nədən danışmaq istəmirəm. Yeni, fərqli üslubda olan filmlərə, seriallara baxmağı çox xoşlayıram.
- İyirmi ildən sonra özünüzü harda görürsüz?
- İyirmi ildən sonra özümü yenə bu sənətdə görürəm. Amma hər şeyin "daha"sını istərdim. Daha gözəl, daha yaxşı, daha maraqlı, daha fərqli rollar - həm teatrda, həm kinoda. Və daha gəlirli, nə yalan deyim. Hər şeyin "daha" olması üçün çalışırıq, ümidvaram, elə də olar, əziyyətimiz yerdə qalmaz.