Ekskluziv
1994
12 Sep 2024 | 14:20

"Vahid qənaətə gəlmək üçün..." - Qulu Məhərrəmli ortaq əlifbanın tətbiqindən danışdı

Sentyabrın 9-dan 11-dək Bakıda Beynəlxalq Türk Akademiyası və Türk Dil Qurumu tərəfindən təşkil olunan "Türk Dünyası Ortaq Əlifba Komissiyası"nın üçüncü iclası öz işini uğurla başa vurub.
 
Bu barədə Beynəlxalq Türk Akademiyasının və Türk Dil Qurumunun Ortaq Türk Əlifbasına dair mətbuata birgə açıqlamasında bildirilib.
 
Qeyd edilib ki, Türk Dövlətləri Təşkilatı tərəfindən təsis olunmuş Türk Dünyası Ortaq Əlifba Komissiyasının üzvlərinin iştirakı ilə keçirilən bu önəmli iclasın əsas məqsədi bu sahədə əldə edilən bilik və təcrübələrin paylaşılması və Komissiyanın ikiillik təcrübəsinə əsaslanaraq Türk dilləri üçün ortaq əlifba layihəsi üzərində işlərin yekunlaşdırılması idi.
 
Bəs görəsən bu nə qədər realdır, ortaq əlifbanın tətbiqi üçün bir mexanizm varmı?
 
Mövzu ilə bağlı filologiya elmləri doktoru Qulu Məhərrəmli Moderator.az-a danışdı. 
 
Bakupost.az - “Böyük dövlətlər Azərbaycanda sabitlik olmasını istəyir” -  Qulu Məhərrəmli
 
Onun sözlərinə görə, bu ortaq türk əlifbası məsələsinin gündəmə gəlməsi təsadüfi deyil, yəni bu yeni məsələ də deyil: 
 
"Çünki ən aşağısı, yüz il, yüz əlli il olar ki, bu məsələ gündəmdədir. Çünki Türk xalqlarının mənəvi, iqtisadi, siyasi, sosial birliyi gücləndikcə bu məsələ həmişə gündəmdə olur. Həmçinin, birinci Türkaloji Qurultayda da, yüz il əvvəl Bakıda keçirilən o qurultayda da bu məsələ gündəmdə olmuşdur. İndi bu gün ortaq türk dili məsələsindən danışılır. Bunlar hamısı aktual məsələlərdir və əsas məqsədi Türk xalqlarının, Türk cümhuriyyətlərinin vahid, kulturoloji məkanda inteqrasiya məsələlərinin həllinə yönəlib. Ona görə də indi bu əlifba axtarışları gedir, ortaq Türk dili ilə bağlı mübahisələr gedir, müzakirələr aparılır. Yəni bunlara normal baxmaq lazımdır.
 
O ki qaldı konkret irəli sürülən əlifbaya, bununla bağlı da fikirlər söyləmək olar .Önəmli olan odur ki, elə bir əlifba olsun ki, onda yazmaq-pozmaq heç kim üçün problem olmasın. Qazax da, qırğız da, qaqauz da, digər türkdilli xalqlar da bu dildə, bu əlifbada rahat yazıb-pozsunlar. İndi burada spesifik səslərdən söhbət gedir. ”Q”dır, ”X”dır, ”H”dır, bunlar necə olacaq, nə təhər olacaq? Mənə elə gəlir ki, bunlar hamısı elmi müzakirələr əsnasında həll oluna biləcək məsələlərdir. O ki qaldı vahid, ortaq türk dili məsələsinə, bu da gündəmdə olacaq, zaman-zaman bizdə də aktuallaşır. Yəni bununla da bağlı müəyyən fikirlər, yollar var. Məsələn bu Anadolu türkcəsini götürmək və onun əsasında ortaq ünsiyyət dili yaratmaq, bu məsələ də gündəmdədir. Yəni nə gözəl ki, belə proseslər gedir. Mübahisələr, fikir ayrılıqları olub və həmişə olacaq. Amma vahid qənaətə gəlmək üçün çox müzakirələr aparılmalıdır. Onlardan da biri Bakıda keçirilib və bu diskussiyalar davam edəcək”.
Link kopyalandı!
Son xəbərlər