“Qərbdəki bəzi dairələrin Ermənistanı silahlandırmaq siyasətinin arxasında Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək, yeni qarşıdurma yaratmaq niyyəti dayanır”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Ekspert qeyd edib ki, Qərb bu coğrafiyada möhkəmlənmək üçün ölüm və qana ehtiyac duyur:
“Ölüm və qan – bu, Qərbdəki bəzi güclərin Qafqaza gəlişi üçün dəvətnamədir. Onlar ancaq bu yolla regiona gələ, əsl niyyətlərini reallşadırmaq üçün məhz bu faktordan faydalana bilərlər. Buna görə də onlar Ermənistanı silahlandırmaqla onu yeni qarşıdurmaya təhrik edir, vəziyyəti süni şəkildə gərginləşdirməyə çalışırlar. Bu qüvvələrin niyyəti sülh və etimad mühitinə zərbə vurmaq, yeni qarşıdurma fonunda regionda möhkəmlənmək, iqtisadi, siyasi, hərbi maraqlarını qorumaqdır.
Azərbaycan onların bu niyyətini ifşa edib və bundan sonra da edəcək. Lakin İrəvan da bu məsələdə ayıq-sayıq olmalı, onların avantürasına boyun əyməməlidir. Əks təqdirdə, bundan zərərli çıxan yenə də Ermənistan olacaq”.
Seymur ƏLİYEV