“Bakıda Beynəlxalq Azadlıq Cəbhəsinin yaradılması Azərbaycanın əsarət altındakı xalqlara töhfəsidir”.
Bunu Moderator.az-a açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli bildirib. Hüquqşünas qeyd edib ki, Azərbaycanın müstəmləkəçilikdən əziyyət çəkən xalqlara dəstəyi artıq öz müsbət nəticəsini verməkdədir:
“Müstəmləkəçiliyə qarşı bu yeni hərəkat məhz Azərbaycanın təşəbbüsü ilə yaranıb. Bu mənada, Bakı Təşəbbüs Qrupunun fəaliyyəti olduqca təqdirəlayqidir.
Baş verənlər onu göstərir ki, Azərbaycan işğal altındakı torpaqlarını azad edəndən sonra digər xalqların da əsarət altında qalmasına qarşı mübarizə aparır və bu mübarizədə böyük uğurlar əldə edir.
Azərbaycanın müstəmləkəçiliyə qarşı atdığı addımlar bəzi konkret nəticələr verib. Ən azından müstəmləkəçiliyə beynəlxalq diqqət artıb. Fransa və bu qəbildən olan dövlətlərin müstəmləkə siyasətinə beynəlxalq ictimaiyyət daha çox diqqət yetirməyə başlayıb.
Hesab edirəm ki, bu mübarizə uğurla başa çatacaq və sonda müstəmləkəçi dövlətlər əsarət altında saxladıqları xalqların azadlıq istəyi ilə razılaşmağa məcbur olacaq”.
Seymur ƏLİYEV