Bakı növbəti dəfə İrəvan üzərində siyasi-psixoloji zəfərə imza atdı
Ermənistanın baş naziri Nikol Paşinyan Konstitusiya Günü münasibətilə xalqa ünvanladığı təbrik məktibində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fikrini təkrarlayıb. Belə ki, baş nazir bildirib ki, Ermənistan konstitusiyasının dəyişdirilməsinə ehtiyac var.
Xatırladaq ki, Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarıdna Ermənistan konstitusiyasının dəyişilməsinin vacibliyini vurğulayıb. Dövlət başçısı qeyd edib ki, Ermənistan konstitusiyasından qonşu dövlətlərə qarşı ərazi iddiaları çıxarılmalı, gələcək münaqişələr üçün əsas ola biləcək fikirlərə son qoyulmalıdır. Prezident İlham Əliyev bunsuz sülhün mümkün olmayacağını bildirib.
Azərbaycanın dövlət başçısının məlum bəyanatlarının ardınca Paşinyanın konstitusiya dəyişikliyini dilə gətirməsi rəsmi İrəvanın Bakının mesajlarını kifayət qədər ciddi qəbul etdiyini göstərir. Bu fakt sübut edir ki, Paşinyan rejimi Ermənistan konstitusiyasının regional sülh üçün təhdid mənbəyi olduğunun fərqindədir. İrəvan onu da başa düşür ki, bu dəyişikliksiz sülhə nail olmaq həqiqətən də mümkün olmayacaq. Məhz bu baxımdan da Paşinyan İlham Əliyevin fikirlərini təkrarlamaqla, faktiki olaraq Azərbaycanın dövlət başçısının mövqeyini dəstəkləyib.
Ermənistanın baş nazirinin konstitusiya dəyişikliyi ilə bağlı fikirlərini məhz Konstitusiya Günündə dilə gətirməsi də maraqlı məqamlardan biridir. Görünür Paşinyan Ermənistanın revanşist kəsimində qıcıq doğuran bu fikri ən qısa zamanda ictimaiyyiləşdirmək və ictimai rəyi bu dəyişikliyə hazırlamaq fürsətini fövtə vermək istəməyib.
İstənilən halda Paşinyanın İlham Əliyevin mövqeyini dəstəkləməsi, konstitusiya dəyişikliyinin vacxibliyini etiraf etməsi Azərbaycanın Ermənistan üzərində növbəti diplomatik-psixoloji qələbəsi kimi dəyərləndirilməlidir. Bu həqiqət Azərbaycanın İrəvanın qərarlarına təsir göstərmək, bu ölkədəki siyasi proseslərə yön vermək qüdrətinə malik olduğunu göstərir. Həmçinin, bu fakt sübut edir ki, Azərbaycan öz iqtisdi gücü ilə yanaşı, həm də qətiyyətli siyasəti ilə bütün regionun, eləcə də Ermənistanın gələcəyini şəkilləndirməkdə, region üçün təhdid təşkil edən istənilən təhlükəyə qarşı uğurla mübarizə aparmaqdadır.
Seymur ƏLİYEV