“Dövlət müstəqilliyimiz bu tarixi sənədlərlə bərpa edildi...”-Tariximizə fərqli baxış...
Elm və Təhsil
2918
24 Jun 2024 | 19:05

“Dövlət müstəqilliyimiz bu tarixi sənədlərlə bərpa edildi...”-Tariximizə fərqli baxış...

1988-ci ilin fevral ayında ilk çıxışlar başladı, noyabrın 17-dən dekabrın 4-ə qədər “Azadlıq” (o vaxt Lenin meydanı) meydanında fasiləsiz mitinq keçirildi...”
 
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:
(Əvvəli burada:)
 
SSRİ-nin süqutu. Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi...- XXXXVI mövzu
 
1980-cı illərin ortalarından başlayaraq SSRİ iqtisadi-siyasi böhran və tənəzzül mərhələsinə daxil oldu. 80-cı illərin ikinci yarısından ölkədə gedən ictimai-siyasi proseslər bu böhranı daha da dərinləşdirdi. Müxtəlif iqtisadi proqramlar qəbul etməklə və ya struktur dəyişiklikləri yolu ilə hakimiyyət mövcud siyasi sistemi qoruyub saxlamağa çalışırdı. Belə proqramlardan biri, həm də ən sonuncusu 1985-1986-cı illərdə Yenidənqurma proqramı oldu. Lakin iqtisadi və siyasi böhranın son dağılma mərhələsini yaşayan SSRİ-ni bu islahatlar proqramı da qurtara bilmədi, əksinə prosesi daha da tezləşdirdi. 
 
Bu vaxt Azərbaycanda hakimiyyət dəyişikliyi baş verdi. 1988-ci ilin mayında Moskva Əbdürrəhman Vəzirovu Kamran Bağırovun əvəzinə hakimiyyətə gətirdi. Onun cəhdləri heç bir nəticə vermədi, 1990-cı il 20 Yanvar faciəsindən sonra Moskvaya qaytarıldı. Hakimiyyət kürsüsündə onu Ayaz Mütəllibov əvəz etdi [1].
 
1980-ci illərin sonuna doğru SSRİ və onun sosialist düşərgəsi çox gərgin bir böhranla üzləşdi. ABŞ və onun müttəfiqləri isə SSRİ-nin zəifləməsindən istifadə edərək tədricən onun təsir dairəsində olan ölkələrə və bölgələrə daxil olmağa başladılar. Afrikada Somali, Anqola, Konqo, Mozambik, Asiyada Vyetnam, Əfqanıstan, Çin, Şimali Koreya, Amerikada Kuba, Avropada Macarıstan, Şərqi Almaniya, Polşa, Çexoslovakiya, Yuqoslaviya və digərləri bu düşərgəyə daxil idi. Az vaxt ərzində böyük dəyişikliklər baş verdi, onlar sosialist perspektivindən ya tam imtina etdilər, ya da, məsələn, Çin kimi təkamül formasını tətbiq etdilər. Millətlər bir-birinin ardınca SSRİ-yə, sosializm quruluşuna qarşı hərəkata başladılar.
 
Bu dövrdə Azərbaycanda ictimai-siyasi həyat bir qədər canlandı. 1987-1988-ci illərdə Bəxtiyar Tuncay, Tofiq Rəsulzadə, Fuad Ağayev, Məhəmməd Hatəmi Tantəkin, Ağası Hun, Vurğun Əyyub, İsa Qəmbər, Zərdüşt Əlizadə və digərlərinin iştirakı ilə “Bakı Alimlər klubu”, “Varlıq”, “Çənlibel”, “Oğuz” və digər təşkilatlar yaradıldı. Bu təşkilatlar əsasən maarifləndirmə fəaliyyəti ilə məşğul idi [4]. Xalq həm müstəqillik uğrunda, həm də Qarabağda erməni iddialarına qarşı mübarizəyə qalxdı. 1988-ci ilin fevral ayında ilk çıxışlar başladı, noyabrın 17-dən dekabrın 4-ə qədər “Azadlıq” (o vaxt Lenin meydanı) meydanında fasiləsiz mitinq keçirildi. Nemət Pənahlı, İsa Qəmbər, Sabir Rüstəmxanlı, Etibar Məmmədov, Əbülfəz Elçibəy, Rəhim Qazıyev və digərləri mitinqə rəhbərlik etdilər. Xalq hərəkatının nəticəsi olaraq, 1989-cu il iyulun 16-da Bakıda keçirilən təsis konfransında Azərbaycan Xalq Cəbhəsi (AXC) yaradıldı. Ə.Elçibəy sədr, İ.Qəmbər, E.Məmmədov, R.Qazıyev, T.Qasımov və digərləri İdarə heyətinə seçildilər [5, s.635].
“İttifaq respublikaları” 1990-1991-ci illərdə SSRİ-nin tərkibindən çıxmaqla bağlı qanun və qərarlar qəbul etdilər. Bütün istiqamətlərdə SSRİ-nin dağılması prosesi sürətləndi. İmperiya son günlərində bir sıra qanlı hadisələr törətdi. 1989-cu il aprelin 9-da Gürcüstanın paytaxtı Tiflis şəhərində xalq hərəkatı silahla yatırıldı, 21 nəfər həlak oldu, 100 nəfərə yaxın yaralandı, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın paytaxtı Bakı şəhərində xalq hərəkatına divan tutuldu, 131 nəfər qətlə yetirildi, 700 nəfərdən çox adam yaralandı, 1991-ci il yanvarın 11-13-də Litvanın paytaxtı Vilnüsdə dinc nümayiş dağıdıldı. 13 nəfər həlak oldu, 600-ə qədər adam yaralandı. Bakıda sovet qoşunları xüsusi qəddarlıq və vəhşiliklə hərəkət etdilər. Azərbaycan xalqı imperiyaya qarşı güc və iradəsini göstərdi. Hər yerdə Sovet rəhbərliyinin bu cinayəti pisləndi. Tanınmış siyasi xadim, dövlət adamı Heydər Əliyev Moskvada Azərbaycan nümayəndəliyinə gedərək çıxış etdi, bu cinayəti ittiham etdi [11, s.15]. Gözlənilməz reaksiyalar da oldu. ABŞ prezidenti Corc Buş Kremlin bu cinayətinə bəraət qazandıraraq, “asayişi bərqərar etmək” üçün zəruri addım adlandırdı. İngiltərənin baş naziri M. Tetçer sonralar etiraf etdi ki, ABŞ prezidenti Corc Buş, Fransa prezidenti F. Mitteran və o, özü 20 Yanvar qırğınına etiraz etmədilər: “Biz bu addımın vacibliyini başa düşdük”. [10, s.26-27].
 
Bütün bu cinayətlərin təşkilatçısı olan Mixail Qorbaçov imperiyanı xilas etmək üçün siyasi dəyişikliklər etdi, prezident üsul-idarəsinə keçdi, 1990-cı ilin mart ayında SSRİ-nin prezidenti oldu. O, növbəti addım kimi, 1991-ci il martın 17-də SSRİ-nin saxlanılmasına dair referendum keçirdi. İttifaq üzrə referendumda iştirak edənlərin 76%-i SSRİ-nin saxlanılmasının lehinə “səs verdi”. Azərbaycanda bu rəqəm 93% oldu [13, s.350]. Yalnız Naxçıvan bölgəsi referendumda iştirak etmədi. Həmin vaxt Heydər Əliyev Naxçıvanda idi. O, 1987-ci ilin oktyabrında M.Qorbaçovun qərəzli mövqeyi nəticəsində SSRİ rəhbərliyindəki vəzifələrindən uzaqlaşdırılmış, bir müddət Moskvada yaşadıqdan sonra 1990-cı ilin iyulunda Bakıya, oradan da Naxçıvana qayıtmışdı və müəyyən çərçivələr daxilində siyasi proseslərdə iştirak edir, AXC-nin Naxçıvan şöbəsi ilə də əlaqələrini saxlayırdı. H.Əliyevin və Xalq Cəbhəsi fəallarının müqaviməti nəticəsində Naxçıvan 17 mart referendumunu boykot etdi. H.Əliyev həmin ilin sentyabrında Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçildi, geniş siyasi fəaliyyətə başlayaraq, 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasını yaratdı.
 
M.Qorbaçovun 17 mart referendumu da SSRİ-ni xilas edə bilmədi. Hadisələr sürətlə inkişaf edir, M.Qorbaçovla yanaşı SSRİ-nin digər rəhbərləri də vəziyyətdən çıxış yolu tapmağa çalışırdı. SSRİ rəhbərliyinin bir qrupu vəziyyətdən çıxış yolu kimi dövlət çevrilişi həyata keçirməyə, M.Qorbaçovu hakimiyyətdən kənarlaşdırmağa cəhd etdi. Ölkənin vitse-prezidenti Gennadi Yanayev, dövlət təhlükəsizliyi komitəsinin sədri Vladimir Kryuçkov, daxili işlər naziri Boris Puqo, müdafiə naziri Dmitri Yazov və digərlərinin daxil olduğu qrup 1991-ci il avqustun 18-də Krımın Foros şəhərində dövlət iqamətgahında istirahətdə olan M.Qorbaçovu faktiki olaraq həbs etdilər. Məsələnin mahiyyəti ondan ibarət idi ki, M.Qorbaçov avqustun 20-də SSRİ-nin ləğvi və Suveren Dövlətlərin Federativ Birliyi adlı yeni qurumun yaradılmasına dair sənədi imzalamağa hazırlaşırdı. Onlar M.Qorbaçova bu fikirdən geri çəkilməyi təklif etdilər. M.Qorbaçov bu təkliflə razılaşmadığına görə avqustun 19-da onun hakimiyyətdən kənarlaşdırıldığı və ölkədə Fövqəladə Vəziyyət üzrə Dövlət Komitəsinin (rusca “Государственный Комитет по Чрезвычайному Положению-QKÇP) yaradıldığını, həmin orqanın hakimiyyəti ələ aldığını elan etdilər. “QKÇP qiyamı” və ya “Avqust qiyamı” adlandırılan bu çevriliş cəhdinin qarşısı Rusiya lideri Boris Yeltsinin rəhbərliyi ilə alındı və M.Qorbaçov avqustun 22-də Moskvaya, öz vəzifəsinə qayıtdı [8]. Bəzi totalitar ölkələr qiyam cəhdini alqışladı, Qərb ölkələri isə birmənalı şəkildə M.Qorbaçovu müdafiə etdi.
 
M.Qorbaçovun hakimiyyətə qayıtması proseslərin qarşısını ala bilmədi. Rusiya Federasiyası, Ukrayna, Belarus rəhbərləri 1991-ci il dekabrın 8-də Belarusun Belovejsk meşəsində “Viskuli” hökümət iqamətgahında SSRİ-nin ləğvi və Müstəqil Dövlətlər Birliyinin (MDB) yaranmasına dair saziş imzaladılar. Sazişə Belarusdan Stanislav Şuşkeviç, Rusiyadan Boris Yeltsin, Ukraynadan Leonid Kravçuk qol çəkdilər [9, s.50-51]. Bununla SSRİ adlı imperiyanın mövcudluğuna son qoyuldu. 1991-ci il dekabrın 21-də Qazaxıstanın paytaxtı Alma-Atı şəhərində Rusiya, Ukrayna, Belarus, Azərbaycan, Ermənistan, Qazaxıstan, Özbəkistan və digər respublikaların prezidentlərinin iştirakı ilə toplantı keçirildi, iştirakçılar SSRİ-nin ləğvi, MDB-nin yaradılması ilə bağlı sazişə qoşulmaq haqqında Alma-Atı Bəyannaməsini imzaladılar (Azərbaycan MDB-yə rəsmən 1993-cü il 24 sentyabrda daxil oldu). Baltikayanı respublikalar (Latviya, Litva, Estoniya) MDB-yə daxil olmadı.
Xalqın təzyiqi və o zamankı ictimai-siyasi proseslərin təsiri ilə Azərbaycan SSR Ali Soveti 30 avqust 1991-ci il tarixli “Müstəqillik haqqında Bəyannamə” və 18 oktyabr 1991-ci il tarixli “Müstəqillik haqqında Konstitusiya Aktı” qəbul etdi. Bu sənədlərin hüquqi qüvvəyə minməsini təsdiqləyən “Müstəqillik haqqında” referendum 1991-ci il dekabrın 29-da keçirildi. Bu tarixi sənədlərlə Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. Azərbaycanın siyasi təsisatları da müstəqillik dövrünə uyğunlaşdırıldı. Parlamentin quruluşu, iş qayda və prinsipləri yeniləndi. Ölkədə Prezident institutu təsis edildi, 1991-ci il 8 sentyabr ümumi seçkiləri ilə Ayaz Mütəllibov Azərbaycanın ilk prezidenti seçildi. 1991-ci ilin noyabrından ilin sonuna qədər Azərbaycanın müstəqilliyini ilk olaraq Türkiyə, Rumıniya, Pakistan, İsveçrə, İran, İsrail, 1992-ci ildə isə ABŞ, Rusiya və digər ölkələr tanıdılar. Azərbaycan 1992-ci il yanvarın 30-da ATƏM-in (1995-ci ildən ATƏT), həmin il martın 2-də isə BMT-nin tamhüquqlu üzvü oldu [7].
 
Azərbaycan Respublikası müstəqillik dövrünün ilk illərində bir sıra problem və cətinliklərlə üz-üzə qalmışdı. 1990-cı illə müqayisədə istehsalın bütün sahələrində illik artım sürəti azı 25%-30% aşağı düşmüşdü. Bu mərhələdə respublika iqtisadiyyatının inkişafına mənfi təsir göstərən bir çox güclü amilər var idi. Bu amillərdən Ermənistanın təcavüzü, keçmiş SSRİ-nin regionları ilə iqtisadi əlaqələrin kəsilməsi, siyasi rəhbərliyin aydın fəaliyyət planının olmaması, hakimiyyət uğrunda kəskin mübarizənin aparılmasını və digərlərini göstərmək olar…
 
(Davamı var)
 
Ədəbiyyat:
 
 
1. Azərbaycanın ilk prezidenti necə xatırlanacaq?- bbc.com/azeri/azerbaijan-60898848.
 
2. Qəniyev H. Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik. “Elm və Təhsil” nəşriyyatı. Bakı, 2019.
 
3. Naxçıvan ensiklopediyası, Bakı, Elm, 2002.
 
4. Tuncay B. Azərbaycan xalqının Çənlibel təşkilatının tarixi.- muhaz.org/bextiyar-tuncay-azerbaycan-xalqnn-cenlibel-teşkilatnn-tarix-se.html.
 
5. Yaqublu N. Azərbaycan Milli Azadlıq Hərəkatı Ensiklopediyası. Bakı: “Qanun” Nəşriyyatı, 2018.
 
6. “Azerbaijan profile-Timeline”. –bbc.com/news/world-europe-17047328.
 
7. “The World Factbook: Azerbaijan.-cia.gov/library/publikations/the world- factbook/glos/aj.html.
 
8. Августовский кризис 1991. Большая Российская энциклопедия.-bigenc.ru/domestic_history/text/3785347.
 
9. Беловежские соглашения// Новая Российская Энциклопедия. Т. III (I). Москва, Инфра, 2007.
 
10. Зверев А. Этнические конфликты на Кавказе, 1988-1994 г.// Спорные границы на Кавказе. Москва, «Весь мир», 1996.
 
11. Зенькович Н. Самые закрытые люди: энциклопедия биографий. Алиев Г.А.- Москва, Олма-Пресс, 2002.
 
12. Мехтиев А. Мятежный полковник хочеть быть президентом// Независимая газета, Москва, 18.06.1993.
 
13. Постановление ВС СССР от 21 марта 1991 года № 2041-1 «Об итогах референдума СССР» 17 марта 1991 года.// Ведомости СНД и ВС СССР.-1992.
 
Link kopyalandı!
Son xəbərlər