Ceyhun Bayramov Qırğızıstanın yeni səfirini qəbul etdi - FOTO
Siyasət
2650
24 Jun 2024 | 17:33

Ceyhun Bayramov Qırğızıstanın yeni səfirini qəbul etdi - FOTO

Xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Maksat Mamıtkanovu qəbul edib.
 
Xarici İşlər Nazirliyindən (XİN) Moderator.az-a bildirilib ki, görüş zamanı səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.
 
Nazir səfiri təyinat münasibətilə təbrik edib, ona fəaliyyəti müddətində uğurlar arzulayıb.
 
Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, o cümlədən, siyasi, iqtisadi, nəqliyyat, humanitar, mədəni sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi və birgə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparıblar.
 
C.Bayramov ölkələr arasında əsrlər boyu mövcud olan etnik, mədəni, dini bağlara əsaslanan dostluq münasibətlərində danışaraq, bu əlaqələrin inkişafı perspektivlərini vurğulayıb. Hazırda Azərbaycan və Qırğızıstan arasında bütün səviyyələrdə qarşılıqlı anlaşmanın mövcud olduğunu bildirilib. Ölkə rəhbərləri arasında son zamanlar daha da artan təmasların, qarşılıqlı səfərlərin ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi ilə əlamətdar olduğu vurğulanıb.
 
Ölkələr arasında çoxtərəfli platformalarda, xüsusilə də Türk Dövlətləri Təşkilatı (TDT), SPECA, İslam Əməkdaşlıq Təşkilatı və digər regional təşkilatlarda əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. Xüsusilə, TDT çərçivəsində əməkdaşlığın geniş perspektivlərinin mövcudluğu, habelə mövcud potensialdan istifadə olunması istiqamətində TDT-yə üzv dövlətlər arasında intensiv təmasların vacibliyi vurğulanıb. Bu xüsusda, TDT-nin cari ilin iyul ayında Şuşa şəhərində keçiriləcək növbədənkənar zirvə görüşünün və oktyabr ayında Bişkekdə keçiriləcək rəsmi sammitin Təşkilatın inkişafına xidmət edəcək təmaslardan biri olacağına dair inam ifadə olunub.
 
Görüş zamanı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində geniş əməkdaşlıq imkanları olduğu qeyd edilib.
 
Qırğızıstanın sülh və quruculuq prosesinə dəstəyinin təqdirəlayiq olduğu, habelə Qırğız Respublikasının təşəbbüsü ilə Ağdamın Xıdırlı kəndində təməli qoyulmuş orta məktəbin bu dəstəyin bariz nümunəsi olduğu vurğulanıb.
 
Səfir Maksat Mamıtkanov ölkələr arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.
 
Həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər