“İrəvanda küçələr qaynayır, insanları dəyənək altına salıb döyürlər, lakin ABŞ Dövlət katibinin müavini Ceyms Olbrayen bildirir ki, Ermənistanda demokratiya inkişaf edib. İnsanların hər gün dəyənəklə döyüldüyü ölkədə demokratiyanın inkişafından necə danışmaq olar?”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Ekspert qeyd edib ki, ABŞ-ın Ermənistanda baş verən zorakılıqlar haqqında susması, əksinə, demokratiyanın inkişafından danışması bu ölkənin İrəvanla bağlı siyasətindən xəbər verir:
“Qərb hər zaman olduğu kimi bu gün də Ermənistandan öz məqsədləri üçün istifadə etməyə çalışır. Bu səbəbdən də Ermənistandakı prosesləri öz maraqlarına uyğun şəkildə təqdim edir. Ciddi daxili qarşıdurma və gərginliklər yaşayan Ermənistandan elə bəhs edir ki, sanki söhbət hansısa sivil, demokratik ölkədən gedir. O ölkədən ki, orada insan hüquqların ən yüksək səviyədə qorunur, heç bir narazılıq və gərginlik yoxdur.
Bütün bunlar onu göstərir ki, Qərb, xüsusilə də ABŞ və Fransa gələcəkdə də Ermənistandan öz məqsədləri üçün istifadə etməyə çalışacaq”.
Seymur ƏLİYEV