ABŞ xüsusi xidmət orqanları hərbçilər və onların ailələrinə sosial platformalardakı təhlükə ilə bağlı ikinci dəfə xəbərdarlıq edib.
Moderator.az xəbər verir ki, son aylar Çinin xüsusi xidmət orqanları ABŞ və Avropadan olan hərbçilərə, habelə onların ailə üzvlərinə müxtəlif iş təklifləri ilə müraciət edərək onları əməkdaşlığa cəlb etməyə çalışır. ABŞ kəşfiyyatının verdiyi məlumata görə, hərbçilərn ələ alınması prosesi əsasən sosial media platformasında həyata keçirilir. Bunun üçün özünü hər hansı bir şirkətin nümayəndəsi kimi təqdim edən şəxs hərbçilərə başlanğıc olaraq “harada işləyirsən, neçə yaşın var, hobbin nədir” kimi ilk baxışdan sıradan təsir bağışlayan suallar verilir. Daha sonra suallar “həssaslaşır”. Qarşı tərəf “öz bilik və bacarığını bölüşmək üçün” hərbçilərə böyük pullar, habelə bütün xərclərini ödəmək şərti ilə Çinə səfər təklifi edir.
ABŞ xüsusi xidmət orqanları bildirir ki, bu cür hallarla üzləşən hər bir hərbçi dərhal yuxarı komandalığı, eləcə də ABŞ kəşfiaaytını məlumatlandırmalıdır. Pentaqon hərbi hissələrdə mülki vəzifələrdə çalışan şəxsləri də diqqətli olmağa səsləyib.
Qeyd edək ki, bu, ABŞ-ın Çin kəşfiyyatı ilə bağlı son bir ayda hərbçilərinə ünvanladğı sayca ikinci xəbərdarlıqdır.
Seymur ƏLİYEV