Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi və COPAT dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” komediyasının musiqisinin bir hissəsinin və Azərbaycan musiqi irsinin digər nümunələrinin ermənilər tərəfindən mənimsənilməsi ilə bağlı birgə bəyanat yayıb. Bəyanatda qeyd edilib ki, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” komediyasının musiqisinin bir hissəsi guya erməni bəstəkarı Arno Babacanyanın müəllifi olduğu “Vaqarşabat rəqsi” adı altında “Youtube” platformasında yerləşdirilib. Məlum plagiatlığı qətiyyətlə pisləyən bəyanat müəllifləri Ermənistandan mənimsəmə hallarını aradan qaldırmağı, buna yol verən şəxsləri məsuliyyətə cəlb etməyi tələb edib.
Moderator.az-a açıqlama verən tanınmış qran-pri mükafatçısı, məşhur tarzən Ayaz İmranov Ermənistanın Azərbaycanın mədəni sərvətlərini mənimsəmə cəhdlərini pisləyib, bunun beynəlxalq hüquqla yanaşı, əxlaq və mənəviyyatla da bir araya sığışmadığını qeyd edib:
“Azərbaycan xalqının böyük oğlu, dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” komediyasının musiqisinin bir hissəsinin və Azərbaycan musiqi irsinin digər nümunələrinin ermənilər tərəfindən mənimsənilməsi yolverilməzdir və bu, beynəlxalq qanunlarla yanaşı, əxlaq və mənəviyyatla da ziddiyyət təşkil edir.
Işğal dönəmində Azərbaycanın maddi sərvətlərini talayan Ermənistan, hər zaman olduğu kimi bu gün də xalqımızın mədəni sərvətlərini talamağa, özününküləşdirməyə, öz mədəni kasadlığını bu yolla ört-basdır etməyə cəhd edir. Azərbaycan xalqının zəngin mədəniyyətini mənimsəmək, bu yolla özünü dünyaya mədəni xalq kimi qələmə verməyə çalışan Ermənistan bununla növbəti qanun pozuntusu və mənəviyyatsızlığa yol verir.
Azərbaycanın Ermənistanın mədəni sərvətlərimizi talamaq cəhdləri dövlətimiz təərfindən dəfələrlə ifşa edilib və bundan sonra da qətiyyətlə ifşa ediləcək. Bu baxımdan Mədəniyyət Nazirliyi və COPAT-ın məlum plagiatlıqla bağlı birgə bəyanatını alqışlayıram.
Ermənistanın mədəni sərvətlərimizi mənimsəmək cəhdi mənəvi kasadlığının göstəricisidir. Ermənistan bilməlidir ki, Azərbaycanın mədəni sərvətlərini talamaq, bu sərvətləri mənimsəmək yolu ilə özünü dünyaya mədəni xalq kimi sırımaq cəhdləri iflasa uğrayacaq”.
Seymur ƏLİYEV