Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqunu tutduğu postdan azad edib və onu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edib. Şoyqunun müdafiə naziri vəzifəsindən uzaqlaşdırılması həm Rusiya, həm də dünyada geniş müzakirələrə səbəb olub.
Moderator.az xəbər verir ki, ABŞ hərbi mənbələri Şoyqunun istefası ilə bağlı maraqlı məlumat yayıb. Pentaqon ideoloqlarının məlumatına görə, Şoyqunun müdafiə naziri postundan uzaqlaşdırılmasına səbəb onun iki il öncə Ukraynaya hərbi müdaxilə ilə bağlı Putinə verdiyi təklif olub. Məlumatda iddia olunur ki, məhz Şoyqu Putini Ukraynanın müqavimət göstərmək iqtidarında olmadığı fikrinə inandıra bilib. Lakin iki il davam edən müharibənin hələ də bitməməsi, habelə Rusiyanın bu müharibədə verdiyi böyük itkilər Putinin səbrini tükəndirib. Məhz bu səbəbdən də o, Şoyqunu müdafiə naziri postundan uzaqlaşdırıb.
Ekspetlər hesab edir ki, Putin Şoyqunu yeni sima ilə əvəzləməklə, həm də müharibənin seyrini dəyişmək, müharibəni mümkün qədər qısa zamanda uğurla başa çatdırmaq niyyətindədir.
Seymur ƏLİYEV