2478
23 Apr 2024 | 23:45

"İkinci dünya savaşında dayımın cəsədini kanniballar yeyib" - Bayden

"Mənim ölkəm belə damğaya layiq deyil, yerli sakinlər hər gün partlamayan döyüş sursatlarından həlak olmaq qorxusu ilə yaşayır..."
 
"Papua-Yeni Qvineyanın köməyilə ABŞ-ın yüzlərlə hərbçisinin cəsədləri tanınır və evlərinə qaytarılır..."
 
Papua-Yeni Qvineya baş naziri Baydenin kanniballar tərəfindən dayısının həzm-rabedən keçirilməsi barədə sözlərinə cavab verib
 
Papua-Yeni Qvineya baş naziri Ceyms Marape ABŞ prezidenti Co Baydenin Sakit okeanın ada dövlətinin "kannibalları" tərəfindən ikinci dünya savaşı zamanı dayısının cəsədinin yeyilməsi barədə sözlərini şərh edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" beynəlxalq xəbərlər agentliyi məlumat yayıb.
 
"Baydenin dedikləri, ehtimal ki, ötəri olub, lakin mənim ölkəm belə damğaya layiq deyil", - Marape vurğulayıb.
 
O, xatırladıb ki, Asiya-Sakit okean regionu ikinci dünya savaşı zamanı ağır döyüşlərin baş verdiyi məkan olub.
 
Marapenin sözlərinə görə, cəsəd qalıqları, təyyarə qırıntıları, batan gəmilər, tunellər və bombaları indiyədək Papua-Qvineya və Solomon adalarında aşkar etmək mümkündür. 
 
O, həmçinin qeyd edir ki, yerli sakinlər "hər gün partlamayan döyüş sursatlarından həlak olmaq qorxusu ilə yaşayır".
 
Xatırladaq ki, ötən həftə Pensilvaniyada seçkiöncəki tədbirdə çıxış edən Bayden deyib ki, onun dayısı, ordu aviasiya korpusunun təyyarəçisi Embrouz Finneqan "Yeni Qvineyada vurulub". 
 
"Onun cəsədi hələ də tapılmayıb, çünki ölkənin o hissəsində həqiqətən çoxlu kannibal olub", - Bayden bəyan edib.
 
Yerli ekspertlər ABŞ prezidentinin bu iddialarını əsassız adlandırıb. Üstəlik, bu iddialar ABŞ-ın Papua-Yeni Qvineya ilə əlaqələrini möhkəmləndirməyə və bununla da Çinin Sakit okean regionunda təsirinə qarşı çıxmağa can atdığı zaman səsləndirilib.
 
Amerikanın "NBC-News" telekanalı əmin edir ki, ABŞ-ın hərbi sənədlərində  nə Finneqanın həlak olması, nə vurulan təyyarə, nə də kannibalizm barədə xatırlanmır.
 
Orada deyilir ki, təyyarə naməlum səbəblərdən okeana Yeni Qvineyanın şimal sahilinə düşüb və qəzada həlak olan üç nəfər hələ də tapılmayıb.
 
Bazar ertəsi Ağ Evin rəsmi nümayəndəsi "NBC-News" nəşrinə məlumat verib ki, ABŞ indiyədək "ikinci dünya savaşı zamanı həlak olan amerikalı hərbi qulluqçuların qalıqlarını axtarır və repatriasiya edir".
 
"Papua-Yeni Qvineyanın köməyi sayəsində ABŞ-ın yüzlərlə hərbçisinin cəsədləri tanınıb və evlərinə qaytarılıb", - amerikalı məmur deyib.
Link kopyalandı!
Son xəbərlər