Bundan sonra müasir müharibələrin taleyini zirehli tanklar, uzaqvuran raketlər deyil, arı sürüsünü xatırladan “dron sürüləri” həll edəcək.
Moderator.az xəbər verir ki, söhbət eyni anda havaya qalxan, sayı on və ya yüz deyil, minlərlə hesablanan drondan, onların birgə fəaliyyətindən gedir. Hansı ki, süni intellektlə təchiz edilən bütün bu dronları idarə etmək üçün cəmi bir operator kifayət edəcək.
Hərbi ekspertlər hesab edir ki, hazırda ABŞ və Çin bu istiqamətdə ciddi elmi tədqiqatlar aparmaqda, bu tədqiqatların nəticəsi kimi böyük uğurlar əldə etməkdədir. Belə ki, hər iki dövlətin yaxın gələcəkdə hərbi əməliyyatlarda “dron sürüləri”ni uğurla tətbiq edəcəyi ehtimal olunur. Mütəxəssislər hesab edir ki, minlərlə dronun vahid element halında fəaliyyəti bu hücumu ona məruz qalan ən qüdrətli ordular üçün belə “qarşısıalınmaz və ölümcül” edəcək.
Minlərlə dronun vahid mərkəzdən vahid şəxs tərəfindən idarəsi hərbi ekspertlər arasında fərqli yanaşma və müzakirələrə səbəb olmaqdadır. Bəziləri bunu elmin təntənəsi, süni intellektin uğuru hesab etsə də, baş verənləri əsl kabus kimi dəyərləndirənlər də yox deyil. İkinci qəbildən olan mütəxəssislər hesab edir ki, hərbi elmi sənayenin bu uğuru süni intellektin insanlıq üçün təhlükəyə çevrilə biləcəyi ehtimalının ciddiliyindən xəbər verir.
Seymur ƏLİYEV